Məhkəmə qərarları › İş №3(003)-2547/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2547/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2547/2025 02.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, X1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Xəzər rayon DYPŞ-nin polis leytenantı X4 iştirakları ilə, Xəzər rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Xəzər rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. İdarə etdiyi **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dairəvi yola daxil olduğu zaman digər istiqamətdə işıqforla tənzimlənən yolla hərəkət edən nəqliyyat vasitəsi onun avtomobilinə çırpılmışdır. Onun müşahidəsinə əsasən hadisənin baş verdiyi anda işıqfor tərəfdə yaşıl işıq yanmırdı, sağ tərəfində digər nəqliyyat vasitəsi olduğundan tam əmin ola bilməyib. İşıqfor tərəfdən gələn nəqliyyat vasitəsi onun avtomobilini vurdu. Hadisə baş verdikdən sonra onun və qarşıdakı nəqliyyat vasitəsində olan sərnişinlərdən heç birində xəsarət alan olmayıb. Hadisə baş verdikdən təqribən 10 dəqiqə sonra digər nəqliyyat vasitəsinin sürücüsü hadisə yerini tərk etdi və bir müddət, 35-40 dəqiqə sonra hadisə yerinə döndü. Bu müddət ərzində özünü təqdim etməyən bir polis əməkdaşı ondan sənədləri istədi və hadisə yerinin və sənədlərin şəklini çəkərək kiməsə göndərdi. Ona təlimat verərək “102”-yə və sığortaya zəng etməməyini bildirdi. Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək şikayətinin təmin olunmasını xahiş etdi və şikayət ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Xəzər rayon DYPŞ-nin inspektoru, polis leytenantı X6 şikayəti qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, şəxs dairəyə daxil olduqdan sonra işıqforun qadağanedici işığında hərəkət etmiş və nəticədə qəza baş vermişdir. Hadisə bütünlüklə təhlükəsizlik kamerasında qeyd edilmişdir. Videogörüntüləri məhkəməyə təqdim etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Xəzər rayon DYPŞ-nin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. - Videogörüntülərə baxış keçirilən zaman müəyyən edildi ki, X2 idarə etdiyi “X9” markalı avtomobil yolayrıcında olan dairəyə daxil olaraq hərəkətini dayandırmadan sola doğru dönmə edir, bu zaman sağ istiqamətdən işıqforun onlar üçün yaşıl işığında hərəkətdə olan avtomobil ilə toqquşur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz; -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -17-ci maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. -76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; -327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görəyüz manat məbləğində cərimə edilir. -135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halları inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan ibarətdir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, şikayətin əsaslığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş (baxmayaraq ki, şikayətçiyə bu barədə məhkəmə tərəfindən şərait yaradılmış), mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Xəzər rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyil. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Xəzər rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar