Məhkəmə qərarları › İş №3(003)-262/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-262/2022

21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-262/2022 21.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Şəxs (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 505-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “X1 CO. Limited” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına ***-*******4 saylı aviaqaimə əsasında göndərilən 05.01.2022-ci il tarixli **********1512 sorğu nömrəli gömrük bəyannaməsi əsasında netto çəkisi 400 kq, 1000 ədəd invoys dəyəri 16000 ABŞ dolları dəyərində “Router, modem HS8545M5” adlı yük kimi sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında bəyan edilən yük nəzarətə götürülmüşdür. Yoxlama zamanı “Router modem HS8545M5” adı ilə və **********1512 saylı gömrük bəyannaməsi ilə bəyan edilmiş yükün içərisindən 1000 ədəd “Router modem HGS8546M” adlı yük aşkar olunmuşdur. Yoxlama başa çatdıqdan sonra aşkar olunan əşyalar qablaşdırılaraq yükə aid sənədlərlə birlikdə protokol əsasında götürülmüşdür. İnzibati xəta haqqında işə baxılarkən Şəxs MMC tərəfindən eyni inzibati xətanın 1 bir il ərzində təkrar törədilməsi müəyyən edilmişdir. İş üzrə hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs MMC tərəfindən eyni inzibati xətanın 1 (bir) il ərzində təkrar törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. 12.01.2020-ci il tarixdə qeyd olunan əşyalarla bağlı əmtəəşünaslıq ekspertizası təyin olunmuş və 1900-013/001-22/000116 saylı məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 09.02.2022-ci il tarixli 9/373 saylı ekspert rəyinə əsasən təhqiqata təqdim edilən “HG8546M” markalı router modemin 10.01.2022-ci il tarixinə gömrük xərcləri nəzərə alınmaqla 1 ədədinin orta bazar qiyməti təxminən 63,0 manat 1000 ədədinin qiyməti isə 63000,0 manat müəyyən edilmişdir. Qeyd olunan malların gömrük dəyərini və gömrük ödənişlərini müəyyən etmək üçün Gömrük Prosedurları və Ödənişləri şöbəsinə raportla müraciət olunmuşdur. Gömrük Prosedurları və Ödənişləri şöbəsinin daxil olmuş raportunda göstərilmişdir ki, bazar qiyməti 63000,00 manat dəyərində olan “HGS8546M” markalı router modemin gömrük dəyəri 38688,28 manat təşkil edir və həmin mallar üçün ödəniləcək gömrük ödənişləri aşağıdakı kimidir: Əməliyyat haqqı: 38688,28 – 120,00 manat İdxal rüsumu: 38688,28 * 15% 5803,24 manat ƏDV: 44611.52 * 18% 8030,07 manat Cəmi: 13953,31 manat **********1512 sorğu nömrəli gömrük bəyannaməsi üzrə yaranmış gömrük borcunun 9887.4 manat hissəsi ödənilmiş, 4065,91 manat hissəsi ödənilməmişdir. Bu barədə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2 tərəfindən 11 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd:

1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə müəyyən olundu ki, Şəxs MMC-nin tərəfindən mallar üçün ödəniləcək gömrük ödənişləri cəmi 13953,31 manat təşkil etmiş, həmin ödənişdən 9887,40 manat hissəsi ödənilmiş, 4065,91 manat hissəsi ödənilməmişdir. Göründüyü kimi, Şəxs MMC-nin tərəfindən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayındığından Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinin tələbi pozulmuşdur. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MMC-nin barəsində gömrük borcunun ödənilməmiş olan 4065,91 (dörd min altmış beş, doxsan bir) manat hissəsinin 70 (yetmiş) faizi məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 53,105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və gömrük borcunun ödənilməmiş olan 4065,91 (dörd min altmış beş, doxsan bir) manat hissəsinin 70 (yetmiş) faizi, yəni 2846,14 (iki min səkkiz yüz qırx altı, on dörd) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar