Məhkəmə qərarları › İş №3(003)-32/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-32/2022

17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-32/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Şəxs (bundan sonra MMC-nin) nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 211.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən 01 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən Şəxs MMC-yə məxsus aptekdə epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması faktı, yəni fərdi qoruyucu vasitələrdən (maskadan) istifadə olunmadığı aşkar edilmişdir. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Baş Dövlət vergi müfəttişi X2 tərəfindən 01 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 03 iyul 2020-ci il tarixli 1082 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”sinə dəyişikliklər edilərək “3.0.91-5. Strukturuna daxil olan müvafiq qurum vasitəsilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;” yarımbəndi və 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”sinə dəyişikliklər edilərək “3.0.18-1. Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək;” yarımbəndləri əlavə edilmişdir. Dövlət Vergi Xidmətinin 03.07.2020-ci il tarixli **********660100 nömrəli əmri ilə “Sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əlejhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Metodiki Təlimat” təsdiq edilmişdir. Qeyd edilən əmrin 2-ci bəndi ilə sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarət vergi orqanlarının operativ vergi nəzarəti strukturlarının əməkdaşlarına həvalə edilmişdir. Dövlət Vergi Xidmətinin 03.07.2020-ci il tarixli **********660100 nömrəli əmri ilə təsdiq edilmiş Metodiki Təlimatın 2.6-cı bəndinə əsasən isə İnzibati Xətalar Məcəlləsinin 211.1-211.3-cü maddələri üzrə sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə göstərilən inzibati tənbehlərin tətbiq edilməsi məqsədilə əməkdaşlar tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunaraq zəruri sənədlərlə birlikdə aidiyyəti rayon (şəhər) məhkəmələrinə göndərilməsinin təmin edilməsi tapşırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini göstərmiş, məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirərək iş üzrə tərtib edilmiş protokolu müdafiə etdiklərini və inzibati cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 etiraz ilə məhkəməyə müraciət edərək göstərdi ki, barələrində tərtib edilmiş protokolu əsassız və qeyri-qanuni hesab edirlər. Belə ki, fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsinə istinad olunan şəxsin şəxsiyyətinin və həmin şəxslə cəmiyyət arasında hər hansı hüquqi bağlılığın olmasının, onun əməkdaşının olub-olmamasının müəyyən edilmədiyi halda, hansı əsasla həmin şəxsin hərəkətlərinə görə cəmiyyətin məsuliyyət daşımalı olması və həmin fiziki şəxsin özünün barəsində hər hansı hüquqi tədbir görülmədiyi halda cəmiyyətin məsuliyyətə cəlb edilməsi maraq doğurur. Hesab edirlər ki, kimliyi məlum olmayan şəxsin hər hansı davranışına görə cəmiyyətin məsuliyyətə cəlb edilməsinin heç bir hüquqi əsası yoxdur və bu tamamilə qərəzli xarakter daşıyır. Fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsinə istinad olunan şəxsin həmin fərdi qoruyucu vasitədən istifadə etməməsi yalnız həmin şəxsin özünün məsuliyyətini yarada bilər. Həmin şəxsin qeyd edilən inzibati xətası nəticəsində cəmiyyət hər hansı bir xeyir görmür və ya həmin inzibati xəta cəmiyyətin maraqları üçün törədilməmişdir. Şəxs maskadan istifadə edərək və ya etməyərək də həmin işi görə bilər. İstənilən hər iki halda şəxsin öz işini görməsi nəticəsində cəmiyyətilərinə hər hansı bir əlavə xeyir, mənfəət daxil olmur. Ona görə də hətta şəxs əgər belə bir inzibati xəta törətmişdirsə də onun inzibati xətası, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində müəyyən edilmiş hallar olmalıdır. Belə ki, həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi səxsin xeyrinə və va onun maraqlarının qorunması üçün həmin maddədə qeyd edilmiş şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Beləliklə də hesab edirlər ki, Şəxs MMC-nin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmədiyindən, yaranmış zidiyyətli məqamlar cəmiyyətlərinin xeyrinə həll edilməlidir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Şəxs MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında etiraz ərizəsinə uyğun verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi cəmiyyəti müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş 01 dekabr 2021-ci il tarixli aktdan görünür ki, Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi müəssisədə olmadığından, yaradılmış telefon əlaqəsi zamanı iştirak edə bilməyəcəyini bildirdiyinə görə izahat verə, protokol imza edə və bir nüsxəsini qəbul edə bilməmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Şəxs MMC-nin işçisi qoruyucu maskadan istifadə etməmişdir. Eyni zamanda aptekdə qoyulmuş şüşə arakəsməsinin iç hissəsində kağıza yazılmış yazıdan müəyyən olunur ki, aptek Şəxs MMC-yə məxsusdur və satıcı isə həmin cəmiyyətin işçisidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 211.2-cü maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, Şəxs MMC-nin işçisi qoruyucu maskadan istifadə etməmişdir. Həmçinin, həmin fotoşəkildə görünən şüşə arakəsməsinin iç hissəsində kağıza yazılmış yazıdan aptekin Şəxs MMCyə məxsus olması və satıcının da həmin cəmiyyətin işçisi olması müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Azərbaycan Respublikası İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Eyni zamanda Şəxs MMC-nə izah edilir ki, Azərbaycan Respublikasının İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 115-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1200 (bir min iki yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar