Məhkəmə qərarları › İş №3(003)-275/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-275/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-275/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 11 sentyabr 2020-ci il tarixli MN **********/11.09.2020 nömrəli qərarı ilə barəsində tərtib edilmiş 08.08.2020-ci il tarixli, MN ******* nömrəli protokola əsaslanaraq vəzifəli şəxs kimi ona Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsi ilə nəzərədə tutulmuş 3500 (üç min beş yüz) manat məbləğində cərimə tənbeh növünü tətbiq etmişdir. Həmin protokolda və qərarda qeyd edilmişdir ki, guya onun Xəzər rayonu Xəzər sahili iaşə obyektində çirkab suların daşınması ilə əlaqədar müqaviləsi olmamış və şambolardan istifadə edilərək tullantıların emal yerləri müəyyənləşdirilməmişdir. O, vəzifəli şəxs deyil. Həmçinin, o, Xəzər rayonu Xəzər sahilində içtimai iaşə obyektini 2020-ci ildə işlətməmişdir. Həmin il “COVİD-19” virusunun pandemiyası ilə əlaqədar ölkə ərazisində çimərliklərin fəaliyyətinə yalnız 05.08.2020-ci il tarixində icazə verilmişdir. O isə sahibkar kimi hər il Vergilər Nazirliyində öz VÖEN-ini yay mövsümünə açdıraraq ilin qalan aylarında fəaliyyət göstərmədiyindən bağlatdırmışdır. 2020-ci ildə ümumiyyətlə ictimai iaşə fəaliyyəti göstərməmişdir. Bu səbəbdən də sözügedən qərarda qeyd edilmiş protokol tərtib edilərkən ümumiyyətlə həmin ərazidə olmamışdır. Həmin protokol ümumiyyətlə ona təqdim edilməmişdir. Sözügedən qərarı isə yalnız 10.06.2021-ci il tarixdə Nərimanov Rayon İcra şöbəsinə məcburi şəkildə gətirildikdən sonra almışdır. Halbuki onu heç vaxt həmin şöbəyə dəvət etməmişlər. Odur ki, həmin qərardan şikayəti hal-hazırda verir. Buna görə də buraxılmış prosessual müddəti üzrlü hesab edərək ötürülməmiş sayılmasını xahiş edir. Bilindiyi kimi, çimərliklər fəaliyyətə başladıqda ASAN Xidmət mərkəzinin könüllüləri, X2 və digər təşkilatlar bütün çimərliklərdə vətəndaşların karantin qaydalarına riayət etməsinə nəzarət edirmişlər. 2019-cu ildə və ondan əvvəlki illərdə sözügedən Xəzər sahilində ictimai-iaşə fəaliyəti göstərdiyi zamanlarda çirkab suların, tullantıların daşınması və emalı ilə bağlı müqavilələri olmuşdur. Həmin müqavilələr ildə bir dəfə yay mövsümü başladıqda bağlanmış və icra olunmuşdur. Lakin 2020-ci ildə həmin çimərlikdə onun hər hansı bir fəaliyyəti olmadığından müvafiq müqavilələrə də ehtiyac olmamışdır. Odur ki, o, hər hansı bir inzibati xəta törətməmiş və ümumiyyətlə 2020-ci ildə çimərlikdə ictimai iaşə fəaliyyəti göstərməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli qərarı ilə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.01.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən X5 Əli oğlu şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş inzibati orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 11 sentyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarını və qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 266-cı maddəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 05.07.2021-ci il tarixli məktubundan görünür ki, X8 öz təşəbbüsü ilə fəaliyyətini dəfələrlə dayandırmış və bərpa etdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddi-hüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02.12.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən istehsalat tullantıları dedikdə istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr; məişət tullantıları (bərk məişət tullantıları) dedikdə əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar; təhlükəli tullantılar dedikdə isə tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar nəzərdə tutulur. Həmin Qanunun 15-ci maddəsinə əsasən tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması, təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada məsuliyyətə cəlb olunması daxildir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* nömrəli, 11 sentyabr 2020-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsi ilə 3500 manat məbləğində cərimə olunmuşdur. Həmin inzibati qərarın qəbul edilməsi üçün əsas Xəzər rayonu, Xəzər sahili ona məxsus iaşə obyektində çirkab suların daşınması ilə əlaqədar müqaviləsinin olmaması və şambolardan istifadə edilərək tullantıların emal yerlərinin müəyyənləşdirilməməsidir. Məhkəmə qeyd edir ki, 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən çimərliklər fəaliyyətini dayandırmışdır. Həmçinin şikayətçi işinin mövsumi xarakterli olması ilə əlaqədar olaraq öz təşəbbüsü əsasında vergi ödəyicisi olan fiziki şəxs kimi fəaliyyətini dəfələrlə dayandırmış və bərpa etdirmişdir. Bu hal Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 05.07.2021-ci il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, COVİD-19 pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi zamanı çimərlikdə mövcüd olan R.Kərimova məxsus iaşə obyektinin protokol tərtib edilən tarixdə fəaliyyət göstərməsi və həmin vaxt R.Kərimovun vergi ödəyicisi olan fiziki şəxs kimi fəaliyyətinin aktiv olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 11 sentyabr 2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar