Məhkəmə qərarları › İş №3(003)-2475/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2475/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2475/2023 19.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs xx xxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyasının Altay diyarında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fəhlə işləyən, Astara rayonunun Siyəkəran kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X3 nömrəsiz fərdi evdə yaşayan barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikası İXM-nin) 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 19 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* (344) saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs 19 sentyabr 2023-cü il tarixdə saat 11:00 radələrində Binə qəsəbəsində Xəzər RPİ-nin DYP əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verdi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində müfafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 19 sentyabr 2023-cü il tarixdə saat 11:00 radələrində özünə məxsus, etibarnamə ilə idarə etdiyi “VAZ-21011” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda hərəkətdə olarkən DYP əməkdaşı ona yaxınlaşıb avtomobilini saxladaraq qayda pozduğunu bildirmiş, o da ona qayda pozmadığını bildirmişdir. Buna görə aralarında mübahisə yaranmış, həmin vaxt DYP əməkdaşı onunla uca səslə danışmış, ona qarşı kobudluq etmiş, onu söyüb-döymüş, sonra da DYP əməkdaşı və ərazidə xidmət aparan PPXB əməkdaşları yaxınlaşıb onu 3-cü Polis şöbəsinə aparmışlar. O, polis əməkdaşlarını təhqir etməmiş və onlara tabesizlik göstərməmişdir. Heç bir günahı yoxdur, əksinə, özü bu işdə zərərçəkmiş şəxsdir, onu fiziki güc tətbiq etməklə, hədə-qorxu ilə Polis şöbəsinə aparmışlar. Himayəsində üç azyaşlı uşağı vardır. Əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində olan hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin DYPŞ-nin YPX üzrə inspektoru, polis serjantı Seymur Mehdiyev tərəfindən Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisi, polis polkovnikleytenantı Rahid Nağıyevin adına yazılmış Raportdan görünür ki, 19 sentyabr 2023-cü il tarixdə 240-cı çağırışlı yol patrul xidməti avtomobilində xidmət aparan zaman Binə qəsəbəsi Ə.İsazadə küçəsində hərəkətdə olan “VAZ-21011” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkətinin 4.12-ci nişanının tələbini pozaraq digər avtomaşınlar üçün qəza şəraitini yaratdığı tərəfindən aşkar olunaraq “saxla” əmri verilmişdir. Saxlanılan zaman sürücüyə özünü təqdim edərək törətdiyi inzibati xəta pozuntusunu bildirib barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etdiyini söyləmişdir. Yoxlama zamanı müəyyən etmişdir ki, həmin avtomobili idarə edən sürücü xx.xx.19889-cu il təvəllüdü Şəxsdur. Sürücü ilə dialoq vaxtı heç bir kobud davranışa və danışığa yol vermədiyi halda sürücü bilərəkdən onun ünvanına nalayiq ifadələr işlədərək, tabesizlik göstərərək, xidməti zamanı ona hədə-qorxu gələrək ümumilikdə polis orqanının ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman RPİ-nə məruzə edərək hadisə yerinə PPX-nin əməkdaşlarını dəvət etmişdir. Sürücü kömək üçün gələn polis əməkdaşlarına və ona yenə tabesizlik göstərmişdirş Sürücüyə etdiyi davranışına görə Polis şöbəsinə dəvət edildiyini izah etmiş, lakin sürücü yenidən ictimai asayişi pozaraq küçədə nalayiq ifadələr işlətmiş, etik davranış qaydalarından kənar hərəkət edərək Polis şöbəsinə getməyəcəyini bildirmişdir. Ona görə də təlimata uyğun olaraq vətəndaşa fiziki güc tətbiq etmiş və onu 3-cü PŞ-nə gətirmişlər. Əlavə olaraq onu da bildirir ki, sürücünün törətdiyi yol hərəkəti qaydasının pozuntusu barədə inzibati protokol tərtib edilmişdir. Odur ki, sürücü Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşır və belə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakterli olmaqla inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində üç azyaşlı uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq onun Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar