Məhkəmə qərarları › İş №3(003)-2612/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2612/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2612/2025 16.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal edilən “diri iribuynuzlu heyvanlar” yükünün daşınması üçün istifadə olunan “Volvo FH 500” markalı, “77VU192/99YJ192” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin texniki sənədlərində yüksüz kütlə göstəricisinin nəqliyyat vasitəsinin faktiki çəkisindən 5373 kq artıq göstərilməsi və həmin nəqliyyat vasitəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda quraşdırılmış tərəzi qurğusunda çəkilməsi zamanı onun faktiki çəkisinin 18060 kq təşkil etdiyi halda, sənədlərdə yüksüz kütləsinin 23433 kq kimi qeyd edilmiş və bununla da 10.042,74 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Buna görə də Şəxs MMC barəsində 20 noyabr 2025-ci il tarixli 10000-00127/25 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Dövlət Gömrük Komitəsinin nümayəndəsi protokolu tərtib etmiş X1 protokolu müdafiə edərək protokolda qeyd olunanlara uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-ə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında 104190 nömrəli qaimədən görünür ki, xx.xx.2025-ci il tarixdə **-VU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin net çəkisi 18060 kq təşkil edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 77VU192 qeydiyyat nişanlı, “Volvo” markalı, yəhərli dartıcı tipli nəqliyyat vasitəsinin yüksüz kütləsi 8233 kq-dır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, 99YJ192 qeydiyyat nişanlı, “KOEGEL” markalı, furqon tentli mal-qara daşıyan tipli nəqliyyat vasitəsinin yüksüz kütləsi 15200 kq-dır. İş materiallarında olan DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Cəfər Xəlilzadə tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Volvo FH500” markalı, “77VU192/99YJ192” qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 2025-ci il ərzində Şəxs MMC-nin, "xxxx" MMCnin və "xxxx" MMC-nin ünvanına diri iribuynuzlu heyvanların idxalı həyata keçirilmişdir. İş materiallarında olan Gömrük xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sisteminin Malın çatdırılması və boşaldılması bölməsindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə 99YJ192 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs MMC-nin ünvanına diri iribuynuzlu heyvanların idxalı həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş Daxilolmalara Nəzarət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli xidməti qeydinə əlavə olunmuş siyahıdan görünür ki, Şəxs MMC-nin ünvanına **********9794 və **********0518 sorğu nömrəli gömrük bəyannamələri ilə diri iribuynuzlu heyvanların idxalı nəticəsində dövlət büdcəsindən yayındırılmış gömrük ödənişlərinin məbləği 10.042,74 manat təşkil etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Şəxs MMC-yə həmin maddənin sanksiyası həddində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğdə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 10.042,74 manat gömrük ödənişlərinin məbləğinin yetmiş faizi məbləğində, yəni 7.029,91 (yeddi min iyirmi doqquz manat doxsan bir qəpik) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar