Məhkəmə qərarları › İş №3(003)-2701/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2701/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2701/2023 16.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Hüseyxan oğlunun iştirakları ilə xx.xx.1983-cü ildə Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Nur çörək zavodunda kassir vəzifəsində çalışan, Cəlilabad rayonu, Seyidbazar ərazi dairəsi, Seyidbazar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi, ev 17A-da yaşayan Şəxs Hüseyxan oğlunun haqqında Bakı şəhəri Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən Şəxs Hüseyxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə 16 oktyabr 2023-cü il tarixli protokol tərtib edilərək Şəxs Hüseyxan oğlunun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X11 izahat verərək bildirdi ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X2 cavabdeh Şəxs Hüseyxan oğluna qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair ilk iddia tələbinin qismən təmin edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün cavabdeh Şəxs Hüseyxan oğlundan 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədilə borclu Şəxs Hüseyxan oğluna tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Onun tərəfindən borclunun axtarışı barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Borclu cəmi 1000 manat ödəniş etmişdir. Şəxs Hüseyxan oğlunun bugünədək olan borcu 7550 manat təşkil edir. Şəxs Hüseyxan oğlu icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs Hüseyxan oğlu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamağını yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmişdir. Şəxs Hüseyxan oğlunun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs Hüseyxan oğlunun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hüseyxan oğlu icra sənədi üzrə müəyyən olunmuş borcunun ödəməməyinin maddi vəziyyətinin aşağı olması ilə əlaqələndirmiş və ikinci dəfə ailə qurduğunu qeyd etmişdir. Borcunu yalnız hissə-hissə qaytara bilər. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs Hüseyxan oğlu aliment borcunu ödəməlidir. Borclu Cəlilabad rayonunda olarkən ona aliment borcunu ödəməyəcəyini söyləmişdir. Sonradan isə aliment borcunu ödəmək üçün ondan sentyabr ayına qədər möhlət istəmişdir. Borclu ikinci dəfə ailə həyatı qurmuşdur. Hazırda borclu işləyir və kifayət qədər əmək haqqı alır. Borclunun aliment ödəmək üçün kifayət qədər imkanı var. Özünün ayağında xəstəlik var. Müalicə olunmasa, qanqrenaya çevrilə bilər. Qızının isə gözündə xəstəlik var və qızı əməliyyat olunmalıdır. Əməliyyat üçün maddi vəsait lazımdır. Ona görə də uşaqlarının saxlanılması üçün aliment məbləğinə ehtiyacı var. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aliment borcunu ödəməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 84/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X2 cavabdeh Şəxs Hüseyxan oğluna qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair ilk iddia tələbinin qismən təmin edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün cavabdeh Şəxs Hüseyxan oğlundan 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Hüseyxan oğlunun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Hüseyxan oğlu icra sənədi üzrə müəyyən olunmuş borcunu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır və onun bu günə olan ödənilməmiş borcu 7550 manat təşkil edir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Hüseyxan oğlunun hərəkəti Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs Hüseyxan oğlunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın borc öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, ödənilməmiş borcun miqdarını, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs Hüseyxan oğlunu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hüseyxan oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesab edilsin. Qərarın icrası Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar