Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-309/2022 06.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X1 və onun vəkili X3 iştirakları ilə, X2 barəsində tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi üzrə buraxılmış müddətin bərpa olunması, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 tərəfindən şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X11 İdarəsinin YNH üzrə inspektoru, polis kapitanı X6 19.01.2022-ci il tarixdə onun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinə görə 26.01.2022-ci il tarixdə barəsində İXP4420575 saylı inzibati protokol tərtib edərək 40 manat cərimə olunması barədə TP-4823777 saylı qərar qəbul etmişdir. N.Cəlilov qərarını onunla əsaslandırmışdır ki, guya idarə etdiyi “Nissan” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Buzovna qəsəbəsi Albalılıq yolunda hərəkətdə olarkən qarşında onun eyni zolaqda hərəkət edən “VAZ” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlamamış və həmin avtomobil sola dönmə əməliyyatı edərkən avtomobilin arxa hissəsindən vurmuşdur. Hazırda o, həmin qərardan narazıdır və qərarın ləğv olunmasını xahiş edir. Belə ki, 19.01.2022-ci il tarixdə, saat 20.40 radələrində etibarnamə ilə idarə etdiyi “Nissan” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsi Albalılıq yolunda bir istiqamət üzrə 2 hərəkət zolağı olan yolun ikinci zolağı ilə hərəkət edərək evə gedən zaman onunla eyni istiqamətdə, birinci zolaqda, yəni ondan sağda “VAZ” markalı, **-GS- *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edirmiş. Hətta hadisə baş verdiyi yerdə qabaqdakı yol ayrıcında işıqforun qırmızı işığı yanarkən onlar həmin avtomobillə sağda, onun avtomobili solda olmaqla yan-yana dayanaraq yenidən hərəkətə başlamışlar və bir qədər yolu hər kəs öz hərəkət etdiyi zolaqla getdikdən sonra, “Lider” mağazasının qarşısında həmin avtomobilin sürücüsü qəfildən qarşısında sola dönmə manevri etmiş və o avtomobili saxlaya bilməyərək onun avtomobilini vurmuşdur. Bu zaman avtomobilinin sağ qabaq küncü həmin avtomobilin sol arxa küncünə dəymişdir. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilinin qabaq sağ küncü, digər avtomobilin arxa sol küncü əzilmişdir. Sonradan o, həmin avtomobilin sürücüsünün ünvan 1 ünvanında qeydiyyatda olan X4 olduğunu öyrənmişdir. Hadisədən sonra Bakı şəhəri X11 İdarəsinin YNH üzrə inspektoru, polis kapitanı X6 hadisə yerinə gəlmiş və hadisə yerində heç bir sənəd tərtib etmədən, heç bir ölçü-biçi aparmadan, hətta maşınından belə yerə düşmədən onlara “arxamca gəlin” deyib getmişdir. Onlar onun arxasınca idarəyə gəlmişlər. İdarədə inspektor onları ayrılıqda qəbul etmiş və ona bildirmişdir ki, “ara məsafəsini gözləməyib Nazim Məmmədovun idarə etdiyi avtomobilini arxadan vurmusan, 700 manat ver sənə kömək edək”. O razılaşmamış və bildirmişdir ki, onunla arxa-arxaya getməmişdir ki, ara məsafəsi saxlasın, Nazim Məmmədov ondan sağ zolaqda hərəkət etmişdir. 26.01.2022-ci il tarixdə inspektor onu yanına çağırmış və hadisə ilə bağlı ona yuxarıda qeyd etdiyi protokolu tərtib etmiş və həmin gün onun mobil telefonuna 40 manat cərimə olunması barədə mesai gəlmişdir. Barəsində tərtib olunmuş sənədlərin surətini tələb etsə də müxtəlif bəhanələrlə onları vermək istəməmişdir. Nəhayət idarə rəisinin adına rəsmi ərizə yazdıqdan sonra sənədlər 06.02.2022-ci il tarixdə ona təqdim olunmuşdur. Bildirir ki, həmin sənədlər hamısı şöbədə tərtib olunmuş və öz izahatından başqa sənədlərin heç birində imzası yoxdur, sənədlərdə olan imzaların hamısı saxtadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 may 2017-ci il tarixli qərarı ilə təsdiq olunmuş Q25-001-17 nömrəli təlimatın 17 saylı əlavəsinə əsasən tərtib olunmalı olan yolnəqliyyat hadisəsinin sxemi bağça uşaqlarının çəkə biləcəyi rəsmdən fərqlənmir. Sxemdə hal şahidlərinin iştirakı qoyulmamış, təlimata əsasən sxemdə nəqliyyat vasitələrinin hadisədən sonrakı vəziyyətini tam açıqlayan, onların stasionar məntəqələrə bağlılığı barədə məlumatlar əks olunmalı olduğu halda, heç bir ölçü göstərilməmiş, hadisənin konkret olaraq yolun hansı hissəsində baş verməsi, toqquşma nöqtəsinin yolun sağ və sol kənarından hansı məsafədə olması, nəqliyyat vasitələrinə məxsus təkər və ya tormoz izlərinin olması öz əksini tapmamışdır. N.Cəlilovun tərtib etdiyi sxemdə bir neçə xətdən və 2 ədəd avtomobil şəklindən başqa heç nə yoxdur. Onların hadisə ilə heç bir əlaqəsi olmayan həmin sxem N.Cəlilovun təxəyyülünün məhsuludur. Həmçinin bildirir ki, sxem hadisə yerində tərtib olunmalı olduğu halda idarədə tərtib olunmuşdur. N.Cəlilov onları idarəyə apardıqdan sonra özünün diktə edərək yazdırdığı hər biri 2-3 cümlədən ibarət olan izahatlarla kifayətlənmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublukası Qanununun 42-ci maddəsinin V hissəsinə əsasən Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən onunla eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Əvvəldə qeyd etdiyi kimi, “VAZ” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla eyni istiqamətdə ondan sağdakı hərəkət zolağı ilə hərəkət edirdi və manevretmə zamanı ona yol verməli olduğu halda birbaşa onun qarşısında sola dönmə manevri etmiş və onunla toqquşmuşdur. Əlavə olaraq bildirir ki, həmin sürücünün manevr etdiyi yer özü belə bu manevri qadağan edir. Belə ki, “VAZ” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün manevr edərək sola və ya geriyə dönmək istədiyi yol sahəsi bütöv qoşa xətlə nişanlanmişdır. Həmin sürücü bütöv qoşa xətti kəsərək sola və ya geriyə dönmə manevri etmişdir. Məhkəmə iclasında X2 və onun vəkili X7 şikayətin məzmununa uyğun izahat verərək, sadaladıqları faktlara və qanunlara istinadən barəsində çıxarılmış qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X11 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişlər. Məhkəmə işə Bakı şəhəri X11 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsini araşdırıb, izahatı dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X11 İdarəsinin əməkdaşı, polis kapitanı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 19.01.2022-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Buzovna qəsəbəsi, Albalılıq yolunda baş vermiş yol-nəqliyyat hadisəsinə görə X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi sxeminin surətindən görünür ki, sxem sürücülər tərəfindən imzalanmış, lakin hal şahidləri tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmədə müəyyən edildi ki, X2 inzibati tənbeh vermə haqqından qərardan yaşayış yeri üzrə Abşeron Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin şikayətində çatışmamazlıqların olduğu əsas gətirilərək müraciəti geri qaytarılmışdır. Bu səbəbdən də şikayət vermə müddətini ötürmüşdür. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, TP ******* nömrəli inzibati tənbeh vermə qərardan X2 tərəfindən şikayət vermə müddəti üzrlü səbəblərdən buraxılmışdır, ona görə də bərpa edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİİ bəndinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinin 1-ci hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.10-cu bəndinə əsasən inzibati xəta nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya onun sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə “Yol-nəqliyyat hadisəsinin sxemi” tərtib olunur və protokola əlavə edilir (Təlimata 17 nömrəli əlavə). Sxemdə nəqliyyat vasitələrinin hadisədən əvvəlki vəziyyətini təsəvvür etməyə imkan verən dəqiq məlumatlar əks olunur və sxem onu tərtib edən DYP əməkdaşı, hadisənin iştirakçısı olan sürücülər və şahidlər tərəfindən imzalanır. Sürücülərə “Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış” verilir (Təlimata 18 nömrəli əlavə). Həmin Təlimatın 10.6-cı bəndinə əsasən hadisə yerinə baxış keçiriləndən və hadisəni törətmiş şəxslər, habelə şahidlər dinlənəndən sonra aşağıdakı sənədlər tərtib olunur: 10.6.1. inzibati xəta haqqında protokol; 10.6.2. yol-nəqliyyat hadisəsi yerinin sxemi; 10.6.3. hadisə iştirakçılarının və şahidlərin izahatları; 10.6.4. yol-nəqliyyat hadisəsinin uçot qaydaları ilə müəyyən edilmiş qeydiyyat vərəqəsi; 10.6.5. hadisə yerindən sürücünün nəqliyyat vasitəsi ilə birgə yayındığı halda onun axtarışı üçün keçirilmiş ilkin tədbirlər barədə sənədlər və raport. 10.7. Sürücüsü hadisə yerindən yayınmış nəqliyyat vasitəsi tapıldıqda DYP əməkdaşı ona baxış keçirir, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmaqla nəticəsi ilə bağlı protokol tərtib edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Həmçinin, məhkəmə hesab edir ki, Bakı şəhəri X11 İdarəsinin əməkdaşı, polis mayoru X6 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50 və 51-ci maddələrinin tələblərinin hansı sürücülər tərəfindən pozulub-pozulmaması araşdırılmamış, “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.10-cu bəndində göstərilən yolnəqliyyat hadisəsinin sxemi tərtib olunmuş, sürücülər tərəfindən imzalanmış, lakin hal şahidləri tərəfindən imzalanmamışdır. Eyni zamanda iş materiallarında olan foto-şəkillərdən görünür ki, sürücü X2 düzgün ara məsafəsi seçmişdir. Belə ki, hadisə yerində əyləc izləri müəyyən edilməmişdir. Buradan da müəyyən olunur ki, “VAZ” markalı nəqliyyat vasitəsi anidən sola dönmə əməliyyatı yerinə yetirərək “Nissan X-trail” markalı nəqliyyat vasitəsinin yoluna çıxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X2 ara məsafə saxlamadığına görə təqsirli bilinmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 105, 114- 117, 128-130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X11 İdarəsinin əməkdaşı, polis kapitanı X6 tərəfindən tərtib edilmiş 19.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında 19.01.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən şikayət vermə müddəti bərpa edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri X11 İdarəsinin əməkdaşı, polis kapitanı X6 tərəfindən tərtib edilmiş 19.01.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında 19.01.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-309/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-309/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver