Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2474/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Müraciət müəllifi şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Tbilisi (Moskva) prospektində xx.xx.2025-ci il tarixdə özünə məxsus “Toyota Corolla” markalı 77FL424 dövlət qeydiyyat nömrəli minik maşını ilə hərəkətdə olarkən “Formula-1” yarışları ilə əlaqədar şəhərdə sıxlıq olduğundan işıqforların sarı işıqları qoşulmuş və yolayrıcıları YPXnin əməkdaşları tərəfindən tənzimlənirdi. Məhz yol hərəkətini tənzimləyən yol-patrul xidmətinin (YPX) əməkdaşının göstərişi ilə işıqforun qadağanedici işığında keçdiyi üçün digər YPX avtomaşını arxasınca düşüb onu saxlayaraq mübahisələndirdiyi qərarı qəbul edib 100 manat məbləğində cərimə etmişdir. Qeyd edilənləri nəzərə alıb sözügedən qərarın ləğv edilib barəsində olan inzibati tənbeh tədbirinin ləğv edilməsini xahiş edir. Məhkəmə iclaslarında X3 şikayətini müdafiə edərək müraciətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati qaydada qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:10-da idarə etdiyi Tbilisi prospekti, 69b ərazidə işıqforun qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Şikayətdən göründüyü kimi, ərizənin əsasını müraciət müəllifinin inzibati xəta hadisəsini törətməməsi, yolayrıcını keçmə qaydalarını pozmaması, yol hərəkətini tənzimləyən YPX əməkdaşının göstərişi ilə işıqforun qadağanedici işığında keçməsi təşkil edir. X1 “Toyota Corolla” markalı 77FL424 dövlət qeydiyyat nömrəli minik maşını idarə etməsini və işıqforun qadağanedici işığında yolayrıcını keçməsini inkar etməyərək, bu hərəkətini yol hərəkətini tənzimləyən YPX əməkdaşının göstərişi ilə etdiyini bildirir. Məhkəmə verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə göndərilən videomaterialdan aydın olur ki, xx.xx.2025-ci il tarixdə, saat 16:10-da Bakı şəhəri, Tbilisi (Moskva) prospekti, 69b ərazidə işıqforun qadağanedici işarəsi verilərkən “Toyota Corolla” markalı 77FL424 dövlət qeydiyyat nömrəli minik maşınla birgə yolayrıcına yaxınlaşan digər, o cümlədən ondan bir qədər irəlidə olan nəqliyyat vasitələri işıqforun qadağanedici işarəsində dayandıqları halda, sözügedən maşın hərəkətini davam etdirmiş, bu vaxt ümumiyyətlə ətrafda yol hərəkətini tənzimləyən YPX əməkdaşları olmamış, yolayrıcı işıqforla tənzimlənmişdir. X3 videomateriala baxdıqdan sonra bildirmişdir ki, “Toyota Corolla” markalı 77FL424 dövlət qeydiyyat nömrəli minik maşını həqiqətən də onun tərəfindən idarə olunmuş, YPX əməkdaşları həmin yolayrıcında deyil, ümumiyyətlə şəhər üzrə yol hərəkətini tənzimlədikləri üçün zənn etmişdir ki, tıxac yaranmaması üçün inzibati xəta baş verdiyi yolayrıcını da tez keçməlidir. Odur ki, işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin mübahisələndirilən TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və İXM-in 115, 133 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə şikayət və ya protest verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(003)-2474/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2474/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver