Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3011/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, X6 İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru polis kapitanı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Ağdaş rayonunun Ləki qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsi-12 ünvanında qeydiyyatda olan, dediyinə görə Türkiyə Respublikasının Bursa şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X6 İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru polis kapitanı X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 29 noyabr 2023-cü il tarixli protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs X6 İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin baş inspektoru polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə 04:20 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava limanında Türkiyə Respublikasına gedən zaman əl çantasında təyyarəyə spirtli içki olan araq və konyak keçirmək istəmiş, təhlükəsizlik xidməti isə həmin əşyaların yalnız baqajda keçirilməsini izah etmələrinə baxmayaraq o, digər sərnişinlərin yanında səs-küy salmış, təhlükəsizlik xidmətinə qarşı nəlayiq ifadələr işlətmiş və iş rejimini pozmuşdur. Onun sakitləşdirilməsinə çalışılmasına baxmayaraq o, uca səsdən nəlayiq ifadələr işlətmiş ictimai qaydanı pozmuşdur. Daha sonra polis əməkdaşları gəlmiş, yaranmış vəziyyətinin aydınlaşdırılması üçün o polis şöbəsinə dəvət edilmiş, birinci polis şöbəsinə getməyə razılaşmış, lakin sonradan geri qayıdaraq getməkdən imtina etmişdir. Ona polis əməkdaşları tərəfindən ondan qanuni tələblərə tabe olması bildirilmiş, lakin o tabe olmamışdır. Ona görə də o, məcburi qaydada post-patrul xidməti avtomobilə əyləşdirilmiş, avtomobildə olan zaman isə avtomobilin qapısını açaraq yerə tullanmış, polis əməkdaşları ona yerdə qalxaraq maşına əyləşməsi bildirilmiş, lakin o, avtomobilə əyləşmək istəməmişdir. Polis əməkdaşları çətinliklə onu avtomobilə əyləşdirmişlər və polis şöbəsinə gətirmişlər. Daha sonra onun sərxoşluq vəziyyəti yoxlanılmış və sərxoş olduğu da müəyyən edilmişdir. Onun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olduğundan onun tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaları qismən etiraf edərək bildirdi ki, o, Türkiyə Respublikasının Bursa şəhərində daimi yaşayır və orada olan zavodda işləyir. xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasına getmək istəmiş və bu səbəbdən hava limanına gəlmişdir. Türkiyə Respublikasında olan tanışlarına hədiyyə üçün araq və konyak almış və əl çantasına aparmaq istəmişdir. Hava limanında təhlükəsizlik əməkdaşları həmin spirtli içkiləri aşkar etmişlər və həmin əşyalarla birlikdə ona içəri keçməsinə icazə verməmişlər. Ona həmin spirtli içkilərin baqajda keçirilməsinin mümkün olması, ya da içəri keçəndən sonra “Duty Free” mağazasından ala bilməsinin mümkün olduğunu izah edilmişdir. O da onlarla mübahisə edərək onları izah etməyə çalışmışdır ki, içəridə olan mağazadan alıb təyyarə aparılması mümkündürsə, onda niyə hazırda aldığı spirtli içkilərin özü ilə aparması mümkün deyil. O, heç kimə söyüş söyməmiş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməmişdir. İzahatında həmçinin bildirdi ki, uçuşun vaxtı yaxınlaşması ilə əlaqədar gərgin olması və aldığı bilet batmaması üçün bu hərəkətləri yol verdiyini nəzərə alaraq onun bağışlanmasını xahiş etdi. Emosiyalara qapıldığı üçün bu hərəkətləri yol verdiyinə görə özünü təqsirli bilir və əməlindən peşman olduğu üçün barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hava NPİ-nin Post-patrul xidməti bölüyünün polis serjantı X8 ifadəsində bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, təxminən saat 04:00 radələrində Hava limanının 3-cü mərtəbəsində Terminal 1-də xidmətdə olmuş və B zonasında səs-küy eşitdiyindən ora yaxınlaşmışdır. Bu zaman Şəxs təhlükəsizlik xidməti əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Təhlükəsizlik xidməti Şəxs onda aşkar edilmiş spirtli içkilərin yalnız baqaj formasında özü ilə aparmasının mümkün olması izah edilmiş, o isə yüksək səslə və digər sərnişinlərin yanında onlarla mübahisə edərək ictimai qaydanın pozulmasına səbəb olmuşdur. Təhlükəsizlik əməkdaşlara qarı nəlayiq ifadələr işlətmişdir. Hətta təhlükəsizlik xidməti əməkdaşının xidməti vəsiqəsindən də dartmışdır. Ona görə də Şəxs özünü təqdim etdikdən sonra yaranmış vəziyyətin aydınlaşdırılması üçün polis şöbəsinə dəvət etmişdir. Birinci onlarla post-patrul maşına tərəf getmiş, lakin sonradan onlarla getməkdən imtina etmiş və hava limanına geri qayıtmışdır. Ona onlarla getməsinin əsasları izah edilmiş və onların qanuni tələblərinə tabe olması bildirilmişdir. Lakin o tabe olmamışdır. Ona görə də məcburi qaydada avtomobilə əyləşdirilmişdir. Avtomobil olan zaman isə avtomobilin qapısını açaraq yerə tullanmış və yerdə uzanaqlı vəziyyətdə qalaraq avtomobilə əyləşməkdən imtina etmişdir. Onlar isə çətinliklə onu avtomobilə əyləşdirmişlər və polis şöbəsinə gətirmişlər. Daha sonra isə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün narkoloji dispanserə aparılmış və onun içkili olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hava NPİ-nin Post-patrul xidməti bölüyünün polis siravisi X5 ifadəsində bildirmişdir ki, iş yoldaşı Orxan Seyidov onunla rabitə vasitəsilə əlaqə yaradaraq onu köməyə çağırmış və bir nəfər vətəndaşı idarəyə aparılmasının təmin edilməsinin lazım olduğu bildirilmişdir. O da idarə etdiyi post-patrul xidməti avtomobil ilə hava limanına yaxınlaşmışdır. O hadisəni görməmişdir. Hava limanında olan zaman Şəxs Orxan Seyidovla birlikdə maşına doğru aparmışlar. Lakin Şəxs geri qayıtmış və onlarla birlikdə getməkdən imtina etmişdir. Orxan Seyidov ona idarə getməyini və baş vermiş hadisənin orada aydınlaşdırılmasını təklif etmiş, lakin Şəxs imtina etmişdir. Ona görə onlar məcbur olaraq Şəxs maşına əyləşdirmişlər və polis idarəsinə tərəf hərəkət etmişlər. O, avtomobili idarə etmişdir. Şəxs avtomobilin arxa hissəsinə əyləşdirmişlər. Şəxs maşının qapısını açaraq yerə tullanmış və yerdə uzanaqlı vəziyyətdə qalmışdır. Ondan ayağa qalxaraq maşına əyləşməsini bildirmişlər, lakin o, maşına əyləşməkdən imtina etmişdir. Onu güzlə ayağa qaldıraraq maşına əyləşdirmişlər və polis şöbəsinə gətirmişlər. İzahatında həmçinin bildirmişdir ki, o, hava limanına gələndə artıq akt tərtib edilmiş və Şəxs reyestdən çıxarılmışdır. Onun əlində əl çantası olmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi isə inzibati xəta haqqında protokolla yanaşı, şahid ifadələri, eləcə də iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirildiyindən həmin maddələrlə təqsirli bilinərək müvafiq qaydada tənbeh olunmalıdır. Belə ki, iş materiallarında olan: -xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 Aeroportunda ATBİ əməkdaşlarının verdiyi göstərişlərə və təhlükəsizlik tələblərinə əməl etməyərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə, saat 04:20-də törədilmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -sərnişinin uçuşa buraxılmaması haqqında 2621D nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sərnişin Şəxs təhlükəsizlik tələblərinə əməl etməməsi səbəbindən uçuşa buraxılmamışdır. -sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 1/6800 nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs orta dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. -inzibati qaydada tutma haqqında xx.xx.2023-cü tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməs ibaşa düşülür. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.” Həmin Qanunun 3.2-ci maddəsinə əsasən “Cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək polisin əsas vəzifələrindəndir.” Məhkəmə araşdırması zamanı eyni zamanda protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından və şahid ifadələrindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə, saat 04:20 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava limanında Şəxs sərxoş halda özü ilə əl baqajında Türkiyə Respublikasına uçduğu təyyarəyə spirtli içkilər keçirmək istəyən zaman hava limanının təhlükəsizlik xidməti əməkdaşları tərəfindən həmin spirtli içkilər aşkar edilmiş və onların həmin aşkar edilmiş spirtli içkilərin baqaj bölməsi vasitəsilə aparmasının mümkün olmasının izah edilməsinə baxmayaraq o, digər sərnişinlərin yanında hava limanının təhlükəsizlik xidməti əməkdaşları ilə mübahisə edərək səs-küy salmış, onlara qarşı təhqiredici ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Daha sonra isə hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Məhkəmə əməlindən peşmançılıq hissi keçirməsini iş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə inzibati xətaları sərxoş halda törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə, Şəxs Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni vaxtda törətdiyi hər iki inzibati xətaya dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona 535.1-ci maddəsinin sanksiyası çərçivəsində (daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində) nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, yəni, Şəxs tutulduğu andan hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X4 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-3011/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3011/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver