Məhkəmə qərarları › İş №3(003)-2619/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2619/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2619/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə protokol tərtib edilərək inzibati xəta haqqında işə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz küçəsi ərazisində istifadəsində olan “X3” yük markalı **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun kənarında saxladıqdan sonra avtomobildən enərək mağazanın kənarında telefonla danışmışdır. Bu müddət ərzində tanımadığı şəxs videogörüntüdə görünən qurğunu (avtomobilin parklanmaması üçün nəzərdə tutulan əşyanı) avtomobilin dövlət qeydiyyat nişanının ön hissəsinə qoymuşdur. Özü isə daha sonra həmin qurğunu kənarlaşdırmaqla avtomobilə daxil olaraq həmin yerdən uzaqlaşmışdır. O qeydiyyat nömrəsini məhdudlaşdırmadığı, heç bir xəta törətmədiyi halda onun barəsində protokol tərtib edilmişdir. Avtobusu yolun ikinci hissəsində saxlamaqda özünü təqsirli bilir, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə özünü təqsirli bilmir. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə özünü təqsirli bilməyərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, inzibati xəta haqqına protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, inzibati xəta haqqında işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhər Xəzər Polis İdarəsinin DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis baş serjantı X1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-da idarə etdiyi “X3” yük markalı **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdıran qurğudan istifadə etməklə inzibati xətaya yol vermişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 342.9-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş foto və CD diskdə olan videogörüntülərdən görünür ki, “X3” yük markalı avtomobilin ön hissəsindəki dövlət qeydiyyat nişanının görüntüsünü məhdudlaşdıran qurğu (əşya) başqa şəxs tərəfindən dövlət qeydiyyat nişanının, avtomobilin qarşısına yerləşdirilmişdir. Belə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-da idarə etdiyi “X3” yük markalı **- EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz küçəsi ərazisində yolun kənarında saxlayaraq avtomobilindən uzaqlaşmışdır. Təqdim olunmuş videogörüntüdən də göründüyü kimi, avtomobilin ön tərəfdən dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdıran qurğu Şəxs tərəfindən deyil, şəxsiyyəti müəyyən edilməyən digər şəxs tərəfindən qoyulmuşdur. Bununla da müəyyən olunur ki, tərtib edilmiş protokol əsassızdır və Şəxs təqsiri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinib inzibati tənbeh edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tərkib əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar