Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-268/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 adından X3 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyən etdim: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müaciət edərək oğlu, X4 barəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirdikdən sonra hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(003)-163/2025 saylı qərardadı ilə əvvəl də Xəzər Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 adından X3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin Qərardadda göstərilmişdir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət səlahiyyətli şəxs tərəfindən verilmədiyindən, həmçinin şikayətin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsi barədə sənədlər, bu müddətdə verilmədiyi halda isə müvafiq vəsatət şikayət ərizəsinə əlavə edilmədiyindən şikayətə baxılması mümkün deyil. Bu səbəblərdən şikayətin geri qaytarılması qərara alınmışdır. Hazırda qeyd olunan qərardadda göstərilən nöqsanlar tam aradan qaldırılmadan yenidən X4 barəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 adından X3 tərəfindən şikayət ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bir daha qeyd olunur ki, qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət verilmə qaydasını və şikayət vermək müddətini müəyyən etmişdir. Hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs deyil, etibarnamə əsasında özünü atası kimi qeyd edən şəxs (atası olması barədə müvafiq sənədlər əlavə edilməmişdir) X3 tərəfindən şikayət verilmişdir. Bu hal isə qanunvericililikdə nəzərdə tutulmamışdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmış şəxsə məhkəmədə hüququ yardım göstərmək səlahiyyəti müdafiəçiyə (vəkilə) aiddir, eyni zamanda barəsində olan inzibati xəta haqqında qərardan şikayət vermək hüququ özündən başqa müdafiəçinin hüquqlarına aid olan məsələdən ibarətdir. “Elektron məhkəmə” informasiya sistemindən isə görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının sərhəd hüdudlarından kənara çıxmışdır. Bu halda isə hazırda onun tərəfindən şikayət ərizəsinin tərtib edilməsi və imzalanması mümkün olmayan haldan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Həmin Məcəllənin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Həmin Məcəllənin 65.4.5-ci maddəsinə əsasən müdafiəçinin və nümayəndənin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüquqları vardır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.2 və 130.3-cü maddələrinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı işin icraatını rədd edən hallar mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət səlahiyyətli şəxs tərəfindən verilmədiyindən, bu şikayətə baxılması mümkün deyil və şikayət geri qaytarılmalı, X2 göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X1 adından X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 şikayətin qaytarılmasına əsas olmuş nöqsanları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-268/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-268/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver