Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2863/2025 13.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, X1 vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 vəkili və nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, X5 müvafiq qərarın qəbul edilmǝsindən xəbərdar olmamış, iş Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinə daxil olduqdan sonra ona sms daxil olmuş bundan sonra hadisə ilə maraqlandıqdan sonra müvafiq qərarın qəbul edilməsindən xəbərdar olmuşdur. Müvafiq qərar Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Daha sonra araşdırılma aparılmış və həmin avtomobilin ölkəyə daxil olduğu, hətta müvafiq gömrük bəyannaməsinin banka e-mail vasitəsilə göndərildiyi məlum olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd olunur ki, "Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə” – indiki halda ödəniş xx.xx.2023-cü il tarixdə edilmiş, gömrük bəyannaməsinə əsasən isə xx.xx.2023-cü il tarixdə avtomobil ölkəyə daxil olmuşdur. Bu onu göstərir ki, Mərkəzi Bankın qərarının əsası olaraq malın 2 il müddətində daxil olmaması faktı mövcud deyildir və avtomobil təxminən 1-2 ay müddətində ölkəyə daxil olmuşdur. Eyni zamanda müvafiq gömrük bəyannaməsi Turan Banka təqdim edilsə də, bankın məsuliyyətsizliyi ucbatından müvəkkilimin barəsində müvafiq cərimə tətbiq edilmişdir. Şikayətinin sonunda Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğu üçün ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasında X3 vəkili və nümayəndəsi Nümayəndə şikayətini müdafiə edərək şikayətinin məzmununa oxşar izahat verdi. Şikayətə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EP № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 67900.00 Avro məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 67900.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2025-ci il tarixdə törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş X3 "xxxx" ASC-yə ünvanlanmış köçürmə haqqında xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 67900.00 avro məbləğində vəsait "xxxx" ASC vasitəsilə ölkə xaricinə - Almaniyaya köçürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş xx.xx.2023-cü il tarixli **********0489 nömrəli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə 67900.00 Avro məbləğində vəsait hesabına alınan “Mercedes Benz GLC 220D” markalı avtomobil ölkəyə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, X3 vəkil və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına dair icra sənədində göstərilən tələbin icra edilməsinə dair həmin bildirişi xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə X5 tərəfindən ölkə xaricinə köçürülmüş 67.900 avro dəyərində pul vəsaitinin, yəni ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mal idxal edilmiş, yəni 67.900 avro dəyərində olan “Mercedes Benz GLC 220D” markalı avtomobil xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsinə əsasən ölkəyə daxil olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından şikayət təmin edilməli, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP № ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 133 və 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, EP № ******* saylı qərarı ləğv edilsin və X3 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(003)-2863/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2863/2025
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver