Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-306/2025 25.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs müdafiəçisi, Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs Şahid1, onun nümayəndəsi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında material baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şahid1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ərizə ilə müraciət edərək, onun ödənilməyən 974 manat əmək haqqının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bu müraciət əsasında araşdırımalar aparılmış, Şəxs MMC-yə məktub ünvanlanmış və onlarda olan sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Lakin Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə göndərilmiş məktubda, Şahid1 ilə rəsmi şəkildə əmək müqaviləsi bağlanılaraq işlər yerinə yetirdiyini, o, həftədə bir neçə dəfə, bəzi hallarda həftə ərzində həmin ünvana gəlmədiyi qeyd edilmişdir. Şəxs MMC-nin məktubundan aydın olur ki, Şahid1 ilə qarşılıqlı əmək münasibətləri yaratmışdılar. Bu baxımdan sistemə baxış keçirilmiş və sistemdə əmək müqaviləsinin olmadığı müəyyən edilmiş və Şəxs MMC əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs müdafiəçisi Nümayəndə izahatında göstərdi ki, Şahid1 ilə Şəxs MMC arasında əməkdaşlıq münasibətləri olmuşdur. Lakin onunla heç bir əmək müqaviləsindən yarananan öhdəliklər mövcud olmamışdır. Sevinci Mustafayeva MMC-də agent qismində fəaliyyət göstərmiş, gətirdiyi müştərilərə münasibətdə komissiya almışdır. Sonuncu əməkdaşlıq münasibətlərini rəsimləşdirmək barədə təkiflərinə müsbət münasibət bildirməmiş, vergi ödəməkdən yayınmaq üçün əməkdaşlıq münasibətlərinin rəsmiləşdirilməsini istəməmişdir. O, həftə ərzində orta hesabla 1-2 dəfə gəlmiş, qısa vaxtdan sonra ofisi tərk etmişdir. Bu müddətlərdə o, respublikanı tərk edərək, ölkə xaricinə səfərlər etmişdir. Bu hal onun işçi olmadığını təsdiq edir. Şahid1 MMC-də işləyən Lətifə Məmmədova ilə birləşərək, özləri şirkət açaraq, MMC-nin müştəri bazasını öz tərəflərinə çəkmişdirlər. Hazırda protokolu əsassız hesab etməklə, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid1 izahatında göstərdi ki, xx.xx.2024-cü ildə Vüsal bəylə görüşmüş və onunla aralarında olan razılaşmaya əsasən hər ay ona 2500 manat əmək haqqı ödənilməli olmuşdur. xx.xx.2024-cü ildə işlədiyi yerdə ərizə yazaraq işdən çıxmış, xx.xx.2024-cü ildə isə Şəxs MMC-də işə başlamışdır. Vəzifəsi isə xaricdə təhsillə bağlı mütəxəssis olmuşdur. Onu işi qeydiyyata almaq, gərəkdiyi təqdirdə valideynlərlə görüşmək, sənədlərin toplanması, unversitetlərə müraciət, yataqxananın tapılması və viza sənədlərin hazırlanmasına müraciətdən ibarət olmuşdur. xx.xx.2025-ci ildə isə bir ayı tamam olduğu üçün, artıq vəzifə maaşının verilməsi ilə bağlı Raufa yaxınlaşmış, o isə vəziyyətin pis olduğunu və şirkətin 56000 manat üzəri borcu olduğunu, bir neçə tələblərlə bağlı problemlər yarandığını, səbrli olmasını və hər şeyin düzələcəyini bildirmişdir. Ona 1 aylıq əmək haqqısı 50, 150, 250 manat və sair hissə-hissə şəklində ödənilmişdir. İki ayın tamamlanmasında isə Hafiz bəy onunla görüşmüş, Rauf müəllimin onunla utandığı üçün görüşə bilmədiyini bildirmişdir. Orda şahidlərin iştirakı ilə ona vəziyyətlərinin pis olması, ona görə də, söz verilən əmək haqqının verilə bilməməsi, ən çoxu hər ay 1000 manat əmək haqqı verə biləcəyini demişlər. Yeni iş yeri tapa bilməməsi səbəbindən onlarla razılaşmışdır. Orda işlədiyi müddətdə heç bir işçinin əmək haqqısı vaxtı-vaxtında verilməmişdir. Onlardan əmək müqavilə bağlamasını tələb etsə də, mütəmadi olaraq, müqavilə bağlanılmasını yubatmışdırlar. xx.xx.2025-ci ildə ölkədən çıxıb getmiş, xx.xx.2025-ci ildə ölkəyə qayıtmışdır. Gələn zaman Vüsal bəylə görüşmək istəsə də, o, Türkiyədə olması səbəbindən görüşə bilməmişdir. xx.xx.2024-cü ildə istifadəsində olan və şirkət tərəfindən ona təqdim edilmiş və işdə istifadəsi üçün nəzərdə tutulmuş “iPhone 14 Pro max” adlı telefonu təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə aralarındakı münasibətlər sonlanmış və işdən çıxmışdır. Sentyabr ayından 500 manat, oktyabr ayının 4-nə kimi olan müddət ərzində isə 497 manat əmək haqqı ona ödənilmişdir. Onun qanunsuz işlədilməsi və əmək haqqısının verilməməsi ilə bağlı X1 şikayət ünvanlamışdır. Şəxs MMC-nin fəaliyyəti xaricdə təhsil və xaricdə iş ilə bağlı olmuşdur. İşdən çıxdıqdan sonra özü şirkət yaratmış və onlarla sağollaşmışdır. Şirkət Göyçay rayonunda yerləşən vergi şöbəsində qeydiyyata alınmış və xx.xx.2024-cü ildən isə fəaliyyətə başlamışdır. Şirkətin fəaliyyəti xaricdə təhsildən ibarətdir. Şəxs MMC-nin müştəri bazası ilə fəaliyyətini davam etdirməmişdir. Şəxs MMC-də rəsmi müqavilə olmadığı üçün, həftədə bir neçə dəfə gedib-gəlmişdir. Ona söz verilən əmək haqqını tam şəkildə verilməməsi səbəbindən, həmçinin onların azad surətdə işə gedib-gələcəyini bildirmələri səbəbindən həftədə 3-4 dəfə işə gedib-gəlmişdir. Elə vaxtlar da olmuşdur ki, həftə sonları da işdə olmuşdur. Şəxs MMC-nin ofisinin yerləşdiyi yeri, otaqlarının sayını, görüşdüyü valideynlərin nömrələrini bilir və nömrələri təqdim edə bilər. Avqust və sentyabr aylarında müraciətlərin çox olduğu vaxtlarda, hətta saat 11-dən axşam 7-8-ə qədər ofisdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Tofiq oğlu izahatında göstərdi ki, Şəxs MMC-də mühasib vəzifəsində işləyir. Şahid1 direktorla danışmış, o, MMC-də agent kimi fəaliyyət göstərmişdir. Sonuncuya dəfələrlə əmək müqaviləsi bağlamaları təklif olunmuş, lakin o, başqa şirkətlərlə işlədiyi üçün daimi bir yerdə işləyə bilmədiyini bildirmişdir. Bu səbəbdən də, azad agent kimi işləmişdir. Cəlb etdiyi müştərilərə müvafiq olaraq ona komissiya verilirdi. İşə qəbulun ona aidiyyəti yoxdur. Sevincə veriləcək pul ilə bağlı, fəaliyyəti ilə bağlı heç bir danışıqlarda iştirak etməmişdir. Əmək haqqı standart verilməmişdir. Müştəri hansısa ölkədə qəbul edilirdisə, ödəniş ona müvafiq verilirdi. Sevinclə "xxxx" yazışmaları olmuşdur. MMC-də ondan başqa Rauf adlı şəxs yoxdur. Sevinc azad agent kimi istədiyi vaxt gəlib-getmişdir. Gələn zaman tələblərin siyahısı ilə bağlı tapşırıq alıb gedirdi. Sevincin valideynlərlə görüşünün şahidi olmamışdır. Sevincə MMC tərəfindən telefon verilmişdir. Özü də işə azad şəkildə gəlib-gedir. Lakin onunla əmək müqaviləsi bağlanmışdır. Günortaya kimi bir şirkətdə, günortadan sonra başqa şirkətdə işləyir. Hər iki şirkət eyni ofisdə yerləşir. MMC-də əmək müqaviləsiz heç bir işçi yoxdur. Sevinclə əmək müqaviləsi bağlansaydı, 800 manatdan yuxarı əmək haqqı yazıla bilməzdi. Direktorun öz əmək haqqısı 1000 manatdan aşağıdır. Məhkəmə, proses iştirakçılarını və şahidi dinləyib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şahid1 Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Nəticə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanlanmış Şahid1 ərizəsinin surətindən görünür ki, xx.xx.2024 tarixində şəxsən əməkdaşlığa başladığı "First Academy" şirkəti (şirkət rəsmi şəkildə yanvar ayında yaradılmışdır, təsisçi Hafiz Xanməmmədli, direktor Vüsal Qəribov) onunla ilkin danışıqlarında aylıq 2500 manat maaş vəd etmişdir. Bu zaman şirkət Bakı şəhəri, Yasamal rayonu metronun "Elmlər Akademiyası" yaxınlığında yerləşmişdir. 2024-cü ilin iyul ayında metronun "Sahil" stansiyasının üstündə yerləşən "Sahil" Biznes Mərkəzinin 4-cü mərtəbəyə köçmüşdür. Bir ay işlədikdən sonra yəni, xx.xx.2024 tarixində şirkət rəhbəri Vüsal Qəribov və Hafiz Xanməmmədli tərəfindən görüşə dəvət edilmişdir. Bu görüşdə ona bildirilmişdir ki, əmək haqqını rəsmi olaraq ona verəcəklər karta köçürüləcəkdir. Bir ay həmin maaşı almış, lakin sonradan maaşının 1000 manat olaraq dəyişdirildiyini öyrənmişdir. Bu qeyri-rəsmi şəkildə həyata keçirilmiş və bunu rəhbərliyə bildirib prosesin tezliklə rəsmiləşdiriləcəyi bildirmişdirlər. Etiraz edərək həmin maaşa işləməyəcəyimi bildirərək işdən ayrılacağını onlara çatdırmışdır. Sentyabr ayında işdən çıxmaq üçün rəhbərliyə müraciət etdiyi zaman Vüsal Qəribov ona görüş imkanı yaratmışdır. Bu vaxtadək, maaşı 1000 manat olaraq bank hesabına şirkətin mühasibi Şahid2 tərəfindən köçürülmüşdür. Sentyabr ayında ona bildirilmişdir ki, maaş 1500 manat olacaq, lakin yenə də 1000 manat köçürüldü. xx.xx.2024 tarixində işdən ayrıldıqdan sonra hələ də 974 manat miqdarında maaşı ödənilməmişdir. Rəhbərlik maaş tələbinə cavab olaraq "hara şikayət edirsiniz edin" bildirir. Onun şirkətdə çalışdığına şahid olan əməkdaşlar və iş yoldaşları mövcuddur. (Lətifə Məmmədova, Şahid2). Bu proses şirkətin qanunsuz şəkildə əməkdaşları işlətməsinə və müvafiq vergilərdən yayınmağa dəlalət edir. Bu prosesə ədələtli qaydada baxılmasını və hüquqlarının qorunmasında yardımçı olunmasını xahiş etmişdir. -Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Şahid1 Şəxs MMC-nə qarşı ədavətli olub, rəqabətli qeyri-vicdani şəkildə aradan qaldırmaq məqsəd güdür. Şahid1 ilə aralarında qarşılıqlı əməkdaşlıq münasibətləri olmuş, MMC ilə Şahid1 arasında əmək münasibətləri mövcud deyildir. Şahid1 agent qismində fəaliyyət göstərmiş və komissiya haqqı qismində MMC-dən gəlir əldə edirdi. Şahid1 əməkdaşlıq münasibətləri rəsimləşdirmək barədə təkliflərinə cavab olaraq sonuncu dəfə bildirmişdir ki, bunun üçün VÖEN açıb vergi ödəyicisi kimi qeydiyyatdan keçməli və vergilər ödəməlidir. Şahid1 MMC-nin fəaliyyət göstərdiyi ofisində işçi kimi iş günlərdə saat 10:00-dan saat 19:00-a kimi işləməmiş, həftə ərzində orta hesab ilə cəmi iki dəfə gəlib qısa vaxt qalaraq ofisi tərk edirdi. Bəzən isə ümumiyyətlə gəlmirdi. Şahid1 ilə əməkdaşlıq etdiyi dövr ərzində bir neçə dəfə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək xarici ölkələrə səfərə getmiş, bu hal da onun MMC-nin işçi olmadığını təsdiq edir. Bütün bu halları anten məlumatlarının əldə olunması ilə asanlıqla yoxlayıb müəyyən etmək olar. Şahid1 qeyd etdiyi məbləğlərdə direktor daxil olmaqla MMC-nin heç bir əməkdaşına əmək haqqı verilmirdi. Şahid1 ilə əməkdaşlığın son vaxtlarında Şahid1 agent qismində fəallığı zəiflədiyi üçün nəticə olaraq ödənilən komissiya haqqının miqdarı ilə azalmışdır. Sonradan bəlli olmuşdur ki, Şahid1 MMC-də təhsil üzrə mütəxəssis işləmiş Lətifə Məmmədova ilə birləşib özləri şirkət açmışlar və MMC-nin müştəri bazasını öz tərəfinə çəkib mənimsəyiblər. Hətta bununla bağlı MMC tərəfindən Şahid1 barəsində məlumatların oğurlanması barədə hüquq-mühafizə orqanlarına şikayət edilmişdir. Təsadüfi deyil ki, Şahid1 məhz MMC ilə əməkdaşlığa son qoyandan artıq 5 (beş) ay sonra, yəni MMC-nin məlumat bazasını oğurlayıb özü müvafiq şirkət açandan sonra guya işçi olduğu və əmək haqqının verilməməsindən şikayətlərə başlamışdır. Şəxs MMC-ni rəqib olaraq aradan götürmək üçün Sevinc Mustafayev hətta hüquq-mühafizə orqanlarına böhtan xarakterli əsassız və qondarma şikayətləri etmiş, məqsədlərinə nail ola bilmədiyi üçün, artıq X2 Xidmətinə şikayət etmək üsuluna əl atır. Şəxs MMC-də bütün çalışan şəxslər hamısı rəsmi əmək müqaviləsi əsasında işləyirlər. Cəmi bir nəfərin əmək müqaviləsi bağlamadan məhz işçi qismində götürüb işlətməsi halı MMC-nin sosial və vergi yükünə təsir etmir, həmin halın mövcudluğu heç bir məntiqə sığmır və bunun heç bir zərurəti yoxdur. Qeyd olunduğu kimi, MMC-nin keçmiş təhsil üzrə mütəxəssisi Lətifə Məmmədova da, Şahid1 ilə əlbir olaraq birləşib MMC-nin müştəri bazasını mənimsəyiblər, ona görə də Lətifə Məmmmədova da artıq MMC-nin cəzalandırılmasında və bununla da MMC-yə təzyiqlərin göstərilməsində bilavasitə maraqlıdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən, bilavasitə maraqlı və ədavətli olan şəxslər şahid qismində çıxış edib dindirilə bilməzlər. Şahid1 Şəxs MMC-nə qarşı qeyri-vicdani məqsədlərinə nail olmaq üçün X2 Xidmətindən alət kimi istifadəsinə yol verilməsin və uydurulmuş əmək hüquqlarının pozulması barədə ərizəsi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır Həmin Məcəllənin 49-cu maddəsinə əsasən, Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 01 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə və ya peşələrə qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması və ya təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin məzmunundan görünür ki, işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. İşin araşdırılmış hallarından görünür ki, Şahid1, Şəxs MMC tərəfindən xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmişdir. Həmçinin müəyyən olunur ki, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid mütəmadi, sistematik və davamlı xarakter daşıyan işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranmış, lakin MMC ilə Şahid1 aralarında qanunvercilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmamışdır. Bu hallar iş materialları ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərtib edilmiş protokol əsaslıdır və Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə törədilmiş inzibati xətanı özündə ehtiva edir. İşin hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 18.1.-ci maddəsinə əsasən 18.1-ci maddəsinə əsasən “Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.” Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №3(003)-306/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-306/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver