Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2710/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, Leik rayonu, Kələxan ərazi dairəsi, Məhləabad kəndi ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən bazarın qarşısında olan avtobus dayanacağında siqaret çəkmiş, həmin ərazi xidmətdə olan polis nəfərləri ona yaxınlaşmışlar və ona ictimai yerdə siqaretin istifadə edilməsinin qadağan edildiyini bildirmişlər və bu hərəkətinə son qoyulması tələb etmişlər. Şəxs isə polis nəfərlərinin qanuni tələblərinə əməl etməyərək öz hərəkətini davam etmiş və polis nəfərlərinə qarşı kobud cavab verməklə onları təhqir etmişdir. Bununla Şəxs, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə onun tərəfindən müvafiq protokol tərtib edilmişdir. Ona görə də Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati protokol üzrə özünü təqsirli bilərək məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “İkinci Qarabağ” müharibəsi iştirakçısıdır. Müharibədən sonra onda səbəbsiz yerə əsəbləşmə, özündən çıxma kimi hallar olur. xx.xx.2023-cü il tarixdə avtobus dayanacağında siqaret çəkərkən polis əməkdaşları ona yaxınla siqareti söndürməsini tələb etmiş, o isə bir qədər onlara kobud cavab verdiyi və siqareti gec söndürdüyü üçün onu polis şöbəsinə gətirmişlər. Hazırda törətdiyi əməldən peşmandır və barəsində yüngül tənbeh növü tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən bazarın qarşısında xidmətdə olarkən 2 nəfər şəxsin ictimai yerdə, yəni avtobus dayanacağında siqaret çəkdiyini görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin yerdə siqaret çəkməyin qadağan olunduğunu bildirmişlər.Onlardan biri siqareti söndürsə də adının sonradan Xəyal olduğunu bildiyi digəri onların qanuni tələblərinə tabe olmamış və siqaret çəkməyə daavm etmişdir. Onlar yenidən ondan siqareti söndürməsini tələb etsələr də sonuncu onlara kobud rəftar etdiyi üçün onu polis şöbəsinə gətirib növbətçi hissəyə təqdim etmişlər. Məhkəmə proses iştirakılarını, şahid ifadəsini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları, şahid ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. İş materiallarında olan: - MN ******* nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə Binə qəsəbəsinin mərkəzində olan bazarın qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə protokol tərtib edilmişdir. - MN ******* nömrəli xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbycan Respublikası qanununun 10.1.15-ci maddəsinə əsasən hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində tütün çəkilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması halı, məhkəmə iclasında verilmiş izahatlarla, şahid ifadələri və iş materialları ilə öz əksini tapmışdır. Belə ki, iş üzrə müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə avtobus dayanacağında tütün məmulatından istifadə etməsi səbəbindən polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim etdikdən ona avtobus dayancağında tütün məlumatından istifadə edilməsinə icazə verilmədiyi bildirdikdən sonra bu hərəkətinə son qoyulmasını tələb etmişlər. Şəxs isə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta törətmiş şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuş, onun barəsində tərtib edilmiş inzibati protokol isə xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi inzibati xəta törətmiş şəxs inzibati qaydada tutularaq bir gün müddətində həbsdə saxlanılmışdır. Bu xüsusata münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib (onun bir gün müddətində inzibati qaydada qaydada tutulması nəzərə alınmaqla) barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-2710/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2710/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver