Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3119/2023 16.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Hava Nəqliyyatında Baş Polis İdarəsinin İTŞ-nin baş inspektoru polis kapitanı Yaşar Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 26 noyabr 1993-cü il tarixdə Naftalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Hava Nəqliyyatında Baş Polis İdarəsi (bundan sonra mətndə HNBPİ) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 510 və 206-cı maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 16 dekabr 2023-cü il tarixdə saat 03:30 radələrində X2 Aeroportunun ərazisində mübahisə edərək ictimai qaydanı pozmuş və narkoloji mərkəzin 3377 saylı rəyinə əsasən marixuana qəbul etmişdir. Bununla əlaqədar Şəxs barəsində HNBPİ-nin baş inspektoru polis kapitanı Yaşar Məmmədov tərəfindən 16 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələri ilə MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında HNBPİ-nin baş inspektoru polis kapitanı Yaşar Məmmədov tərtib edilmiş protokolların məzmununa uyğun izahat verərək göstərdi ki, 16 dekabr 2023cü il tarixdə saat təxminən 03:20-də X2 Aeroportunun 1 saylı terminalının qarşısında X1 və Şəxs bir-biri ilə mübahisə etdikləri və ictimai qaydanı pozduqları üçün manqa komandirləri onlara yaxınlaşmış, bu zaman onlar özlərini şübhəli apardıqları üçün saxlanılmışlar və barələrində tədbir görülməsi üçün idarəyə göndərilmişlər. Həmin vaxt onlar narkotik vasitənin təsiri altında olmuşlar. Bu əməlləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, Turqut onun dostudur. Bir aya yaxındır ki, işsizdir və buna görə də xx.xx.2023-cü il tarixdə dostu Turqut Abassovla birlikdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün X2 Aeroportuna gəlmişlər. Turqut hava limanının avtodayanacağında avtomobilini saxlamışdır. Bir müddət sonra Turqutla söhbət edən zaman aralarında mübahisə yaranmışdır. Bu zaman orada xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış, ictimai qaydaya əməl etmələri tələb edilmişdir. Üzərilərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığından polis əməkdaşları onları saxlamışlar. Dostu Turqutla 1 gün əvvəl rayonda toy mərasimində narkotik vasitə olan marixuana qəbul etmişlər. Ona görə də polisdən çəkinmişlər. Həmin polis onlardan nə üçün mübahisə etdiklərini soruşmuşlar. Onların sənədləri olmadığına görə polis idarəsinə dəvət edilmişlər. Turqutla aralarında mübahisə olmuşdur, lakin bir-birlərinə nalayiq ifadələr işlətməmişlər. Sadəcə olaraq yüksək səslə mübahisə etmişlər. Mübahisə etdikləri zaman hava limanının avtodayanacağının ərazisində kənar şəxslər də olmuşdur. Əməlindən peşman olduğunu, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 16 dekabr 2023-cü il tarixdə saat 03:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də Şəxs barəsində 70 (yetmiş) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. İnzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olundu ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib olunmuş material məhkəməyə natamam şəkildə təqdim olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Qeyd olunan normalardan göründüyü kimi, Şəxs təqsirləndirildiyi inzibati xətanı nəzərdə tutan İXM-nin 206-cı maddəsinin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulmuşdur. Onun təqsirləndirildiyi inzibati xəta narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və s. ilə bağlıdır. Ona görə də, Şəxs barəsində inzibati xəta haqqında işə baxılması zamanı qiymət verilməli məsələlərdən biri də ona narkomaniyadan məcburi müalicə təyin edilib-edilməməsi məsələsidir. Lakin iş materiallarında onun məcburi müalicəyə ehtiyacı olub-olmamasını təsdiq edən heç bir tibbi sənəd yoxdur. Bundan başqa, inzibati xətaya görə sanksiya qismində inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, İXM-in 111.3-cü maddəsinin tələbi baxımından hazırkı materiala daxil olduğu gün baxılmalıdır. Bu müddət ərzində məhkəmənin Şəxs tibbi yoxlanılmasını təşkil etməsi və rəy alması mümkün deyildir. Buna görə məhkəmə hesab edir ki, təqdim edilmiş material natamamdır və işə baxılarkən materialın tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə də məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş hissədə baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 109, 111, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 70 (yetmiş) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş hissədə baxılmadan geri qaytarılsın. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №3(003)-3119/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3119/2023
16.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver