Məhkəmə qərarları › İş №3(003)-302/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-302/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-302/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X10 nümayəndəsi X1 iştirakları ilə xx xxxxx 1980-ci il tarixdə ermənistan SSR-in yerevan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Milli Elmlər Akademiyasında işləyən, ünvan 1 mənzil 109 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 333.1-ci maddəsi ilə Bakı şəhəri BPİ Dövlət X7 daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru, polis kiçik serjantı X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1 və 329.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə “Opel Zafira” minik markalı **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Bakı şəhəri BPİ Dövlət X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin 3(003)-749/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə qeyd olunan qərardan Bakı şəhər BPİ Dövlət X9 rəisi, polis polkovniki Rəşid Piriyev şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2166/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanlmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri BPİ Dövlət X11 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə dəfələrlə bildiriş göndərilmiş, lakin Bakı şəhəri BPİ Dövlət X9 nümayəndəsi məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Bakı şəhəri BPİ Dövlət X9 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 08:51-də radələrində idarə etdiyi “Opel Zafira” minik markalı, **-TJ-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Şağan qəsəbəsində karantin rejimi ilə bağlı qurulmuş postda Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nin əməkdaşı onun idarə etdiyi avtomobili saxlamışdır. YPX əməkdaşı onun icazəsinin olub-olmadığını yoxladıqdan sonra spirtli içki qəbul edibetmədiyini soruşmuş, o isə bir gün əvvəl bir bakal pivə içdiyini demişdir. Alkotesterlə onun sərxoşluq vəziyyətini yoxlamışlar və YPX-nın əməkdaşı onun içkili olduğunu və alkoqolun 0,550 olduğunu bildirmişdir. O, alkotesterin nasaz olduğunu bildirdikdə YPX-nın əməkdaşı ona yaxınlaşaraq eyni rayondan olduqlarını bildirib ona kömək edəcəyini demişdir. Sonra avtomobilə əyləşərək cərimə meydançasına gedəcəklərini, saat 12:00-da gəlib avtomobili götürə biləcəyini demişdir. Sonradan YPX-nın əməkdaşı ona köməklik göstərməmişdir. O, vəziyyəti belə gördükdə, həm də sərxoş olmadığı üçün avtomobilin qaytarılmasını və həkimə gedib tibbi müayinədən keçmək istədiyini demişdir. Lakin onu tibbi müayinədən keçirmədikləri üçün özü gedib tibbi müayinədən keçmiş və ayıq olduğu müəyyən olunmuşdur. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol aldatma yolu ilə qərəzli şəkildə tərtib edilmişdir, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X10 nümayəndəsi X2 göstərdi ki, Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsinin 1ci bəndində göstərildiyi kimi, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda, bu, şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Yəni sürücünün 1 litr qanında 0,3 qram və ya daha artıq təmiz etil spirti olarsa, o, sərxoş sayılır. Alkotestrlə isə qanda spirtin miqdarı müəyyənləşdirilə bilməz. Hadisədən təxminən 10 saat əvvəl spirtli içki qəbul etmiş şəxsin qanında bir saat ərzində spirtli içkinin miqdarı 150-200 promil azala bilər, həmin vaxt polis əməkdaşlarının protokolda göstərdikləri miqdarda promilin alkotestrlə aşkar edilməsi mümkünsüzdür. Tibbi jurnallardakı məqalələrdən və həkim-narkoloqların yazılarından (müsahibələrindən) məlumdur ki, spirtli içki 6-12 saat ərzində bədəndən təmizlənir, həm də orqanizmin ayılma müddəti qəbul edilən içkinin növündən, dərəcəsindən və miqdarından (həcmindən), nə ilə içilməsindən (yediyimiz yeməklərdən) və orqanizmin fərdi göstəricilərindən (məsələn: çəki, qara ciyərin vəziyyəti və s.) asılıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X10 nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına olan xx xxxx 2020-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,550 promil olması (saat 08:47) aşkar edilmişdir. İş materiallarına olan xx xxxx 2020-ci il tarixli, 2/4942 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,00 promil olması (saat 17:10) aşkar edilmişdir. İş materiallarına olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, “mən Şəxs özümü normal hiss edirəm ona görə də həkimə ehtiyac yoxdur. Alkotesterdən keçdim, nəticələri gördüm, axşamdan müəyyən miqdarda pivə qəbul etmişdim”. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə “Şəxs özünü normal hiss etdiyini. Axşamdan müəyyən miqdarda pivə qəbul etdiyini bildirmişdir” dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən Şəxs tərəfindən verilmiş izahatda sərxoş olması etiraf edilməmiş və onun tərəfindən spirtli içkinin bir gün qabaq qəbul edildiyi vurğulanmışdır. Həmin qeyd edilmiş izahatdan da görünür ki, şəxs sərxoş olması barədə tərtib edilmiş protokola etiraz məzmununda izahat vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdə sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisində Şəxs alkoqol sərxoşluğunun 0,550 promil olması (saat 08:47) qeydə alınmışdır. Daha sonra Şəxs həmin gün saat 17:10-da Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nə özü müraciət etmiş və müayinədən keçmişdir. Müayinənin nəticəsi olaraq onun qanında alkoqolun miqdarının 0,00 promil olduğu aşkar edilmişdir. Həmçinin, araşdırma zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji X10 nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, alkotestrlə qanda spirtin miqdarı müəyyənləşdirilə bilməz, eyni zamanda hadisədən təxminən 10 saat əvvəl spirtli içki qəbul etmiş şəxsin qanında bir saat ərzində spirtli içkinin miqdarı 150-200 promil azala bilər, həmin vaxt polis əməkdaşlarının protokolda göstərdikləri miqdarda promilin alkotestrlə aşkar edilməsi mümkünsüzdür, çünki spirtli içki 6-12 saat ərzində bədəndən təmizlənir, həm də orqanizmin ayılma müddəti qəbul edilən içkinin növündən, dərəcəsindən və miqdarından (həcmindən), nə ilə içilməsindən (yeyilən yeməklərdən) və orqanizmin fərdi göstəricilərindən (məsələn: çəki, qara ciyərin vəziyyəti və s.) asılıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edimiş xx xxxx 2020-ci il tarixli, İXP ******* saylı protokol əsaslı olmamışdır. Qeyd edilən ziddiyyətli hallar Şəxs müəyyən miqdarda içdiyi pivənin axşamdan, ilkin olaraq alkotester adlanan aparatın göstəricisi arasında olan zaman kəsimi ilə bağlıdır. Belə ki, axşamdan içilən pivənin, ilkin olaraq alkotester adlanan aparatın göstəricisindən 08:47-də keçirilmiş göründüyü kimi, axşamdan içilən pivə ilə ilkin olaraq alkotester adlanan aparatın göstəricisi arasındakı zaman kəsimi təxminən 10 saatdır. Hər saatda qanda alkoqolun miqdarının 0,15-0,20 promil aşağı düşməsi nəzərə alındıqda isə Şəxs sonuncu müayinə zamanı qanında müəyyən qədər alkoqol göstəricisi 0,00 promil olmalı olduğu halda, qanında alkoqolun miqdarı 0,550 promil olmuşdur. Şəxs qanında alkoqolun aşkar edilməsi alkotester adlanan aparatın göstəricisinin düzgün göstərilməməsi ilə əlaqədardır. Belə ki, alkotestr adlanan aparatla qanda spirtin miqdarı müəyyənləşdirilə bilməz. Burdan da müəyyən etmək olur ki, Şəxs izahatında yazdığı “axşamdan müəyyən miqdarda pivə qəbul etmişdir” sözləri həqiqəti əks etdirir. Beləliklə, Şəxs sərxoş halda avtomobili idarə etməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hesab edirəm ki, X3 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar