Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-289/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakimi Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Nümayəndə iştirakları ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə 06 fevral 2025-ci il tarixli 00800-00174/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 09 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük qaydaları pozulmaqla, eyni zamanda müxtəlif yollarla gətirilən mobil telefonların Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı ərazisində ölkəyə gələn müxtəlif sərnişinlərdən qəbul edilərək Bakı şəhəri ərazisində realizə olunması barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Heydər Əliyev adına X2 xarici ölkələrdən gələn sərnişinlərin köməkliyi ilə sözügedən malların hava limanının ərazisində şəxs tərəfindən toplanılması faktı müəyyən olunmuşdur. Faktla bağlı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma başlanılmışdır. Araşdırma çərçivəsində aşkar olunmuş malların dəyərini müəyyənləşdirmək üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. ƏN MƏM-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/8670/2024 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş malların yeni vəziyyətdə xx.xx.2024-cü il tarixə olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 24448,00 manat müəyyən edilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib olunmuş protokol üzrə ozünü təqsirli bilsədə, rəy əsasında verilmiş malların orta bazar qiyməti ilə razı olmadığını qeyd edərək barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Nümayəndə izahatında bildirmişdir ki, 9 oktyabr 2024-cü ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən 5 ədəd iPhone 11 128GB Black, 3 ədəd iPhone 14 128GB Midnight, 1 ədəd iPhone 14 128GB Purple, 3 ədəd iPhone 14 128GB Starlight, 2 ədəd Samsung A55 8/256GB Black, 2 ədəd Samsung A55 8/256GB Blue, 2 ədəd Samsung A55 8/256GB Lilac markalı mobil telefonlar, 6 ədəd Airpods Pro 2 və 6 ədəd 20W Power Adapter saxlanılmışdır. Məhkəmə əmtəəşünaslıq ekspertzasının 3 dekabr 2024-cü il tarixli rəyinə əsasən 5 ədəd iPhone 11 128GB bir ədədinin dəyəri 1200 manat, 7 ədəd iPhone 14 128GB bir ədədinin dəyəri 1600 manat, 6 ədəd Samsung A55 8/256GB bir ədədinin qiyməti 748 manat, 6 ədəd Airpods Pro 2 qulaqcıq bir ədədinin qiyməti 420 manat, 6 ədəd 20W Power Adapter bir ədədinin qiyməti 40 manat olmaqla orta bazar qiyməti cəmi 24448 manat müəyyən edilmişdir. 6 fevral 2025-ci ildə məhkəmə əmtəəşünaslıq ekspertzasının 3 dekabr 2024-cü il tarixli rəyinə istinad edilməklə Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsi ilə EP0193109 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 9/1749 saylı rəyinə əsasən isə orta bazar qiyməti 20315 manat müəyyən edilmişdir. Yenə həmin ekspertiza rəyi ilə razı olmadıqlarını, ümumiyyətlə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün məhkəməyə göndərilmiş protokol əsassızdır. Hüquqlarını müdafiə etdiyi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 07 ədəd iPhone 14 128GB, 05 ədəd iPhone 11 Black 128GB, 06 ədəd Samsung Galaxy A55 5G, SM-A556E/DS, 8GB/256GB model mobil telefonlar və 06 ədəd “Airpods 2nd generation” markalı qulaqcığın və 06 ədəd “Apple USB-C 20W markalı adapter başlığı xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 24448.00 manat olduğu müəyyən edilir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qərardadına əsasən 07 ədəd iPhone 14 128GB, 05 ədəd iPhone 11 Black 128GB, 06 ədəd Samsung Galaxy A55 5G, SM-A556E/DS, 8GB/256GB model mobil telefonlar və 06 ədəd “Airpods 2nd generation” markalı qulaqcığın və 06 ədəd “Apple USB-C 20W markalı adapter 2025-ci ilin aprel ayına orta bazar qiyməti 20315.00 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə keçirilmiş 2-ci ekspertiza rəyini əsas götürərək (20315.00 manat) hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə təqsirli bilinərək 20315.00 manat məbləğin 30faiz miqdarında cərimə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinə əsasən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Təhqiqat Şöbəsinin anbarında saxlanılan 07 ədəd iPhone 14 128GB, 05 ədəd iPhone 11 Black 128GB, 06 ədəd Samsung Galaxy A55 5G, SM-A556E/DS, 8GB/256GB model mobil telefonlar və 06 ədəd “Airpods 2nd generation” markalı qulaqcığın və 06 ədəd “Apple USB-C 20W markalı adapter başlığı müvafiq rüsumlar dövlət büdcəsinə ödənildikdən sonra Şəxs qaytarılmalıdır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın obyekti olan 20315.00 (iyirmi min üç yüz on beş) manat məbləğinin otuz faizi miqdarında, yəni 6.0945 (altı min doqquz yüz qırx beş) manat məbləğində inzibati cərimə edilsin. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Təhqiqat Şöbəsinin anbarında saxlanılan 07 ədəd iPhone 14 128GB, 05 ədəd iPhone 11 Black 128GB, 06 ədəd Samsung Galaxy A55 5G, SM-A556E/DS, 8GB/256GB model mobil telefonlar və 06 ədəd “Airpods 2nd generation” markalı qulaqcığın və 06 ədəd “Apple USB-C 20W markalı adapter başlığı müvafiq rüsumlar dövlət büdcəsinə ödənildikdən sonra Şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-289/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-289/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver