Məhkəmə qərarları › İş №3(003)-3086/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3086/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3086/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1063/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 2 uşağın saxlanılması üçün qətnamə qanuni qüvəyyə mindiyi tarixdən Şəxs hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İcra sənədi əvvəl Bakı şəhəri Səbail Rayon İcra şöbəsininin icraatında olmuş, sonra isə borclu Şəxs Bakı şəhəri, Xəzər rayonu, Xanlar küçəsi, ev 52, mənzil 19-da yaşaması səbəbindən aidiyyəti üzrə Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. İcra işi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur. Bundan sonra borclunun qeyd olunan ünvanda yaşaması müəyyən edilmiş və bu səbəbdən xx.xx.2023-cü il tarixdə borclu barəsində axtarış elan edilməsi qərara alınmış və qərar icra edilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilmişdir. Borclu polis əməkdaşları tərəfindən icra şöbəsinə təhvil verilmişdir. Borclunun icra sənədi barədə məlumatı var. Lakin heç bir ödəniş etməmişdir. Məhkəməyə verilməmişdən əvvəldə ona məsuliyyəti barədə xəbərdarlıq edilmiş, lakin ödəniş edə bilməyəcəyi bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X8 izahatında bildirdi ki, borclu barəsində məhkəmə hökmü çıxdıqdan sonra heç bir ödəniş etməmişdir. Hazırda Şəxs həbs olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, əvvəllər ödənişlər etmiş, lakin hazırda işsizdir. Ona görə də ödəniş edə bilmir. Ayağında qolbağ var, bu səbəbdən də istədiyi işi görə bilmir. İş materiallarına əlavə edilmiş: -MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-1063/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsin əsasən 2 uşağa görə hər ay 350 manat aliment, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutularaq X5 ödənilməlidir. Hazırda 6050 manat aliment borcu vardır. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1063/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 2(009)-2758/18 saylı qətnaməsi əsasında cavabdeh Şəxs hər ay sabit pul məbləğində tutulan 154 manat alimentin həcmi artırılaraq hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməli və bu vəsait bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı X5 verilməlidir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-139/2023 saylı hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin Şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Şəxs üzərinə Bakı şəhəri və Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Şəxs cinayət işi üzrə vurulmuş 3950 manat məbləğində borc və 61.50 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4011.50 manat məbləğində pulun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X5 ödənilmsi hökm edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1063/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada Şəxs xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü müəyyən edilməsi üçün qanunda nəzərdə tutulmuş qaydada vaxt müəyyən edilmişdir. Şəxs icra sənədi barədə məlumatı olmuş, lakin heç bir ödəniş etməmişdir. İcra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olubolmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, Lakin heç bir nəticə əldə olunmamışdır. Həmçinin iş materiallarından görünür ki, icra məmuru tərəfindən borclunun yaşayış yerinin müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan olunmuşdur. Bununla da müəyyən olunur ki, Şəxs icra sənədi üzrə müəyyən olunmuş borcunu qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment borc öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, ödənilməmiş borcun miqdarını, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X9 X1 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar