Məhkəmə qərarları › İş №3(003)-296/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-296/2021

06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-296/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 25 iyul 1959-cu il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 333.1-ci maddəsi ilə Bakı şəhəri BPİ X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru polis kiçik serjantı X1 tərəfindən 29 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 iyun 2020-ci il tarixdə “MİTSUBİSHİ L200” minik markalı **-XU-*** qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Bakı şəhəri BPİ X4 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə dəfələrlə bildiriş göndərilmiş, lakin Bakı şəhəri BPİ X4 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Bakı şəhəri BPİ DYPİ nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 29 iyun 2020-ci il tarixdə, saat 07 radələrində oğlu ilə birlikdə idarə etdiyi “Mitsubishi L200” markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən Qala postunda YPX əməkdaşı onun idarə etdiyi avtomobili saxlamışdır. YPX əməkdaşı ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, o isə bir gün əvvəl tərkibində 50 qram spirt, bal və otların qarışığından ibarət məhlulu qəbul etdiyini demişdir. Alkotesterlə onun sərxoşluq vəziyyətini yoxlamışlar və sərxoşluq dərəcəsi 1,373 promil müəyyən olunmuşdur. Polislər onu aldadaraq və onun sərxoş olmadığını bildirərək alkotester istifadəyə dair protokolda həkimə getməyə ehtiyac olmadığı barədə qeyd yazaraq imza etməyini demişlər. O da YPX əməkdaşının dediyi kimi yazmışdır. Sonradan YPX əməkdaşı barəsində sərxoş olması barədə protokol tərtib etmişdir. Lakin o, sərxoş olmadığını bildirərək özü gedib tibbi müayinədən keçmiş və ayıq olduğu müəyyən olunmuşdur. Sonra həmin aktı aparıb Bakı şəhəri BPİ DYPİ-də 19-cu otağa adını bilmədiyi əməkdaşa təqdim etmiş, lakin həmin aktı qəbul etməyərək məhkəməyədə təqdim etməyi bildirmişdir. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol aldatma yolu ilə qərəzli şəkildə tərtib edilmişdir, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 29 iyun 2020-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 1,373 promil olması (saat 07:09) aşkar edilmişdir. İş materiallarında olan 29 iyun 2020-ci il tarixli, 2/9694 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması (saat 10:25) aşkar edilmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs tərəfindən belə bir qeyd yazılmışdır: “mən Şəxs səmimi qəbul edirəm ki, dünən spirtli içki qəbul etmişəm, həkimə getməyə ehtiyac yoxdur”. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə “mən Şəxs səmimi qəbul edirəm ki, dünən spirtli içki qəbul etmişəm, həkimə getməyə ehtiyac yoxdur” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Şəxs tərəfindən verilmiş izahatda sərxoş olması etiraf edilməmiş və onun tərəfindən spirtli içkinin bir gün qabaq qəbul edildiyi vurğulanmışdır. Həmin izahatdan da görünür ki, şəxs sərxoş olması barədə tərtib edilmiş protokola etiraz məzmununda izahat vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisində Şəxs alkoqol sərxoşluğu 1,373 promil olması (saat 07:09) aşkar edilmişdir. Şəxs sonradan saat 10:25-də Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nə müraciət etmiş və müayinədən keçmişdir. Müayinənin nəticəsi olaraq onun qanında alkoqolun miqdarının 0,00 promil və ayıq olduğu aşkar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edimiş 29 iyun 2021-ci il tarixli, İXP ******* saylı protokol əsaslı olmamışdır. Belə ki, qeyd edilən ziddiyyətli hallar isə hər iki müayinə arasında olan zaman kəsimi ilə bağlıdır. İlkin olaraq alkotester adlanan aparatın göstəricisi 07:09-da, sonrakı müayinə isə 10:25-də keçirilmiş və belə olan halda hər iki müayinə arasındakı zaman kəsimi təxmini 3 saatdır. Oxşar inzibati xətalarla bağlı “Respublika Narkoloji Mərkəzi” X3 ünvanlanmış sorğulara göndərilmiş cavab məktublarında orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının orta hesabla 1 saata 0,20-0,30 promil təmizlənməsi qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hər saatda alkoqolun miqdarı 0,20-0,30 promil aşağı düşürsə, o zaman Şəxs sonuncu müayinə zamanı qanında müəyyən qədər alkoqol göstəricisi (təxmini 0,400-0,700 aralığında) olmalı halda, 0,00 promil olmuşdur. Sonuncu müayinə zamanı Şəxs qanında alkoqolun aşkar edilməməsi hər saatda qanda alkoqolun miqdarının düşməsi ilə əlaqədardır. Burdan da müəyyən etmək olur ki, Şəxs izahatında yazdığı “dünən spirtli içki qəbul etmişəm” sözləri həqiqəti əks etdirir. İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Göründüyü kimi, Qala postunda YPX əməkdaşı tərəfindən 29 iyun 2020-ci il tarixdə, saat 07 radələrində sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburi olduğu halda, onların iştirakı təmin edilməmişdir. Bundan əlavə, “alkotester” adlanan aparatın sertifikatının olub-olmaması, olduğu halda hansı tarixdə qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sənəd əlavə edilmədiyindən alkotesterin göstəricisini özündə əks etdirən sənəd mötəbər sübut kimi qəbul oluna bilməz. Beləliklə, Şəxs sərxoş halda avtomobili idarə etməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar