Məhkəmə qərarları › İş №3(003)-2614/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2614/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2614/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: X1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Müraciətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəmdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 198.1.1 və 199-cu maddələrinə əsasən "İnzibati tənbeh vermə haqqında” 06 noyabr 2025ci il tarixli MN No ******* saylı qərar qəbul edilmişdir. Qərar ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin əməkdaşı X2 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiqi zamanı müəyyən edilmişdir ki, guya mənim tərəfimdən iş yerində əməyin təhlükəsizliyi qaydaları pozulmuş, sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilməmişdir. Bununla əlaqədar olaraq, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati orqanın (vəzifəli şəxsin) bu qərarı qanunsuz və əsassız olmuş, həmçinin İXM 34.3, 34.4 və 38.1-ci maddələrinə zidd olmuşdur. Belə ki, X7 xx.xx.2023-cü il tarixindən işə qəbul edilməklə, "xxxx" MMC-də operator vəzifəsində işləmişdir. İşçi ilə əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada rəsmiləşdirilmiş, həmçinin “Paşa Həyat Sığorta" ilə bağlanmış icbari sığorta müqaviləsinə əsasən istehsalatda bədbəxt hadisələrdən sığorta olunmuşdur. İşlədiyi müddətdə S.Rəcəbova qanunvericiliyin tələblərinə uyğun olaraq əməyin təhlükəsizliyi qaydaları ilə bağlı bütün zəruri təlimlər keçilmişdir. Saday Rəcəbov xx.xx.2024-cü il tarixdə əməyin təhlükəsizliyi normalarını kobud şəkildə pozaraq avadanlıqla davranış qaydalarına əməl etməmiş (bu kamera görüntülərindən açıq-aşkar müəyyən edilə bilir), nəticədə istehsalat qəzası baş vermiş və o yüngül dərəcədə, yəni əmək qabiliyyətinin itirilməsinə və əlilliyə səbəb olmayan xəsarət almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “c” bəndi ilə) əməyin təhlükəsizliyi normalarına əməl etmək;" işçinin əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir. İddiaçı bu vəzifəsinə əməl etməmiş, ona verilən əməyin təhlükəsizliyi təlimatlarını açıq-aşkar pozaraq istehsalat qəzasının baş verməsinə şərait yaratmışdır. Saday Rəcəbovun bütün müalicə xərcləri, həmçinin müalicə dövrü ilə əlaqədar əlavə xərcləri "xxxx" MMC tərəfindən ödənilmişdir. Eyni zamanda, müalicə dövründən sonra da o, işə gəlməməsinə, xəstəlik vərəqəsində olmamasına baxmayaraq əməkhaqqı tam şəkildə ödənilmişdir. Lakin buna baxmayaraq, Saday Rəcəbov qəfildən müəssisəyə ərizə ilə müraciət edərək 100 000 manat kompensasiya verilməsini tələb etmiş, onun bu tələbinin qanuna zidd olduğu izah edilmişdir. Bundan soonra Saday Rəcəbov Cəmiyyət barədə əksər hallarda böhtan dolu məlumatları da özündə əks etdirən ərizələrlə müxtəlif dövlət orqanlarına müraciət etməyə başlamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin Saday Rəcəbovun müraciətinə əsasən başlatdığı araşdırma çərçivəsində həmin İdarənin 13 iyun 2025-ci il tarixli sorğusuna cavab olaraq X2 əmək müqaviləsinin surəti, iş vaxtının uçotu tabelindən çıxarış (2024-cü ilin noyabr ayı üzrə), əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisin işə qəbul zamanı və sex rəisinin rüblük olaraq keçirdiyi təlimatların surəti, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmişdir. X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən aparılan araşdırmanın nəticəsi olaraq, barəsində İXM-nin 555.1-ci maddəsi (İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə) ilə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərar qəbul edilib 1000 (bir min) manat cərimə edilmişdir. Daha sonra isə barəsində hazırki qanunsuz və əsassız qərar qəbul edilmişdir. Rəhbəri olduğu "xxxx" MMC-də əməyin təhlükəsizliyi qaydaları yüksək səviyyədə təmin edilmişdir və işçilərə əməyin təhlükəsizliyi ilə bağlı təlimlər də vaxtlı-vaxtında verilmişdir. Bunu X9 Xidmətinə təqdim edilən sənədlər də təsdiq edir. Baş vermiş hadisə Saday Rəcəbovun özünün təqsirindən, yəni əməyin təhlükəsizliyi üzrə ona verilən təlimatlara əməl etməməsi və kənara çıxması nəticəsində baş vemişdir. Bunu da idarəyə təqdim edilmiş sənədlər və videogörüntü, həmçinin Saday Rəcəbovun müraciəti əsasında Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda aparılmış araşdırma da təsdiq etmişdir. İXM-nin 34.3-cü maddəsinə əsasən, "Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər". Məcəllənin 34.4-cü maddəsində göstərilir ki, “Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz”. Yuxarıda da qeyd edildiyi kimi, Saday Rəcəbovun müraciətinə əsasən, DƏMX-in Bakı ərazi İdarəsi tərəfindən araşdırma aparılmışdır və belə olan halda vəzifəli şəxs kimi barəsində vahid qərar qəbul edilməli idi və daha ciddi inzibati tənbeh haqqında artıq qəbul edilmiş qərarla hazırki Qərarda göstərilən inzibati xətaya görə (baş vermiş olsaydı) tənbeh əhatə edilməli idi. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi ki, DƏMX-in Bakı ərazi İdarəsi tərəfindən Saday Rəcəbovun müraciətinə əsasən araşdırma 2025-ci ilin iyun ayının əvvəlində başlamışdır və bunu idarənin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu da təsdiq edir. Həmçinin iddia edilən pozuntu xx.xx.2024-cü il tarixdə baş vermişdir. Bu da o deməkdir ki, inzibati tənbehvermə haqqında qərar qəbul edilərkən İXMnin 38.1-ci maddəsinin tələbləri də pozulmuşdur. Ən mühümü isə, rəhbərlik etdiyi müəssisədə əməyin təhlükəsizliyi qaydalarına yüksək səviyyədə əməl edilmiş, sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2.-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəmdə qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 198.1.1 və 199-cu maddəsinə əsasən "İnzibati tənbeh vermə haqqında" 06 noyabr 2025-ci il tarixli MN ******* saylı Qərarı qanunsuz və əsassız olmuşdur və ləğv edilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 müraciətinə uyğun çıxış edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş İXM-nin 198.1.1 və 199cu maddəsinə əsasən "İnzibati tənbeh vermə haqqında" 06 noyabr 2025-ci il tarixli Qərarın nömrəsini texniki səhv olaraq MN ******* saylı kimi qeyd etdiyini vurğulayıb həmin qərarın nömrəsinin MN ******* deyil, MN ******* kimi qəbul edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda Anar Aslanov bildirmişdir ki, X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində İXM-nin 555.1-ci maddəsi ilə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərarı mübahisələndirmir, bu qərar əsasında 1000 (bir min) manat cərimə tərəfindən ödənilmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs "xxxx" MMC-nin direktoru X10 tərəfindən verilmiş şikayət ərizəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, bədbəxt hadisə xx.xx.2024-cü il tarixdə saat 15:20 radələrində X2 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Cəmiyyətə məxsus şüşə sexində yük qaldırcı krandan istifadə edərkən, sağ ayağının yük qaldırıcı telferin alt hissəsində qalması nəticəsində baş vermişdir. Təhqiqat zamanı alınmış izahatlardan və toplanmış sənədlərdən məlum olmuşdur ki, Cəmiyyətin sex rəisi X3 tərəfindən işlərin icrası zamanı heyətə nəzarətin həyata keçirildiyi, lakin Cəmiyyətin işçisi X2 öz əmək funksiyalarının icrası ilə məşğul olan zaman ərazidə nəzarəti həyata keçirmədiyi, bununla əlaqədar olaraq icra intizamının pozulduğu və E.Məhərrəmovun tərəfindən işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarətin təşkilinin təmin edilmədiyi məlum olmuşdur. Həmçinin təhqiqat zamanı təqdim edilmiş şəkil, video görüntüdən hadisənin baş verdiyi tarixdə işəgötürən tərəfindən qaldırcı kranda qoruyucu çəpərlənmə işlərinin aparılmadığı, hadisədən sonra qeyd olunan qaldırıcı kranda qoruyucu çəpərlənmə işlərinin aparıldığı məlum olmuşdur. Zərər çəkənin yerinə yetirdiyi iş, proses zamanı mövcud təsir risklər qiymətləndirilməmiş, düzgün şəkildə proses təşkil edilməmiş və zərər çəkənin sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl edilməklə işlərin yerinə yetirilməsinə nəzarət edilməmiş, sağlam və təhlükəsiz əmək şəraitində işləməsi təmin edilməmişdir, bununla da onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) 1-ci hissəsinin (əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini), 2-ci hissəsinin (binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini), 222-ci maddənin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz Əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir) tələbləri pozulmuşdur. Beləliklə, bədbəxt hadisənin baş vermə səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və İşəgötürənlərin vəzifələri) 1-ci hissəsinin (əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini), 2-ci hissəsinin (binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini), 222-ci maddənin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahǝpe baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir) tələblərinə riayət edilməməsi olmuşdur. Həmçinin, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx.xx.2025-ci il tarixli təhqiqat aktının 6.3-cü hissəsinə əsasən “Bədbəxt hadisənin baş verməsində təhqiqat aktı”nın 4-cü bölməsinin 4.3-cü bəndinə əsasən "xxxx" MMC-nin direktoru X4 cavabdehliyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin şikayətində qeyd etdiyi müddətin keçməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədildiyi üçün onun barəsində İXM-nin 555.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ondan şikayət verilmədiyi üçün qərar qanuni qüvvəsini almışdır. Göründüyü kimi, işəgötürən DƏMX-nə məlumat vermədiyi üçün bədbəxt hadisənin təhqiqatı xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək aparılmış və xx.xx.2025-ci il tarixində qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən şikayətçi X10 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin (DƏMX) Bakı şəhər İdarəsi tərəfindən İXM-nin 198.1.1-ci və 199-cu maddələri ilə bağlı qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Müraciətlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. X4 istər ərizəsindən, istərsə də məhkəmə zamanı çıxışından müəyyən edilir ki, o, X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində İXM-nin 555.1-ci maddəsi ilə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərarı ilə razıdır, mübahisələndirdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin (DƏMX) Bakı şəhər İdarəsi tərəfindən İXM-nin 198.1.1-ci və 199-cu maddələri ilə bağlı qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardır. Müraciət müəllifi həmin maddələrlə həm inzibati xəta hadisəsi, həm də bu maddələr üzrə əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etməklə yanaşı, İXM-nin 34.4-cü maddəsinə istinad edib (şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz) vəzifəli şəxs kimi barəsində İXM-nin 555.1, 198.1.1 və 199-cu maddələri ilə inzibati orqan tərəfindən vahid qərar qəbul edilməli olmasını qeyd etmişdir. Eyni zamanda X10 İXM-nin 198.1.1 və 199-cu maddələri ilə cəza təyin edilərkən daha ciddi inzibati tənbeh haqqında barəsində artıq qəbul edilmiş qərarla (İXM-nin 555.1-ci mad.) hazırki Qərarda göstərilən inzibati xətaya görə (baş vermiş olsaydı) tənbehin əhatə edilməli olduğunu da vurğulamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:20 radələrində "xxxx" MMC-də operator vəzifəsində işləyən X7 Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "xxxx" MMC-yə məxsus şüşə sexində qanunsuz quraşdırılmış yük qaldırcı krandan (liftdən) istifadə edərkən, sağ ayağının yük qaldırıcı telferin alt hissəsində qalması nəticəsində xəsarət almışdır. İlk öncə "xxxx" MMC-nin direktoru X4 əməlində İXM-nin 198.1.1 və 199-cu maddələrin tərkib əlamətlərinin mövcudluğuna qiymət verən məhkəmə hesab edir ki, təhqiqat zamanı alınmış izahatlardan və toplanmış sənədlərdən göründüyü kimi, hadisənin baş verdiyi tarixdə işəgötürən tərəfindən qaldırcı kranda qoruyucu çəpərlənmə işlərinin aparılmadığı, hadisədən sonra qeyd olunan qaldırıcı kranda qoruyucu çəpərlənmə işlərinin aparıldığı məlum olmuşdur. Zərər çəkənin yerinə yetirdiyi iş zamanı mövcud təsir risklər qiymətləndirilməmiş, düzgün şəkildə proses təşkil edilməmiş və zərər çəkənin sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizəsi qaydalarına və normalarına əməl edilməklə işlərin yerinə yetirilməsinə nəzarət edilməmiş, sağlam və təhlükəsiz əmək şəraitində işləməsi təmin edilməmişdir, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) 1-ci hissəsinin (əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini), 2-ci hissəsinin (binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini), 222-ci maddənin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz Əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir) tələbləri pozulmuşdur. Bədbəxt hadisənin baş vermə səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və İşəgötürənlərin vəzifələri) 1ci hissəsinin (əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini), 2-ci hissəsinin (binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini), 222-ci maddənin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahǝpe baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir) tələblərinə riayət edilməməsi olmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx.xx.2025-ci il tarixli təhqiqat aktının 6.3-cü hissəsinə əsasən “Bədbəxt hadisənin baş verməsində təhqiqat aktı”nın 4-cü bölməsinin 4.3-cü bəndinə əsasən "xxxx" MMC-nin direktoru X4 cavabdehliyi müəyyən edilmişdir. Toplanmış materiallarla hüquqi şəxsin direktoru X4 əməlində İXM-nin 198.1.1 və 199cu maddələrinin tərkib əlamətlərinin mövcudluğu sübuta yetirildiyindən, məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin qəbul etdiyi MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə razılaşıb həmin qərarı əsaslı hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin şikayətində qeyd etdiyi digər məsələ isə vəzifəli şəxs kimi barəsində İXM-nin 555.1, 198.1.1 və 199-cu maddələri ilə inzibati orqan tərəfindən vahid qərar qəbul edilməli olması qeyd edilmişdir ki, bununla bağlı məhkəmə hesab edir ki, bədbəxt hadisənin baş vermə faktı işəgötürən tərəfindən gizlədildiyi üçün onun barəsində xx.xx.2025-ci il tarixdə İXM-nin 555.1-ci maddəsi ilə özü tərəfindən mübahisələndirilməyən inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar qəbul olunmuş, bu qərar qəbul edildikdən sonra zəruri araşdırma aparılmaqla X4 əməlində İXM-nin 198.1.1 və 199-cu maddələrinin tərkib əlamətləri aşkar edildiyi üçün Anar Aslanovun barəsində hazırda mübahisələndirilən MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X15 vəzifəli şəxs olmaqla istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktını gizlətdiyinə görə inzibati məsuliyyətə alınarkən onun tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması, eləcə də işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin etməməsi kimi əməllərinin olub-olmaması ilə bağlı zəruri araşdırma aparılırdı, İXM-nin 555.1-ci maddəsi ilə inzibati məsuliyyətə alındıqdan 18 gün sonra araşdırma başa çatdırılaraq İXM-nin 198.1.1 və 199-cu maddələri ilə nəzərdə tutulmuş əməlləri sübuta yetirildiyindən Anar Aslanov həmin maddələrlə də inzibati məsuliyyətə cəlb edilmişdir. Biz sözlə, X4 vəzifəli şəxs kimi barəsində İXM-nin 555.1, 198.1.1 və 199-cu maddələri ilə inzibati orqan tərəfindən bir icraatda araşdırma aparıb İXM-nin 34.4-cü maddəsinə əsasən vahid tənbeh tədbirinin tətbiq edilməsi, eləcə də İXM-nin 198.1.1 və 199-cu maddələri ilə ona tənbeh təyin edilərkən daha ciddi inzibati tənbeh haqqında barəsində artıq qəbul edilmiş qərarla (İXM-nin 555.1-ci mad.) mübahisələndirilən qərarda göstərilən inzibati xətaya görə tənbehin əhatə olunması inzibati xətalar qanunvericiliyinin, onun vəzifələri və prinsiplərinə uyğun olmamışdır. Məhkəmənin bu qənaəti “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarı baxımından da əsaslıdır. İXM-nin müddəalarına əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır (İXM-nin 9.1-ci maddəsi). Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İXM-nin 31.2-ci maddəsi). İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər (İXM-nin 32.2-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin X8 İXM-nin 198.1.1 və 199-cu maddələri ilə inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından X10 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, inzibati orqan vəzifəli şəxsin barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, təqsirinin dərəcəsini və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cəriməni tətbiq etmişdir ki, bu da öz növbəsində İXM-in 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Şərh olunanlara əsasən və İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X10 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin X8 İXM-nin 198.1.1 və 199-cu maddələri ilə inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar