Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-25/2024 23.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında 06 aprel 2023-cü il tarixli MN № ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi Şəxs MMC-nin istehsalat sahələrində tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələndirilməsi normalarının və qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması aşkar edilmiş, bu fakt 06 aprel 2023-cü il tarixli 76075 saylı akt, ərazinin peyk görüntüləri və fotoşəkillərlə təsdiq edilir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ə.Qəhrəmanov) 3(003)-832/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi apellyasiya qaydasında şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1600/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş yenidən baxılması zamanı əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Şəxs istehsalat sahələrində tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələndirilməsi norma və qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması qaydaları pozulmuşdur. Bu səbəbdən də inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də inzibati xəta törədən hüquqi şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərinin yerinə yetirmələrini qiymətləndirilməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsində qeyd edilmişdir ki, “Bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.” Qanunun həmin maddəsinin dispozisiyasından aydın olur ki, istənilən araşdırma və monitorinq yoxlama hesab edilir. Bakı Apellyasiya Məhkəməsinin hakimi tərəfindən qəbul edilmiş qərarda apellyasiya şikayətinin dəlillərinə istinad edərək göstərmişdir ki, 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən Şəxs MMC-nin neft hasilatı sahəsində MMC-nin nümayəndəsi SƏTƏMM və KHX-nin rəisi Şahid4, ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis Gülnar İbrahimovanın və XKEMİ-nin baş mühəndisi Valeh Kərimovun iştirakı ilə monitorinq və araşdırmalar aparılmamışdır. Beləliklə, inzibati orqan apellyasiya şikayətində bilavasitə yoxlama aparmasını etiraf etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, ARDNŞ ilə "xxxx" MMC arasında 14 dekabr 2021-ci il tarixdə Risk Xidməti Sazişi üzrə "xxxx" MMC əməliyyat şirkəti olmuş və həmin saziş 01 iyul 2022-ci il tarixdə qüvvəyə minmişdir. Bu səbəbdən "xxxx" MMC-nin Saziş ərazisi ilə bağlı hər hansı məsuliyyət daşımır. Saziş Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikası Qanunu olur və Sazişdə konkret surətdə başqa cür göstərilmiş hallar istisna edilməklə Azərbaycan Respublikasında müddəaları Sazişə uyğun olmayan və ya zidd olan hər hansı gələcək qanundan, fərmandan, inzibati sərəncamdan üstün tutulur. Həmçinin qeyd edir ki, Saziş üzrə həmin ərazi "xxxx" MMC-yə verildikdən sonra MMC həmin ərazidə hər hansısa bir quyu qazmamışdır. Belə olan halda yaranan şlamların "xxxx" MMC fəaliyyəti nəticəsində yaranmasının sübut edilməsi 11 saylı RETSİ-nin üzərinə düşür. Lakin protokol tərtib edən şəxs bunu sübut edə bilməmişdir. Həmçinin 11 saylı RETSİ-nin nümayəndəsi müvafiq yoxlama aparılmasını həyata keçirmək istəyirsə, bununla bağlı müvafiq orqana müraciət etməli və həmin yoxlama dövlət qeydiyyatına alınmalı və dövlət reyestrindən keçirilməli idi. Lakin bu halların heç biri baş verməmişdir. Bu səbəbdən də hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən, Şəxs barəsində tərtib olunmuş inzibati protokola dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 06 aprel 2023-cü il tarixli 76075 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma və monitorinqlər zamanı Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin balansında olan Xəzər rayonu, Qala qəsəbəsində yerləşən ərazilərin bir hissəsinin "xxxx" MMC-yə verildiyi, 2022-ci ilin ikinci yarımilliyindən etibarən həmin ərazilərin "xxxx" MMC-yə verildiyi müəyyən edilmişdir. Həmin akta əsasən Şəxs MMC tərəfindən istehsalat sahələrində tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələndirilməsi normalarının və qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması aşkar edilmişdir. Bu səbəbdən hüquqi şəxs barəsində müvafiq akt tərtib edilmişdir. Sözügedən akt hüquqi şəxs barəsində inzibati xəta barədə protokolun tərtib edilməsinə əsas olmuş sənədlərin siyahısında göstərilməklə, inzibati xəta haqqında protokola əlavə edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) – yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Göründüyü kimi yuxarıda göstərilən qanunda yoxlamanın anlayışı verilmiş və araşdırma və monitorinq yoxlama tədbiri anlayışının tərkib hissələrindən biri kimi göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 06 aprel 2023-cü il tarixli 76075 saylı akt aparılmış araşdırma və monitorinqin nəticəsində tərtib edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qanunun mənasından göründüyü kimi bütün yoxlamalar vahid məlumat reyestrində qeydə alınmalıdır. Əgər yoxlama qeydiyyata alınmayıbsa onun hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. İş materiallarından göründüyü kimi inzibati orqan tərəfindən keçirilmiş yoxlama (araşdırma və monitorinq) vahid məlumat reyestrində qeydə alınmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilən istisna hallar keçirilmiş yoxlamada (araşdırma və monitorinq) öz əksini tapmamış və əsaslandırlmamışdır. Yəni inzibati orqan tərəfindən Qanunun 2.1-ci maddəsində göstərilən istisna hallardan hansının əsas götürülərək yoxlamanın keçirilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən keçirilmiş yoxlamanın (araşdırma və monitorinq) heç bir hüquqi nəticəsi yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, ARDNŞ-nin 14-2/2-2/2/2024 nömrəli, 07 yanvar 2024-cü il tarixli məktubda göstərilmişdir ki, SOCAR və "xxxx" MMC şirkəti arasında Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu bərpası və işlənməsi ilə əlaqədar Risk Xidmət Sazişi” (“Saziş”) imzalanmışdır. Saziş üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədi ilə 15 noyabr 2021-ci il tarixində Şəxs Əməliyyat şirkəti dövlət qeydiyyatına alınmışdır. Həmçinin Şəxs Əməliyyat şirkəti 01 iyul 2022-ci il tarixində Sazişin qüvvəyə minməsindən sonra fəaliyyətə başlamışdır. “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar” ARDNŞ (SOCAR) ilə "xxxx" MMC arasında 14 dekabr 2021-ci ildə Risk Xidmət Sazişi (bundan sonra Saziş) bağlanmışdır. Həmin Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə 501- VİQ nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Prezidenti tərəfindən 5 aprel 2022-ci il tarixdə imzalanmışdır. Tərəflər arasındakı razılığa əsasən, Saziş 01 iyul 2022-ci il tarixindən qüvvəyə minmişdir. Sazişin 20.4-cü maddəsinə (Qüvvəyə minmə tarixinədək məsuliyyətdən azad etmə) əsasən, X2 minmə tarixinədək SOCAR-ın və ya onun Ortaq şirkətlərinin əsasən şirkətlərinin və ya onların hər hansı sələflərinin həyata keçirdiyi hər hansı əməliyyatları, o cümlədən, lakin bunlarla məhdudlaşmadan, ətraf mühitə ziyan vurulması nəticəsində, baş verən hər hansı xəsarət, ölüm, ziyan və ya məsuliyyət ilə əlaqədar olaraq hər hansı fiziki və ya hüquqi şəxs, o cümlədən, lakin bununla məhdudlaşmadan Hökumət orqanları istənilən Podratçı tərəfə, Əməliyyat şirkətinə və ya onların ortaq şirkətlərinə qarşı hər hansı pretenziyalar, tələblər, iddialar irəli sürüldükdə və ya məhkəmə işi başladıqda SOCAR həmin ziyan, zərər və ya məsuliyyətin hamısı üçün həmin podratçı tərəfi ("xxxx" MMS) və ya onların müvafiq ortaq şirkətlərini (Şəxs MMC) məsuliyyətdən azad edir. Göründüyü kimi Şəxs şirkəti 01 iyul 2022-ci il tarixdən etibarən həmin ərazidə fəaliyyətə başlamışdır. Həmin tarixədək həmin ərazidə Tağıyev adına Neft və Qazçıxarma İdarəsi fəaliyyət göstərmişdir. Həmin idarə ləğv edildikdən sonra sazişin 20.4-cü maddəsinə əsasən (01 iyul 2022-ci il tarixədək) həmin ərazidə ətraf mühitə ziyan vurulması nəticəsində baş verən hər hansı məsuliyyəti SOCAR öz üzərinə götürmüşdür. Bu halda məhkəmə hesab edir ki, Şəxs şirkəti 01 iyul 2022-ci il tarixdən sonrakı müddət ərzində yaranmış hər hansısa hal ilə bağlı məsuliyyət daşıya bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin 15 mart 2023-cü il tarixli məktubundan görünür ki, çirklənmiş ərazi 150.22 ha təşkil edir. İnzibati orqan həmin ərazinin məhz 9 ay ərzində (01 iyul 2022-ci il tarixdən 06 aprel 2023-cü il tarixədək) Şəxs şirkəti tərəfindən çirkləndirildiyini əsaslandırmamışdır. Həmçinin məhkəmə belə böyük ərazinin qısa müddət yəni 9 ay müddətində çirkləndiirlməsini ağlabatan hesab etmir. Məhkəmə həmçinin onu da qeyd edir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahat verməkdən, barəsində aparılan araşdırmada iştirak etməkdən və protokolun nüsxəsini götürməkdən imtina etdiyi göstərilsə də, lakin hüquqi şəxsin nümayəndəsi izahatında onlara heç bir məlumat verilmədiyini, protokolun iştirakları olmadan, buna dair müvafiq izahatları alınmadan və sübutlar təqdim etmələrinə şərait yaradılmadan tərtib edildiyini göstərmişdir. Məhkəmə araşdırılnması zamanı şahid kimi izahatı alınmış Şahid4 qeyd etmişdir ki, o, Şəxsndə “SƏTƏM” üzrə xidmət rəisi vəzifəsində işləyir və 06 aprel 2023-cü tarixdə protokol tərtib olunarkən müəssisəyə baxış keçirilməmişdir. Belə ki, baxış keçirilsəydi, onun bu barədə məlumat olardı. Şahid4 həmçinin qeyd etmişdir ki, onlar orada ümumiyyətlə, qazma işləri aparmamışdırlar. İllər boyu yaranan neft şlamlarıdır. Onlara aidiyyatı yoxdur. Onun işlədiyi müddət ərzində hər hansısa bir neft şlamı əraziyə tökülməmişdir. Yalnız utilizasiya ilə əlaqədar müqaviləyə əsasən 6 ədəd nasos quraşdırılmışdır. Belə ki, həmin nasoslar neftlə birlikdə çıxan suları yenidən utilizasiya və lay təzyiqinin saxlanması və ətrafın çirkləndirilməməsi məqsədilə quyulara vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində göstərilən inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-25/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-25/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver