Məhkəmə qərarları › İş №3(003)-269/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-269/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-269/2025 07.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, Polisin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə X1 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, müəyyən etdim: X1 şikayət ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib edilmiş inzibati xəta haqqında qərardan verdiyi xx.xx.2025-ci il tarixli şikayət ərizəsinə polis orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmamasını, ərizəsinin aidiyyətı üzrə göndərilməməsini, müşahidə kameralarından görüntülərin əldə edilməməsini qanunsuz hesab edilməsi, şikayət ərizəsinə baxılması, Binə-Aeroport yolundan mərkəz istiqamətində Milli Aviasiya Akademiyasının birinci yeraltı keçidinə təxminən 150 metr qalmış yolun sağ çiynində olan müşahidə kamerasından və həmin ərazidəki digər müşahidə kameralarından xx.xx.2025-ci il tarixdə saat 09:30-dan 10:00-dək (avtomobili saxladığı saat 09:50 daxil olmaqla) görüntülərin dərhal DİN-nin NHİX-dən araşdırma üçün əldə edilməsinin təmin olunmasını xahiş etmişdir. Şikayət ərizəsi araşdıraraq hesab edirəm ki, hazırki şikayətə məhkəmədə baxılması mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qanunvericilik inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest vermək hüququnu müəyyən etmişdir. Hazırki iş üzrə şikayətçi inzibati tənbeh vermə haqqında qərarın deyil, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verdiyi müvafiq yuxarı səlahiyyətli orqanın bu şikayətin araşdırması ilə bağlı hərəkətsizliyindən ibarətdir. Bu hal isə yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, göründüyü kimi inzibati xətalara dair qanunvericilik vəzifəli şəxs tərəfindən qəbul olunmuş qərarlardan şikayətlərə baxılması qaydasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı işin icraatını rədd edən hallar mövcudluğunu, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb-toplanılmaması məsələsini həll edir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 tərəfindən verilmiş şikayət, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğvi barəsində olmadığından bu şikayətə inzibati xətalara dair işlər qaydasında baxılması mümkün deyil. Bu səbəbdən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin qərardadlardan bəhs edən nə ümumi, nə də xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Polisin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti və və protesti verilə bilməz. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar