Məhkəmə qərarları › İş №3(003)-2855/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2855/2023

04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2855/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, X10 küçəsi, ev 18 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 04 noyabr 2023-cü il tarixli protokollar tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs 01 noyabr 2023-cü il tarixdə, saat təxminən 20 radələrində Binə qəsəbəsində “Səda” şadlıq sarayının qarşısında olan X2 məxsus “Mercedes” markalı **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qeydiyyat nişanını və X3 məxsus “Mercedes” markalı **- SJ-*** dövlət qeydiyyat nişanlı avotomobilin arxa qeydiyyat nişanını oğurlamış və bununla da zərərçəkmiş şəxslərə 65 manat maddi ziyan dəymişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunan zaman onların qanuni tələblərinə tabe olmamış, daha sonra isə polis şöbəsinin qarşısında və şöbənin dəhlizində ucadan ünvansız küçə söyüşləri söyərək, üzərində olan ülgüz ilə qolunu kəsmək istəmiş və bu hərəkətləri ilə o ictimai qaydanı pozmuşdur. Onun əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və barəsində Azəraycan Respublikası İXM-nin 227-ci, 510-cu və 535-ci maddələrinə əsasən inzibati qaydada tənbeh tədbirləri görülməsi qərara alınmışdır. Bu səbəbdən tərəfindən müvafiq protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaları etiraf etməyərək bildirdi ki, o, şadlıq sarayına xalası oğlu Yaşar Əhmədovla barışmaq niyyəti ilə danışmaq üçün getmişdir. Şadlıq sarayının bir neçə zalı olduğundan mühafizəçidən toyun hansı zalda olmasını soruşmuşdur. Lakin, qohumlarını tapa bilmədiyindən geri qayıtmışdır. O, avtomobillərin dövlət qeydiyyat nömrələrini oğurlamamışdır. Daha sonra isə xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişlər. O, onlarla getməkdən imtina etməmiş, sadəcə uşaqlarının məktəbdən evə qayıdan vaxtı olduğundan uşaqlarının gözləmələrini bildirmişdir. Sonra isə polis şöbəsinə dəvət etmələrinin səbəbini onlardan soruşumuşdur. Polis əməkdaşları isə polis şöbəsində olan zaman bildirəcəkləri demişlər. Ona görə də 102 xidmətinə zəng vurmuşdur ki, polis əməkdaşlarının onu polis şöbəsinə aparmaqları barədə məlumat versin. Daha sonra isə onu əlindən tutub avtomobilə əyləşdirmişlər və polis şöbəsinə gətirmişlər. O, heç kimə söyüş söyməmişdir. Yalnız polis şöbəsində olan kamerada olduğu zamanı əlini kəsmək istəmişdir. Bunu ona görə etmək istəmişdir ki, onu polis şöbəsinin rəisi ilə görüşdürsünlər. Həmçinin bildirmişdir ki, evə qayıdaraq arvadı ilə görüşmək və paltarını dəyişmək üçün polis əməkdaşlarına avtomobillərin nömrələrinin evdə olduğunu bildirmişdir. Onu evə gətirdikdən sonra isə o, paltarını dəyişmiş və yalan söyləndiyini bildirmişdir. İş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X6 ifadəsində bildirmişdir ki, o, iş yoldaşı Kənan Abdullayevlə Şəxs yaşadığı evə getmişlər. Həmin zaman Şəxs çölə çıxmış və evinin qapısının önündə dayanmışdır. Ona yaxınlaşanda şübhələnməməsi üçün oğurluqla bağlı məlumat daxil olduğunu bildirmişlər və polis şöbəsinə dəvət etmişlər. O, ilk öncə fikirləşmiş, sonra isə getməkdən imtina etmiş və ünvansız söyüşlər söyməyə başlamışdır. Onların qanuni tələblərinə tabe olmadığından məcburi şəkildə avtomobilə əyləşdirmişlər və polis şöbəsinə gətirmişlər. Polis şöbəsinin dəhlizində isə əlini kəsməyə cəhd etmiş, lakin qarşısını almışlar. Həmçinin bildirmişdir ki, avtomobillərin nömrələrinin oğurlanması ilə bağlı aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, O, qohumları ilə ədavət olduğundan onların maşınlarının nömrələrini oğurlamışdır. Belə ki, kamera görüntüsündən görünür ki, nömrələrin oğurlandığı vaxtı o, Binə qəsəbəsində yerləşən “Səda” şadlıq sarayının yanında avtomobillərin olduğu yerdə olmuşdur. Şəxs orada olan zaman “parkovşik”ə yaxınlaşmış, xalası oğlunun toyunun hansı zalda olmasını soruşmuş, daha sonra isə həmin şəxs işləri ilə məşğul olan zaman avtomobillərin nömrələrini açıb götürmüşdür. Məhkəmə proses iştirakılarını, şahid ifadəsini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cu maddəsi ilə inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin maddələr ilə iş üzrə xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və şahid ifadələri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan: -Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Səfa Usubov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzr cinayət işinin başlanmasının rədd edilməsi, X2 məxsus “Mercedes” markalı, ** HF *** dövlət qeydiyyat nişanlı avtomobilin və X3 məxsus “Mercedes” markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qeydiyyat nişanlarını oğurlayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227, 510 və 535ci maddələri ilə inzibati təsir tədbirləri görülməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində “Səda” şadlıq sarayının qarşısında saxlanılmış “Mercedes” markalı avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində şöbəyə gətirilərkən, şöbənin qarşısında küçə söyüşləri söyərək polisin qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. -Xəzər RPİ-nin 3-cü PŞ-nin Baş əməliyyat müvəkkili polis mayoru Kənan Abdullayevin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, tapşırıq əsasında xx.xx.2023cü il tarixdə, saat 14:15 radələrində polis şöbəsinin sahə inspektoru, polis kapitanı Cahid Feyzullayevlə birlikdə X4 PŞ-nə gətirən zaman polis şöbəsinin qarşısında və dəhlizində yüksək səslə ünvansız nalayiq ifadələr işlətmiş və üzərində olan lezva ilə qolunu kəsərkən tərəflərindan qarşısı alınmışdır. Şəxs etdiyi hərəkətlərlə 25 dəqiqə ərzində polis şöbəsinin iş rejimi pozmuş və polisin qanuni tələblərinə məhəl qoymamışdır. -inzibati qaydada tutma haqqında AZA seriyalı 016932 nömrəli, xx.xx.2023-cü tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş üzrə Şəxs, X2 və X3 məxsus avtomobillər dövlət qeydiyyat nişanlarını talaması ilə təqsirləndirilsə də onun bu əməlin törədilməsində təqsirliyi sübuta yetirilməmiş və məhkəmə iclasında da müəyyən olunmamışdır. Belə ki, qeyd olunan əməldə onun təqsirliyi yalnız Binə qəsəbəsində yerləşən “Səda” şadlıq sarayının ətrafında olan kamera görüntüsündə əks olunmasıdır ki, həmin görüntü məhkəmə iclasında tədqiq olunmuş və müəyyən olunmuşdur ki, həmin görüntüdə Şəxs avtomobillər dövlət qeydiyyat nişanlarını açıb götürməsi və ya bu halın mövcudluğunda şübhə doğuran hər hansı bir görüntü əks olunmamışdır. Həmin görüntüdə yalnız Şəxs dayanıb harasa baxdığı və hərəkət etdiyi əks olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarına və proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlara, əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Maddənin dispozisiyasından göründüyü kimi inzibati xətanın yaranması üçün şəxsin əməlində ictimai qaydanı pozulması halının baş verməsi olması vacibdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməs ibaşa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Göründüyü kimi hazırki işi üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş hadisə zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasında göstərilən ictimai qaydanın pozulması halının hansı formada baş verməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında Şəxs əməlində ictimai qaydanın hansı formada pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, Şəxs oğurluq əməlində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunmuş, lakin o, polis əməkdaşalrının qanuni tələblərinə qəsdən tabe olmayaraq onlarla birlikdə polis şöbəsinə getməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata təqsirliyi sübuta yetirilmədiyindən, əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməli, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, yəni, Şəxs tutulduğu andan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata təqsirliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X8 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar