Məhkəmə qərarları › İş №3(003)-3135/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-3135/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-3135/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 izahat verərək bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1013/18 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə 2 uşağın yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X3 ödənilməlidir. Borclu Şəxs icra şöbəsinə gəlmədiyinə görə dəfələrlə barəsində axtarış elan edilmişdir. 2021-ci ildə ilk dəfə Şəxs barəsində məhkəmə qərarı əsasında 15 gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Ondan sonra icra şöbəsinə yaxınlaşaraq işlədiyini bildirmiş və icra sənədi üzrə borcun onun əmək haqqına yönəldilməsini xahiş etmişdir. Bundan sonra icra sənədi üzrə tələb onun əmək haqqına yönəldilmişdir. İcra sənədi üzrə onun əmək haqqından yüngül tutulmalar aparılmışdır. xx.xx.2023-cü ildə işdən çıxmışdır. Bundan sonra ödənişlər etməmiş, çağırışlardan yayınmışdır. Ona görə barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixdə barəsində 10 gün müddətində inzibati həbs qaydasında tənbeh tədbiri tətbiq edilmişdir. Həmin müddətdən sonra dediyinə görə ödənişlər etmiş, lakin müvafiq qəbzləri təqdim etməmişdir. Telefonla əlaqə saxlanılmış, icra şöbəsinə dəvət edilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Lakin gəlməyəcəyini və barəsində nə istəyirsə etməsini bildirmişdir. İzahatında həmçinin bildirmişdir ki, əvvəllər tələbkarla arasında borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmiş, lakin o, həmin razılaşmanı da pozmuş və borcun ödənilməsindən yayınmışdır. İcra şöbəsinə gəlməkdən yayındığına görə də barəsində yenidən axtarış elan edilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Hazırda Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdən sonra bir ay ödəmiş, digər ayda ödəməmişdir. Son iki ayda ümumiyyətlə heç bir ödəniş etməmişdir. Etdiyi ödənişlər isə 100, 180 manat məbləğində olmuşdur. O, uşaqlarına baxa bilmir. Ona görə də Şəxs barəsində ağır cəzanın verilməsini xahiş etdi. İzahatında həmçinin bildirdi ki, Şəxs tərəfindən aralarında olan razılaşmaya əsasən 200 manat məbləğində pul ona verilməmiş, az məbləğdə pul verilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdən sonra hər ay 200 manat ödəniş etmiş, lakin o, yolda tutulduğundan həmin qəbzlər evdə qalmış və hazırda məhkəməyə təqdim edə bilmir. Qarabağda sürücü işləyir, hər ay 400-500 manat əmək haqqı alır. İşdə olan sükan arxasında olur, ona görə də icra məmurunun zənglərinə cavab verə bilməmişdir. İzahatında həmçinin qeyd etmişdir ki, X7 uşaqlarını onun yanında göndərmədiyinə görə lazımi qaydada ödənişlər etmir. Belə ki, uşaqları onun yanına göndərsə, o da məcbur olub uşaqların istəklərini ala bilər. İmkanı olmadığından 14881 manat borcu ödəməyəcəkdir. Hazırda özünü təqsirli bilir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: -MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1013/18 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi səbəbinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İcra sənədi üzrə borc 14881 manat təşkil edir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1013/18 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(003)-1053/2014 saylı qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmçinin iş materiallarından görünür ki, borclu Şəxs icra sənədi barədə məlumatı var, icra məmuru tərəfindən dəfələrlə izahatı alınmış və o, izahatında imkanı olmadığına görə ödəniş edə bilmədiyini bildirmişdir. Bundan başqa görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə borcun ödənilməsindən yayınmasına görə məsuliyyəti barədə xəbərdarlıq edilməsinə baxmayaraq, o yenə də heç bir ödəniş etməmişdir. İcra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş, onun əmlak vəziyyətini və adına əmanət və pul vəsaitlərinin olub-olmamasının yoxlamaq məqsədilə aidiyyəti qurumlara sorğular edilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. İşin məhkəmə iclasında araşdırılmış hallarından isə müəyyən edilir ki, əvvəllər zərərçəkmiş şəxs X7 ilə Şəxs arasında şifahi qaydada icra sənədi üzrə yaranmış borcun hissə-hissə ödənilməsi barədə razılıq əldə edilmiş, lakin Şəxs həmin razılaşmaya əməl etməyərək müvafiq qaydada ödənişlər etməkdən yayınmışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatından isə görünür ki, onun tərəfindən icra sənədi üzrə hətta ödəməli olduğu cəmi 280 manat alimenti ödəməmək üçün tutarlı səbəbləri olmamışdır. Vaxtı-vaxtında ödəniş etməməsinə, az məbləğlərdə ödəniş etməsinə səbəblər isə izahatına əsasən uşaqlarının onunla ünsiyyətinə törədilən maneələr olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1013/18 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yetirməməsinə görə Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra bir il keçməmiş hal-hazıradək icra sənədi üzrə lazımi qaydada və məbləğlərdə alimenti və yaranmış aliment borcunu ödəməməklə icra sənədinin icrasından yanınmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş protokol əsaslıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsin əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında özünü təqsirli hesab etməsini isə məhkəmə, onun törətdiyi inzibati xətaya görə peşman olması kimi qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment borc öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, ödənilməmiş borcun miqdarını, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, onu inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Bilavasitə tabe olan X11 X5 həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar