Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-2921/2023 15.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, X1, Şikayətçinin atası X4 iştirakları ilə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 10 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 10 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi öz şikayətini onunla əsaslandırmışdır ki, o, Xəzər RPİ-nin 10 may 2023-cü il tarixli qərarı ilə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən 300 manat miqdarında cərimə olunmuşdur. Şikayətçi həmin qərarın tamamilə qanunsuz və əsassız olduğun hesab edir. Belə ki, MN1698280 saylı, xx.xx.2023-cü il tarixli protokolda güya onun atasını döyməsi qeyd olunub, halbuki atası sərxoş vəziyyətdə olduğundan ona qarşı şikayət etmişdir. Bildirir ki, onun atasını döyməyini təsdiq edən heç bir sübüt yoxdur, həmçinin protokol tərtib olunduğu zaman və indi də atasının ona qarşı heç bir şikayəti yoxdur. Atası sərxoş olduğunu deyərək nə baş verməsindən xəbərsiz olduğunu bildirmişdir. Çünki atası içki aludəçisidir və o, çox nadir hallarda ayıq vəziyyətdə olur. Həmçinin bildirir ki, protokol tərtib olunandan sonra onun surəti təqdim olunmamış və bunun əsasında qərar qəbul olunması barədə Xəzər rayon icra şöbəsindən çağırılandan sonra bilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinin pozulması faktı həqiqəti əks etdirmir və heç bir əsası yoxdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayəti müdafiə edərək Xəzər rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 10 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin atası X7 bildirmişdir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən qəbul edilən MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan xəbəri olmamış və qeyd etmişdir ki, onun oğlu X5 qarşı heç bir şikayət və tələbi olmamışdır, hazırda da yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş inzibati orqan Xəzər rayon Polis İdarəsi məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş 10 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş X4 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2921/2023 saylı inzibati işi üzrə oğlu X5 qarşı heç bir şikayət və tələbinin olmamasını məhkəmədən nəzərə alınmasını və Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının və Xəzər Rayon Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokolun ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X13 26 mart 2023-cü il tarixli, 324 nömrəli ekspert rəyindən görünür ki, B.R.Həciyevin bədəni üzərində aşkar edilmiş xəsarət - sağ qulaq seyvanının səthi əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun 18 saylı X14 Stansiyasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis kapitanı Arif Abbasovun 10 may 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Göründüyü kimi şikayətçiyə istinad edilən xəta özündə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməni ehtiva edir. Şikayətçi məhkəmə iclasında verdiyi izahatında onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzədə tutulmuş inzibati xətanın törədilmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmənin hansı formada pozulması müəyyən edilməmişdir. Belə ki, inzibati orqan tərəfindən tərtib edilmiş protokolda həmin protokolu tərtib etmiş şəxs şikayətçinin yalnız İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini qeyd etməklə kifayətlənərək konkret olaraq hansı xətanı törətməsini qeyd etməmişdir. Eyni zamanda X4 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun oğlu X5 qarşı heç bir şikayət və tələbi yoxdur və o, Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli qərarının və Xəzər Rayon Polis Şöbəsinin MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokolun ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 157-ci maddəsi ilə pozuntu olarsa həmin məsələyə məhkəmə tərəfindən baxılaraq müvafiq qərar qəbul edilir. Lakin göründüyü kimi, Xəzər rayon Polis İdarəsi tərəfindən İXM-nin 157-ci maddəsinə istinad edilərək şəxs barəsində cərimə tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, X3 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X6 döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə ilə bağlı əməli törətmədiyini bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin 10 may 2023-cü il tarixli, MN ******* saylı tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-2921/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-2921/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver