Məhkəmə qərarları › İş №3(003)-300/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-300/2025

05.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-300/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, Şikayət vermiş şəxs – X4, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X10 və X3 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X4 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, fərdi sahibkar qismində stomatoloji xidmət təqdim etmişdir. Stomotoloji xidmət təqdim etdiyi yerin ünvanı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sergey Yesenin 25, "xxxx" klinikası MMC.-dir. Barəsindı FHN Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən 28 yanvar 2025 tarixində "İnzibati tənbeh vermə haqqında" MN seriyalı ******* nömrəli Qərar qəbul edilmişdir. Həmin Qərarı ona yox, yaşadığı yer üzrə qonşusuna xx.xx.2025 tarixində FHN NRFTDA-nın məsul şəxsi təqdim etmişdir. Barəsində qəbul edilmiş həmin "İnzibati tənbeh vermə haqqında" Qərar ilə razı deyil, həmin Qərarı əsassız və qanunazidd hesab etmişdir. Xüsusilə qeyd etmişdir ki, ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarını həyata keçirməyə icazə verən ******* nömrəli Xüsusi İcazə 11 yanvar 2022-ci il tarixdə ona təqdim edilmişdir və 3 il ərzində qüvvədə olmuşdur, 11 yanvar 2025 tarixdə qüvvəsini itirmişdir. Cari ilin 8 yanvar tarixində FHN Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən yoxlama tədbirinin həyata keçirilməsi barədə Q-25/005 nömrəli Qərar qəbul edilmişdir, 14 yanvar tarixindən 17 yanvar tarixləri ərzində yoxlama tədbirləri həyata keçirilmişdir, 16 yanvar 2025 tarixli P- 25/005 nömrəli Yoxlama aktı tərtib edilərək 21 yanvar 2025 tarixli QN-25/005 nömrəli Qərarla aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün "30 günlük müddət" verilməsi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün 30 günlük müddət verilməsinə baxmayaraq, (cari ilin 21 yanvar tarixindən 30 gün, təqvim üzrə təsadüf edir 21 fevral 2025 tarixinə) barəsində 28 yanvar 2025 tarixində İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Uzun müddətdir ki, rentgen müayinəsi mövcud olan klinika sahibi, əvvəlki yoxlama tədbirləri nəticəsində istifadə etdiyi cihaz və fəaliyyət növü üzrə qiymətləndirmə aparılmışdır və müvafiq Rəy təqdim edilmişdir; istənilən inzibati xətanın tərkibi, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməldə ifadə olunur, qeyd olunanları nəzərə alaraq barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinə zəmin yaradan, səbəb olan hər hansı qəsd, təqsir, hüquqaziddiyət olmadığı halda yalnız FORMAL qüsurlar ilə bağlı mənim iradəmdən asılı olmayan səbəblərdən barəsində müvafiq əsassız Qərar qəbul edilmişdir; İnzibati məsuliyyətə səbəb olan əməl kimi qiymətləndirilmə İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətləri mövcud olduğu halda əsaslı hesab edilə bilər. Onun əməlində isə hər hansı inzibati xəta tərkibi yoxdur. Həmçinin barəsində İnzibati tənbeh tətbiq edən qurum inzibati xətaya səbəb olan halları müəyyən etmədən, inzibati xətanın obyektini və predmetini müəyyən etmədən, qəsd yaradan əməlin hansı hərəkət və ya hərəkətsizlik olduğunu müəyyən etmədən, inzibati tənbehin tətbiqinə səbəb olan nəticələrin nədən ibarət olduğunu müəyyən etmədən, istifadə etdiyi cihazın hər hansı zərərli xüsusiyyətlərini müəyyən etmədən, sırf formal xarakterli qüsurlara görə inzibati məsuliyyətə səbəb olan əməl törətdiyim qənaətinə gəlmişdir. Hesab etmişdir ki, barəsində İnzibati tənbeh tətbiq edilməsi əsassızdır, ən pis halda mənə yol verilmiş formal xarakterli xətaların aradan qaldırılması üçün xəbərdarlıq edilməli idi. Bundan əlavə, fəaliyyəti ilə bağlı mənim təqdim etməli olduğu sənədlər vaxtında təqdim edilmişdir, təqdim etdiyi sənədlərə Rəy verməli olan qurum isə onun müraciətlərinə gecikdirmələr ilə cavab vermişdir, itirilmiş zaman, vaxt onun barəsində İnzibati xəta yaradan səbəb kimi inzibati xətalar məcəlləsinə əsasən məsuliyyət yaradan əsas deyil. Fəaliyyəti zamanı İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinin tərkibini yaradan xəta mövcud olduğu hər hansı faktiki əməllər ilə təsdiqini tapmayıb, sübuta yetirilməyib, inzibati xəta tərkibi mövcud olmasına əsas olan nə inzibati xəta predmeti, nə də inzibati xəta obyekti yoxdur. İnzibati Xətalar Məcəlləsinin 268.1-ci maddəsi ilə inzibati xətaya anlayış verilir və maddədə göstərilir ki, Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni: 268.0.1. ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi inzibati xəta yaradır. Qeyd olunan maddənin müddəaları radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün tələbləri göstərmir, müəyyən etmir. Həmin maddə hansı hallarda radiasiya təhlükəsizliyinin pozulması hallarını göstərmir, müəyyən etmir. Bununla bağlı radiasiya təhlükəsizliyinin təmin edilməsi dedikdə hansı tədbirlər görülməsi zəruriliyini müəyyən etmək üçün ilk növbədə aidiyyəti normativləri nəzərə almaq lazımdır. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələbləri ilə bağlı barəsində İnzibati tənbeh vermə haqqında Qərarı qəbul edən Nüva va X2 üzrə Dövlət Agentliyi tərəfindən konkret hansı əməlimlə təhlükəsizlik təminatının pozulmasına yol verdiyi müəyyən edilməmişdir. Yalnız formal xarakterli xətalara görə Radiasiya təhlükəsizliyinin təmin edilməməsi müəyyən edilə bilməz. Həmçinin Qərarı qəbul edən qurum həmin Qərarı öz təşəbbüsü ilə deyil, Dövlət tərəfindən bu sahədə tənzimlənməni həyata keçirən normativlər üzrə əsaslandırmalı idi. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələbləri dedikdə hansı tələbin pozulması İnzibati tənbeh vermə haqqında Qərarda göstərilməmişdir. Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələbləri dedikdə hansılar nəzərdə tutulur, hansı tələb pozulub, pozulmaya səbəb olan əməl nədən ibarətdir və bunun hansı nəticələri yaranmışdır, Agentlik tərəfindən müəyyən edilməyib. İstənilən inzibati xəta müəyyən nəticəni ehtiva edən əməldir, bu səbəbdən onun tərəfindən ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilmədiyi faktı hər hansı dəlillər ilə təsdiqlənməmişdir. "Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi" Qaydası bənd 3: İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların və ərazilərin radioloji-gigiyenik pasportlarının aparılması Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada həyata keçirilir. Protokol və qərarda onun tərəfindən pozulduğu qeyd olunan İXM-nin 268.0.1-ci maddəsinin tələbinə əsasən Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi inzibati xəta sayılır. Halbuki protokolda və qərarda qeyd edilən fəaliyyət üçün “xüsusi icazənin olmaması" normanın dispozisiya şərtinǝ (inzibati xəta tərkibinin əlamətlərinə), yəni radiasiya təhlükəsizliyinin təmin edilməməsinə aid deyil. Çünki bu normada nəzərdə tutulan inzibati xəta tərkibi "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" 1997 ci il tarixli Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin tələblərinin pozulması ilə bağlıdır. Qanunun 14-cü maddəsi belə adlanır: İonlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməsinə dair tələblər. Həmin maddədə də məhz ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların hansı tələbləri yerinə yetirməli olduğu bir-bir göstərilir. Həmin Qanunun 22-ci maddəsinə görə radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. İXM-in 268.0. 1-ci maddəsinin dispozisiya şərti məhz həmin tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur. Göründüyü kimi İXM-nin 268.0.1-ci maddəsinin dispozisiya şərtində fəaliyyət və mənbələr üçün hər hansı bir xüsusi razılığın, icazənin alınması tələbi ümumiyyətlə nəzərdə tutulmayıb. Ona görə İXM-də olmayan bir tələbin pozulmasına görə inzibati məsuliyyətin yaranması da mümkün deyil. Belə ki, İXM-nin 1.3-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 3cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnziba məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Ümumiyyətlə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM. lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1 və 1.3-cü maddələrinə əsasən, Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Həmin Məcəllənin 8.1, 8.2 vǝ 8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta barədə iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. İnzibati tənbeh verilərkən İXM-nin 31.3-cü maddəsinə əsasən, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi nəzərə alınmalıdır. Eyni zamanda, sübut təqdim etmək və inzibati xətanın törədilməsini təsdiq etmək səlahiyyətli orqanın vəzifəsidir. İnzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, mən təqsirli bilinərkən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 N- li Fərmanının 3-cü bəndinin, pozuntusu əsas gətirilmişdir. "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 19 avqust 1998-ci il tarixli 758 N-li Fərmanının 3-cü bəndində göstərilir ki, müəyyən edilsin ki, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmitədqiqat və təcrübi- konstruktor işləri; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması; həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması; radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər. Təqdim etdiyi xüsusi icazədən və pasportdan görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 il müddətinə Xüsusi İcazə və mövcud olan qanunvericiliyin tələblərinə uyğun aparılması barədə "İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik Pasportu" verilmişdir. İnzibati tənbehin tətbiqinə səbəb kimi göstərilən Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanunun 11-ci maddəsinin tələblərinə görə Radiasiya təhlükəsizliyinin təmin edilməsinə istehsalat nəzarəti İonlaşdırıcı şüa mənbələrinin istifadəsi ilə əlaqədar fəaliyyət göstərən müəssisələr və təşkilatlar radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün müntəzəm istehsalat nəzarəti keçirirlər. İstehsalat nəzarətinin həyata keçirilməsi qaydası hər bir müəssisə və ya təşkilat üçün onun işinin xüsusiyyət və şəraiti nəzərə alınmaqla təyin edilir və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində pozuntular aşkar edildikdə istehsalat nəzarətini həyata keçirən səlahiyyətli şəxslər şüa mənbələri ilə aparılan işləri dayandırmalı və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Bütün qeyd olunanları nəzərə alaraq Məhkəmədən barəsində tətbiq edilmiş İnzibati tənbeh vermə haqqında FHN Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş 28 yanvar 2025 tarixli İnzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli Qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsin xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 şikayət ərizəsində qeyd etdiklərini müdafiə edərək onların nəzərə alınmasını və cərimə növündə inzibati tənbeh tədbirinin təmin edilməsi haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin nümayəndəsi X7 qeyd olunan şikayətin əssasız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, qeyd olunan sahə üzrə yoxlamar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyininnin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, 16 yanvar 2025-ci il tarixdə keçirilmiş yoxlama zamanı müəssisədə ionlaşdırıcı şüalanma mənbələri ilə işləməyə icazə olmadığı aşkar edilmişdir. Buna görə də bu sahəyə məsul şəxs X6 olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və əsasında qərar qəbul edilmişdir. Qərar qanunvericiliyin tələblərinə uyğn tərtib olunduğundan şikayət təmin olunmamalıdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı, 16 yanvar 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, 16 yanvar 2025-ci il tarixli yoxlama zamanı müəssisənin ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti üçün xüsusi icazə yoxdur və bununla da Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında qərardan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 2500 (iki min beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Fövləqadə Hallar Nazirliyinin Nüvə və X2 üzrə Dövlət Agentliyinin 16 yanvar 2025-ci il tarixli, P-25/005 nömrəli yoxlama aktından görünür ki, 16 yanvar 2025-ci il tarixdə keçirilmiş planlı yoxlama zamanı ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazə olmadığı və bununla əlaqədar ionlaşdırıcı şüalanma və radiasiya təhlükəsizliyi sahəsində təlimatların, planların, qaydaların olmaması, eləcə də pasiyentlərin və bu sahədə işləyən işçilərin qorunmasının təşkil olunmaması kimi pozuntular müəyyənləşdirilərək aktlaşdırılmışdır. Fərdi sahibkar kimi Dövlət qeydiyyatına alınmış X6 fərdi sahibkar kimi ********** saylı Vergi ödəyicilərinin eyniləşdirmə nömrəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən “Dentalux” Stomotoloji Klinikanın həkimi xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək Radiologiya üzrə təhlükəsizliyə cavabdeh şəxs təyin edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, “Dentalux” Stomotoloji Klinikası ********** VÖEN ilə vergi orqanlarında qeydiyyatda olmaqla vergi ödəyicisidir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli Fərmanının 3-cü bəndinə əsasən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli Qanununun 10-cu maddəsində göstərilən ionlaşdırıcı mənbələrdən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 aprel tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra - ərizəçilər) bu Qaydaların 1.1-ci bəndində göstərilən fəaliyyət növünü həyata keçirməyə icazə verən rəsmi sənəddir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən “Xüsusi icazə” almaq üçün ərizəçi Fövqəladə Hallar Nazirliyinə 2-ci bənddə sadalanan zəruri məlumatları təqdim etməlidir. Həmçinin 2.1.5-ci hissədə radioaktiv maddələrin hasilatı, istehsal, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar iş yerlərinin, radioaktiv maddələrin, radioaktiv mənbəli avadanlıq və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların fiziki mühafizəsinin təşkil edilməsi haqqında arayış və bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumatı da təqdim etməlidir. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülki-hüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirir, onların effektivliyinin qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparır. Məhkəmə qanunvericiliyin müddəalarına istinad edərək bildirir ki, X1nın əməlində inzibati xəta tərkibi vardır. Belə ki, inzibati iş üzrə mübahisəsiz məqamlar ondan ibarətdir ki, "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları”nın göstərilən müddəasından aydın olur ki, “Xüsusi icazə” mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra ərizəçilər) Qaydaların tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir. Eyni zamanda xüsusi icazənin alınması ilə bağlı müraciət edilən zaman bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumat da həmin quruma təqdim edilmədi idi. Həmçinin “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanununa əsasən radiasiya təhlükəsizliyinin təmin olunmasında tələbləri yerinə yetirməyən və ya pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, mülkihüquqi və cinayət məsuliyyətinə cəlb olunurlar. Məhkəmə hesab edir ki, Fövləqadə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən 16 yanvar 2025-ci il tarixli, P-25/005 nömrəli aktı ilə “Dentalux” Stomotoloji Klinikasının xüsusi lisenziya olmadan fəaliyyət göstərməsini aşkar edərək, bu sahəyə məsul şəxs kimi X6 barəsində inzibati tənbeh tədbiri tətbiq etməsi qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin məcəllənin 268.0.1-ci maddəsinə əsasən radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması- ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsi və ya pozulması- ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi sübuta yetirilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Eyni zamanda Fərdi sahibkar kimi Dövlət qeydiyyatına alınmış X6 fərdi sahibkar kimi Hüquqi Şəxsin ********** saylı Vergi ödəyicilərinin eyniləşdirmə nömrəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən “Dentalux” Stomotoloji Klinikanın həkimi xx.xx.2019cu il tarixdən xx.xx.2024-cü il tarixədək Radiologiya üzrə təhlükəsizliyə cavabdeh şəxs təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar