Məhkəmə qərarları › İş №3(003)-298/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-298/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-298/2021 25.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 iştirakı ilə X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “Karvan Palace” adlı mehmanxana Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində xidmət göstərir. Həmin ərazinin təmizliyi mütəmadi olaraq tərəflərindən təmin olunur. Bunu həmin yerdə fəaliyyət göstərən digər şəxslərin ifadələri ilə də sübut etmək mümkündür. Lakin xx xxxx 2019-cu il tarixdə Bakı şəhər Ekologiya və X3 əməkdaşları tərəfindən iştirakları olmadan həmin tarixdə MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında Bakı şəhər Ekologiya və X3 direktoru X10 tərəfindən inzibati tənbeh vermə haqqında” xx.xx.2019-cu il tarixli, MN seriyalı, ******* saylı qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən 3000 manat inzibati cərimə tətbiq edilmişdir. Həmin qərarda Xəzər rayonu Mərdəkan qəsəbəsi “Karvan Palace” adlı mehmanxanasının ərazisində məişət tullantılarının qalaqlanması göstərilmişdir. Adı çəkilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qeyd olunan halla bağlı protokol tərtib olunarkən onun xəbəri olmamış və həmin protokolla tanış olmamışdır. Həmin ərazidə məişət tullantılarının olması mümkünsüzdür. Belə ki, həmin mehmanxananın ərazisinin təmiz olması onun özünün marağındadır, çünki təmizlik olmayan yerdə kiminsə mehmanxanadan istifadə etməsi mümkünsüzdür. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi Ə.Rəcəbov tərəfindən qəbul olunan inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, MN seriyalı, ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1044/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 xx xxxx 2019-cu il tarixli, MN seriyalı, ******* saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X9 geri qaytarılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi Ə.R.Rəcəbov xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti və ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1044/2019 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(003)-1044/2019 saylı qərarından apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(003)- 1044/2019 saylı qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X12 tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(003)-723/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Departamentinin direktoru Xalıqverdi Hüseynov tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1044/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-578/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə qeyd olunan qərardan X4 şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(003)-2049/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(003)- 738/2020 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X9 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə dəfələrlə bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Şikayət ərizəsini araşdırıb, şikayətçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş MN seriyalı, ******* nömrəli, xx xxxx 2019- cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X2 adına olan “Karvan Palace” mehmanxanasının ətrafında istehsalat və məişət tullantılarının qalaqlanması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərardan görünür ki, “Karvan Palace” mehmanxanasının rəhbəri X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əssən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsaən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən X11 tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixdə X2 adına olan “Karvan Palace” mehmanxanasının ətrafında istehsalat və məişət tullantılarının qalaqlanması müəyyən olunmuşdur. Buna görə də, X2 barəsində MN seriyalı, ******* nömrəli, xx xxxx 2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 rəisi X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxx 2019-cu il tarixli qərara əsasən “Karvan Palace” mehmanxanasının rəhbəri X4 Azərbaycan Respublikası İXMnin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi şikayət ərizəsində mehmanxananın ərazisində məişət tullantılarının olmasının mümkünsüz olduğunu bildirsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 nümayəndəsi tərəfindən bununla bağlı fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, xx xxxx 2019-cu il tarixdə X2 adına olan “Karvan Palace” mehmanxanasının ətrafında istehsalat və məişət tullantılarının qalaqlanması müəyyən olunmuşdur. Belə olan halda, inzibati xətanın törədilməsi faktı xx xxxx 2019-cu il tarixdə baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, X4 tərəfindən inzibati xətanın törədildiyi gündən 01 (bir) ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirib hesab edirəm ki, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 38.1, 40, 43, 53.0.6, 114, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X7 xx xxxx 2019-cu il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar