Məhkəmə qərarları › İş №3(003)-2552/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2552/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2552/2025 03.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Məmmədova Rəqsanə Sulidin qızının katibliyi ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndiriləməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol tərtib edilərək inzibati material ilə birgə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ruhan Adilbəylinin xx.xx.2025-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Şəxs idarə etdiyin “Vaz 2106” markaklı **-CF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zirə qəsəbəsinin içi ilə Pirallahı yolu istiqamətində hərəkət edərək həmin yolun sağ hissəsində yerləşən “Araz” marketə dönmək üçün qırıq- qırıq xəttən sola manevr edərək qarşı zolağa çıxmış və onunla eyni istiqamətdə ötmənin qadağan olmasına baxmayaraq qarşı zolağa çıxaraq 65 km saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxsnun idarə etdiyi “Toyota” markaklı **-QG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Vaz 2106 markalı avtomobilin sol yan hissəsndən vurmuş və adarəetməni itirərək yol kənarındakı beton büstə dəyərək xəsarət almaqla maddi ziyan vurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xəzər rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Xəzər RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyevin xx.xx.2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin tərkib əlamətləri olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materialların Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ vasitəsilə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 810 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs sol bazunun, sol saidin, sol dizin sıyrıqları, sol dirsıyin əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddətləri Azərbaycan Tibb Universitetinin X2” na müraciətindən az əvvəl olmaqla qərarda göstərilən 05 avqust 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənməli istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər; Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Həmin Qanunun 3.2.16-cı maddəsinə əsasən “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 6.2.1-ci maddəsinə əsasən “Yol hərəkəti sahəsində fiziki şəxslərin yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək vəzifəsi vardır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin məhkəmə iclasında vermiş olduğu izahatından müəyyən edilmişdir ki, xx.xx.2025-cı il tarixdə saat 21 radələrində Şəxs idarə etdiyin “Vaz 2106” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zirə qəsəbəsinin içi ilə Pirallahı yolu istiqamətində hərəkət edərək həmin yolun sağ hissəsində yerləşən “Araz” marketə dönmək üçün qırıq-qırıq xətdən sola manevr edərək qarşı zolağa çıxmış və onunla eyni istiqamətdə ötmənin qadağan olmasına baxmayaraq qarşı zolağa çıxaraq 65 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota markaklı **-QG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Vaz 2106 markalı avtomobilin sol yan hissəsindən vurmuş və idarə etməni itirərək yol kənarındakı beton üstə dəyərək maddi ziyan vurmuş və Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almalarına səbəb olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən “Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması məsuliyyəti yüngülləşdirən hal hesab edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, törətdiyi xətanı etiraf edərək səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar