Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2649/2023 13.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq, protokolu tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli, 10000-00092/23 saylı protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinın İstintaq və təhqiqat idarəsinin İstintaq şöbəsinin icraatında olan 3-33/1-038920/2023 nömrəli material üzrə 20 sentyabr 2023-cü il tarixdə qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə Azərbaycan Respublikasının vətəndaşı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan materiallar ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. 3-33/1-038929/2023 nömrəli materialdan ayrılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs 2023-cü ilin iyul ayında Rusiya Federasiyasının “Soçi” hava limanında olduğu zaman, orada tanımadığı şəxs tərəfindən ona verilmiş 1 ədəd iri həcmli ağ rəngli sellofan paketdə olan az miqdarda, yəni ümumilikdə 1240 manat dəyərində 160 qutu “Sobranie London” və 80 qutu “Marlboro double mix” markalı siqaretləri 13 iyul 2023-cü il tarixdə saat 19 radələrində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən “Terminal-1 X1” gömrük postunda gömrük oqranına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. İş üzrə materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il 3-16-16/2-7/1040-9/5530 nömrəli tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının aksiz markası olmayan 80 qutu “Marlboro double mix” və 160 qutu “SobraniLondon” markalı tütün məmulatları (siqaretlər) tütünün nəmliyi, tütünün içərisində olan tozun kütləsi, istifadəyə yararlılıq müddəti baxımından DÜİST-3935-2000 standartına uyğundur və həmin siqaretlərin xx.xx.2023-cü il tarixə olan ümumilikdə orta bazar qiyməti təxminən 1240 manat müəyyən edilir. Həmçinin ekspert rəyində qeyd olunur ki, 6 qutu Marlboro double mix” və 12 qutu “Sobranie London” markalı siqaretlər ekspertiza tədqiqatına sərf edilmişdir. İş materiallarda olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin “malların anbara qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli 145S/2023 nömrəli aktından görünür ki, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 74 qutu “Marlboro double mix” və 148 qutu “Sobranie London” sarkalı siqaretlər Birliyin anbarında saxlanca qəbul edilmişdir. Beləliklə, Azərbaycan Respubiknsının vətəndaşı Şəxs az miqdarda, yəni ümumilikdə 1240 manat dəyərində 160 qutu “Sobranie London” və 80 qutu “Marlboro double mix” markalı siqaretləri gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin həmin protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının vətəndaşı Şəxs izahatında xx.xx.2025-cü il tarixdə işləmək məqsədi ilə Rusiya Federasiyasının Soçi şəhərinə getdiyini, lakin səhhətində yaranmış problemlərlə əlaqədar geri qayıtmalı olduğunu, xx.xx.2023-cü il tarixdə Soçi hava limanında olan zaman tanımadığı şəxsin ona yaxınlaşaraq Bakı şəhərində yaşayan tanışları üçün iki blok siqaret göndərmək istədiyini dediyini, həmin şəxsin ondan siqaretləri aparmasını xahiş etdiyini, özünün isə həmin şəxsə etiraz etməyərək bir ədəd iri həcimli ağ rəngli sellofan paket tanımadığı şəxsdən götürdüyünü, Bakı şəhərinə çatdıqdan sonra hava limanı ərazisində gömrük nəzarəti zamanı əl yükünə gömrük yoxlaması keçirilməsi üçün gömrük əməkdaşları tərəfindən yoxlama otağına dəvət edildiyini, burada ona məxsus əl yükünə keçirilmiş gömrük yoxlaması zamanı 160 qutu “Sobranıe London” və 80 qutu “Marlboro double mix” markalı siqaretlər aşkar edilərək götürüldüyünü, siqaretlərin Heydər Əliyev adına Beynəlyaq Hava limanının qarşısında dayanmış bir şəxs tərəfindən təhvil alınacağını, lakin özünün həmin şəxsi tanımadığını, həmin siqaretləri sadəcə köməklik məqsədilə keçirdiyini, bunun müqabilində ona pul vəsaiti verilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ümumi orta bazar qiyməti 1240 manat məbləğində malları gömrük orqanına mütləq bəyan edillməli olduğu halda bəyan edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin - 1240 manat məbləğin qırx faizi miqdarında, yəni 496 manat məbləğində cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1040- 9/5530 nömrəli ekspert rəyinə isə aparılmış tədqiqatın dəyərinə dair sənəd əlavə edilməmişdir. Ona görə də bu barədə məsələnin həllinə dair olan zərurət aradan qalxmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi miqdarında, yəni 496 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə şikayət və ya protest verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2649/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2649/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver