Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2644/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, "xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 295.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ "xxxx" QSC barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən 18 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 14 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən aparılmış audit yoxlaması nəticəsində hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsziliyinin təmin edilməməsi faktı müəyyən edilmişdir. Bununla da "xxxx" QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 295.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə1 Hökümət oğlu ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təmsil etdiyi hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilmsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və ya işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 295.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən aparılmış audit yoxlaması nəticəsində hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsziliyinin təmin edilməməsi faktı müəyyən edilmişdir. Belə ki, yoxlama zamanı Bakı-İstanbul J29015 saylı reysində uçuşa hazırlıq zamanı hava gəmisinin ekipaj üzvləri uçuş tapşırığını və ya baş bəyannaməsini və şəxsiyyətini təsdiq edən sənədləri hava gəmisinə daxil olarkən trapda xidmət aparan aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşına təqdim etməli olduğu halda yoxlama zamanı hava gəmisinin ekipaj üzvlərinin uçuş heyəti vəsiqələrinin deyil, fərdi buraxılış vəsiqələrini təqdim etmələri müşayət edilmişdir. Bundan əlavə yoxlama zamanı uçuş heyəti vəsiqələri ilə baş bəyannamənin uyğunluğu yoxlanılmamışdır. Uçuş qabağı yoxlama yoxlama vərəqəsinə əsasən həyata keçirilməmişdir. Hava gəmisinə gətirilən bort ehtiyatlarının plombları yoxlanılarkən konteynerlərdən birinin plombunun siyahıya uyğun olmadığı aşkarlanmışdır. Müvafiq uyğunsuzluğu baş bələdçi aşkar edə bilməmişdir. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin tənzimlənməsı, eyni zamanda belə təhlükəsizliyin təmin edilməsinə, uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin, onun yerüstü vasitələrinin və xidmətlərinin müvafiq beynəlxalq standartlara və tövsiyə olunan beynəlxalq təcrübəyə (beynəlxalq tələblərə) uyğunluğuna nəzarətin həyata keçirilməsi dövlətin vəzifələrindəndir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 295.2-ci maddəsinə əsasən “Hava gəmisinin istismarçısı tərəfindən hava gəmilərinin təhlükəsizliyinin təmin edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” "xxxx" QSC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 295.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ "xxxx" QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 295.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-2644/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2644/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver