Məhkəmə qərarları › İş №3(003)-2860/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2860/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2860/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Zopun kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi Fərid Hüseynli tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 05 noyabr 2023-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaları etiraf etməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində “Gold Palace” restoranında toyda olmuşdur. Siqaret çəkmək üçün çölə çıxmış, çöldə oğlu və qardaşının tanımadığı şəxslərlə dava etdiklərini görmüşdür. O da onlara yaxınlaşaraq sakitləşdirməyə çalışmışdır. Oraya polis əməkdaşları gəlmiş və dava edən şəxsləri maşına otuzdurub polis şöbəsinə aparmaq istəmişlər. Onun oğlunu da apardıqlarından onunla birlikdə poliş şöbəsinə getmək istəmiş və bu səbəbdən polis avtomobilə əyləşib polis şöbəsinə getmişdir. Hadisə zamanı içkili olmuşdur. O, polis əməkdaşlarına qarşı söyüş söyməmiş və tabesizlik göstərməmişdir. İş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində xidmətdə olan zaman “Gold Palace” restoranın qabağında insanların toplaşdıqlarının və orada post-patrul xidməti avtomobilin olduğunu görmüşlər. Həmin yerə kömək üçün əlavə polis naryadı çağırıldığından onlar da ora yaxınlaşmışlar. Həmin yerdə bir neçə şəxs dava etmişlər, hətta digər patrul xidmətinin avtomobilinin sürücüsünü də vurmuşlar. Həmin zaman Şəxs dalaşanları sakitləşdirirmiş, lakin oğlu dava etdiyindən onu polis avtomobilinə əyləşdirmək istəyəndə Şəxs etiraz etmiş və oğlunun polis şöbəsinə gətirilməsinə maneçilik törətmişdir. Ona görə də məcbur olub onu da maşına əyləşdirmişlər və polis şöbəsinə aparmışlar. Şəxs ona qarşı nəlayıq ifadələr işlətməmiş, kimisə söydüyünü də eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X3 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində xidmətdə olan zaman “Gold Palace” restoranın qarşısında çoxlu sayda insanların yığışdığını görmüşlər və kömək üçün onlar da oraya yaxınlaşmışlar. Həmin zaman orada bir neçə şəxsin dalaşdığını görmüşlər. Hətta orada olan digər post patrul xidməti maşının sürücüsünü də vurduqlarını görmüşlər. Orada olan insanlar içkili olmuş və dava etmişlər. İnsanları sakitləşdirməyə başlamışlar və dava edən şəxsləri polis maşınına əyləşdirmişlər. İnzibati xəta törətmiş Şəxs oğlu Xəyalı da maşına əyləşdirmişlər. Lakin orada olan şəxslər onu maşından çıxartıqlarından yenidən onu maşına əyləşdirməyə çalışmışlar. Bu zaman Şəxs onlara yaxınlaşmış və oğlunu avtomobilə əyləşdirməyə imkan verməmişdir. Ona izahat etmələrinə, onların qanuni tələblərinə tabe olmasına dəvət etmələrinə baxmayaraq o, tabe olmamışdır. Ona görə də məcbur olub onu da maşına əyləşdirib polis şöbəsinə gətirmişlər. Həmçinin bildirmişdir ki, Şəxs içkili olmuş, lakin söyüş söyməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadələri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsində “Gold Palace” şadlıq sarayının yanında polisə nalayiq ifadələr işlədərək qanuni tələblərinə tabe olmadığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. -sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1/6091 nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. -inzibati qaydada tutma haqqında AZA seriyalı, 011025 nömrəli, xx.xx.2023-cü tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:54-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:30-da azad edilmişdir. -Bakı şəhəri Xəzər RPİ-nin 3-cü Polis şöbəsində Şəxs verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində yerlşən “Gold Palace” restoranında əmisi nəvəsinin toyu olmuş, saat 21 radələrində şadlıq sarayından çölə çıxan zaman qardaşı Elşənin Xəyal adlı şəxslə sözlə mübahisəsinə polis əməkdaşlarının yığıldığını görüb onların harayına gəlmişdir. Polis əməkdaşları onları apardıqları üçün qardaşı və oğlu Süleymanın yanında olmaq məqsədilə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmə ilk olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddənin tərkibini yaradır. Lakin iş materiallarına və proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən olunmur. Maddənin dispozisiyasından göründüyü kimi inzibati xətanın yaranması üçün şəxsin əməlində ictimai qaydanı pozulması halının olması vacibdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməs ibaşa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Göründüyü kimi hazırki işi üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş hadisə zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasında göstərilən ictimai qaydanın pozulması halının hansı formada baş verməsi müəyyən edilməmişdir. Məhkəmə iclasında Şəxs əməlində ictimai qaydanın hansı formada pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə araşdırması zamanı şahid ifadələrindn müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində yerləşən “Gold Palace” şadlıq sarayının qarşısında dava baş vermiş və həmin davada iştirak etmiş oğlunun polis şöbəsinə gətirilən zamanı Şəxs bu hala etiraz etmiş və oğlunun polis şöbəsinə gətirilməsində polis əməkdaşlarının qanuni hərəkətlərinə maneçilik törətməmiş, onların qanuni tələblərinə riayət etməmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati xətanı sərxoş halda törədilməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməli, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar