Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-2586/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Etibar Guliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, müəyyən etdi: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsi tərəfindən Etibar Guliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokol və toplanmış material baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Azərbaycan Respublikası İXM-nin 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Habelə, Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş materiallarına isə Guliyev Etibar XXX oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 18 mart 2023-cü il tarixli, EQ seriyalı, 13569368 nömrəli elektron qərarla tətbiq edilmiş cəriməni 03 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcəyinə dair bildirişin E.Guliyevə qanunvericilikdə nəzərdə tutulmuş qaydada göndərilməklə, sonuncunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə lazımi qaydada məlumatlandırılmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 127-ci maddəsinin dispozisiyasından da göründüyü kimi qanunvericilik səlahiyyətli şəxsə, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan, onun barəsində inzibati xəta haqqında protokol tərtib etmək və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərmək səlahiyyətini, yalnız inzibati xətanı törətmiş şəxsin lazımi qaydada məlumatlandırıldığı halda verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materiallarda isə inzibati cərimə tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 02 ay müddətində inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə vəzifəli şəxs tərəfindən hər hansı qərarın qəbul edilməsi barədə heç bir məlumat və ya sənəd aşkar olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.3 və 122.3.1-ci maddələrinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Lakin iş materiallarında olan 18 mart 2023-cü il tarixli, EQ seriyalı, 13569368 nömrəli elektron qərardan Guliyev Etibarın 18 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı “CHEVROLET MALİBU” minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi qeyd olunsa da, həmin qərara sözügedən inzibati xətanın “CHEVROLET MALİBU” minik markalı, ** ZU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən törədildiyini müəyyən edən, yəni inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto material əlavə olunmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qanunvericiliyin tələblərinə əsasən rəsmi qaydada məlumat verilmədən, ona Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinin tələbləri izah olunmadan, ödənilməmiş inzibati cəriməyə görə hesablanmış dəbbə pulunun miqdarı bildirilmədən, habelə 18 mart 2023-cü il tarixli, EQ seriyalı, 13569368 nömrəli elektron qərarla və ona əlavə edilmiş inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto materialların olmaması qeyri-müəyyənliklə E.Guliyevin barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığını göstərir və Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərinə və inzibati tənbehin məqsədlərinə uyğun gəlmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar düzgün tərtib olunmadığına və natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Guliyev Etibar tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 23 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və protokola əlavə edilmiş sənədlər Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2586/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-2586/2023
28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver