Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-285/2021 11.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə X1 iştirakı ilə X3 Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən verilmiş MN ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarın ləğvinə dair verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən verilmiş MN ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli inzibati haqqında protokolun xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizə təqdim edərək, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin MN ******* nömrəli xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 göstərdi ki, o, “X7 Kömək” İctimai Birliyinin üzvüdür. Karantin dövründə Birliyin işi ilə əlaqədar olaraq idarə etdiyi “**-UE-***” nömrəli avtomobillə müntəzəm şəhid ailələri və qazilərin ünvanlarına ərzaq və digər yardımların edilməsi ilə bağlı xidmət göstərmişdir. Sərtləşdirilmiş xüsusi karantin rejimi müddətində “X7 Kömək” İctimai Birliyinin sədri tərəfindən ona verilmiş arayışı polis əməkdaşına təqdim etməsinə baxmayaraq xx xxxxxx 2021-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Pərviz Həsənli tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə edilmişdir. Bütün bunların nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Belə ki, onun xüsusi karantin rejimi müddətində “X7 Kömək” İctimai Birliyinin arayışına əsasən icazəsi olmuşdur. Bu səbəbdən də onun barəsində tərtib edilmiş protokol və qərara tam qanunsuz və əsassızdır. Qərarından şikayət verilən orqana – Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “X7 Kömək” İctimai Birliyi tərəfindən X4 verilmiş 106 №-li vəsiqənin surətindən görünür ki, o, həmin Birliyin üzvüdür. İş materiallarına əlavə edilmiş “X7 Kömək” İctimai Birliyinin sədri X8 tərəfindən verilmiş arayışdan görünür ki, X4 Qarabağ qaziləri və şəhid ailələrinə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək **-UE-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə yardım daşımağa icazə verilmişdir. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 488 nömrəli qərarı ilə Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən xx xxxxxx 2020-ci il saat 00:00-dan xx xxxxxx 2021-ci il saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan İcazə barədə arayışdan görünür ki, X5 “X7 Kömək” İctimai Birliyinin üzvüdür, ona Qarabağ qaziləri və şəhid ailələrinə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək **-UE-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə yardım daşımağa icazə verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə ki, X3 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X5 epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Pərviz Həsənli tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-285/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-285/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver