Məhkəmə qərarları › İş №3(003)-2842/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2842/2025

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2842/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Şəxsn (MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokol, ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin xəbərdar olunmasına baxmayaraq onlar öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmədən nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-ə və onun rəhbərliyinə ünvanlanmış müvafiq olaraq xx.xx.2025-ci il tarixli 3-17-5/2-43401/2025 saylı və xx.xx.2025-ci il tarixli 3-17-5/2-30230/2025 saylı məktublardan görünür ki, İXM-nin 192.4-cü maddəsinə əsasən Şəxs MMC-nin direktoru barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən inzibati cərimə tənbeh növü təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli MN 16137278 nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar icra edilməsi üçün qeyd edilən ünvanlara göndərilib həmin qərar üzrə təyin edilmiş cərimənin tətbiq edilməsi xahiş olunmuşdur. Şəxs MMC-nin barəsində tərtib edilmiş MN ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, yuxarıda qeyd olunan məktubda nəzərdə tutulan tədbirlər Şəxs MMC tərəfindən görülməmiş, nəticədə hüquqi şəxs İXM-nin 529.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən inzibati cərimə tənbeh növü təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli MN 16137278 nömrəli inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərarın icraya yönəldilməsinə dair Şəxs MMC-ə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-5/2-43401/2025 saylı məktubun və ona əlavə olunmuş sənədlərin olmasını təsdiq edən reyestrdən edilmiş çıxarışdan görünür ki, qeyd edilən məktub poçt göndərişinin SS929261126AZ kodu ilə hüquqi şəxsin ünvanına göndərilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən təqdim edilmiş materiallara Şəxs MMC-ə və onun rəhbərliyinə ünvanlanmış yuxarıda qeyd edilən məktubların ünvana çatdırılmasına dair SS929261126AZ kodla poçt göndərişinin çıxarışı əlavə edilmişdir. Həmin kodla poçt göndərişinin hərəkəti izlənilərək müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən xx.xx.2025-ci il tarixdə çıxan, reyestrə uyğun göndəriş xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin ünvanına çatdırılmışdır. İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bu maddənin dispozisiyasından görünür ki, barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilmiş şəxs inzibati cəriməni ödəmədikdə bu cərimənin ödənilməsi üçün işlədiyi müəssisə (işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisə, idarə, təşkilat və ya pensiya təyin edən orqan) tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsi inzibati məsuliyyətə səbəb olur. Təqdim edilmiş materiallarla müəyyən edilir ki, həqiqətən də barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiq edilmiş vəzifəli şəxsin işlədiyi Şəxs MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlər görülməmişdir. İXM-nin müddəalarına əsasən inzibati xəta idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar üçün inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər (İXM-nin 38.1-ci maddəsi). İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.1.6-cı maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXMnin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Beləliklə, inzibati orqan tərəfindən tam şəkildə təqdim edilmiş sənədlər əsasında məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən İXM-nin 529.1-1-ci maddəsi əməli törətməsi sübuta yetirilir. Lakin hüquqi şəxsin törətdiyi inzibati xəta idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara aid edildiyindən, İXM-nin 38.1-ci maddəsinə əsasən isə bu xətalar üçün inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilməsi mümkün olduğundan sadalanmış qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün Şəxs MMC İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalı və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən sözügedən hüquqi şəxsin barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 38, 40, 43, 53.1.6, 109.2, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC İXMnin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunsun və inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar