Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2525/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, X1, Borclu Şəxs, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən icra məmuru bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına görə tərtib edilmiş icra sənədinə əsasən Şəxs X1 xeyrinə dəymiş ziyanın məbləği olaraq 8.500 manat və ödənilmiş dövlət rüsumu 30 manat məbləğində vəsait ödənilməlidir. Lakin borclu icra sənədi üzrə borcunu ödəməkdən qəsdən yayınır. Belə ki, ona ünvanlanmış bildirişlərə əhəmiyyət verilməmiş, icra sənədi üzrə heç bir məbləğdə vəsait ödəməmişdir. Bu səbəbdən də, borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda icra məmuru qeyd etmişdir ki, borcluya könüllü icra müddəti barədə tərəfindən göndərilmiş bildirişin rəsmi qaydada çatdırılmasına, borclunun həmin bildirişi və digər sənədləri almasına dair hər hansı sənəd mövcud deyil. Məhkəmə iclasında borclu Şəxs bildirmişdir ki, 2015-ci ilin ortalarından Azərbaycan Respublikası hüdudlarından kənarda olduğunu, təxminən bir ay əvvəl qayıtdığını, məhkəmə qərarı barədə şifahi məlumatı olsa da, icra məmurları tərəfindən ona borcun könüllü icrası barədə bildiriş verilməmişdir. Məhkəmənin qərarının icrasından boyun qaçırmır, icra etməyə hazırdır, bu səbəbdən tələbkarla razılığa gəlib ki, ona məxsus avtomobili borc əvəzi olaraq borcluya versin. Məhkəmə iclasında borclu tələbkar X7 bildirmişdir ki, borclu ilə razılığa gəlib, onu inzibati məsuliyyətə cəlb edərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə razı deyil. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Yuxarıda qeyd edilən qanun normasının məzmunundan göründüyü kimi qanunverici icra məmuruna, borcluya icra sənədində nəzərdə tutulan hərəkətlərin yerinə yetirilməsi üçün icraata başladığı vaxtdan ən çoxu 10 gün müddətində könüllü icra müddəti təyin etdiyi göstərilmişdir. Hazırki iş materiallarından isə müəyyən olunur ki, icra sənədi üzrə icraata başlansa da, borclunun könüllü icra haqqında bildirişi əldə etməsinə, habelə icra sənədindən məlumatlı olmasına dair iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Göründüyü kimi qanunla könüllü icra müddəti bitdikdən sonra icra sənədi üzrə müvafiq tələblərin məcburi qaydada icra edilməsi nəzərdə tutulduğundan, hazırkı halda isə borcluya münasibətdə könüllü icra müddəti bitmədiyindən, bu müddət ərzində borclu barəsində icra sənədinin üzrsüz səbəbdən icra olunmaması ilə bağlı inzibati xəta haqqında protokolun tərtib olunması istisna olunur. Belə ki, qanunverici humanizm prinsipindən çıxış edərək ilkin olaraq borcluya münasibətdə hər hansı məcburetmə vasitələrindən istifadə etmədən onun özünün icra sənədini könüllü qaydada icra etməsi üçün müddət təyin edir və yalnız həmin müddətin sonunda tələb təmin edilmədikdə göstərilən tələblərin məcburi qaydada icra ediləcəyini müəyyən edir. İXM-nin müddəalarına görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin 8.2 və 8.3-cü maddələri). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İXM-nin 76.1-ci maddəsi). Şəxs tərəfindən inzibati xətanı törədilməsi sübuta yetirilmədiyindən inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.2-ci maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXM-nin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən təqdim edilmiş protokol və əlavə edilmiş sənədlərdən, icra işinin materiallarından könüllü icra müddəti barədə göndərilmiş bildirişin borcluya vaxtında rəsmi qaydada çatdırılması, borclunun həmin bildirişi alması, lakin bildirişdə göstərilmiş könüllü icra müddəti bitsə də, icra sənədlərinin icra edilməməsi müəyyən edilmədiyindən inzibati xətanın törədilməsi sübuta yetirilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və İXM-nin 43, 53.2, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən İXM-nin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(003)-2525/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2525/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver