Məhkəmə qərarları › İş №3(003)-32/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-32/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-32/2025 06.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Şikayətçi X1 iştirakı ilə X3 barəsində Xəzər rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi (bundan sonra mətndə Xəzər RPİ 2-ci PŞ) tərəfindən verilmiş EPQ ******* nömrəli, 24 dekabr 2024-cü il tarixli inzibati tənbeh etmə haqqında qərarın ləğvinə dair verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xəzər RPİ 2-ci PŞ tərəfindən verilmiş EPQ ******* nömrəli, 24 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Xəzər RPİ 2-ci PŞ-nin sahə rəisi Bəxtiyar Quliyev tərəfindən o, İXM-nin 266.3-cü maddəsi ilə 300 manat cərimə edilmişdir. Barəsində tətbiq edilmiş protokolla razı deyil. İnzibati protokol onun iştirakı olmadan tərtib edilmiş və əsassız olduğuna görə ləğv edilməlidir. Belə ki, yaşadığı binada kanalizasiya sistemi tam yararsız olduğundan çirkab sular yaşayış binasının altına dolmuş və nəticədə ona səbəbsiz yerə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cərimə onun xəbəri olmadan tətbiq edilmişdir. Sonradan “Asanpay” ödəniş sistemi vasitəsilə məlumatı olmuşdur. O, hər hansı kanalizasiya suyu axıtmamışdır. Su öz-özünə axmışdır. Zirzəmini özləri təmizləmişdir. Qərarından şikayət verilən orqana – Xəzər RPİ 2-ci PŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.2-ci maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 əməlində Azərbaycan Respublikası İXM-nin 266.2-ci maddəsində göstərilən əlamətlər yoxdur və buna görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xəzər RPİ 2-ci PŞ-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 24 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Xəzər Rayon Sukanal İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə qurumun əməkdaşları tərəfindən onun ünvanına baxış keçirilmiş, kanalizasiya xəttinin tutulması səbəbindən zirzəmiyə çirkab su axıntısı müəyyən edilmiş və qəza aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.2-ci maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 52-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - üç yüz manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə ki, X1 təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. X3 məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmamasını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin, müəyyən edilmişdir ki, kanalizasiya sistemində qəza baş vermiş, bu səbəbdən zirzəmiyə çirkab suları axmışdır. Yəni, burada X1 heç bir təqsiri yoxdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 266.3-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə olunmasına dair Xəzər RPİ 2-ci PŞ-nin sahə rəisi X5 tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli, 24 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar