Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2511/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin 50000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 13 avqust 2021-ci il il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 50000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bu barədə Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şəbəsinin rəisi X3 tərəfindən 28 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında EP № ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 göstərdi ki, MMC-nin 50000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 13 avqust 2021-ci il il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin həmin vaxt pandemiya ilə əlaqədar mal göndərən şəhərə bir neçə ay ərzində ümumiyyətlə giriş olmadığı malların Azərbaycan Respublikasına göndərilməsi tərəflərin iradəsindən asılı olmayan səbəblərə görə gecikmiş, lakin gec də olsa, 05 sentyabr 2023-cü il tarixdə geri qaytarılmışdır. Bununla əlaqədar "xxxx" QSC tərəfindən verilmiş müvafiq sənəd təqdim edilir. Sifariş verdikləri malların geç gəlməsi nəticəsində Şəxs MMC müəyyən məbləğdə ziyan da çəkmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, MMC-nin iradəsindən asılı olmayan obyektiv səbəblərdən müddət azacıq ötürülmüş, lakin daha sonra qeyd olunan hal aradan qaldırılmışdır. Hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və "xxxx" QSC tərəfindən verilmiş müvafiq sənəddən göründüyü kimi, Şəxs MMC tərəfindən ödəniş tapşırığına əsasən bankda olan hesabından 13 avqust 2021-ci il il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 50000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait 05 sentyabr 2023-cü il tarixdə geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında protokolda göstərildiyi kimi, Şəxs MMC 50000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 13 avqust 2021-ci il il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. İnzibati xəta haqqında protokolda ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq 50000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadığı qeyd edilsə də, məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsinin izahatından və təqdim edilmiş sənədlərdən müəyyən edildiyi kimi, şirkətin iradəsindən asılı olmayan obyektiv səbəblərdən 2 (iki) il müddət azacıq ötürülmüş, lakin daha sonra qeyd olunan hal aradan qaldırılmış, 50000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait 05 sentyabr 2023-cü il tarixdə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-2511/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2511/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver