Məhkəmə qərarları › İş №3(003)-329/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-329/2021

04.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-329/2021 04.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi X1 iştirakı ilə X2 Bakı şəhər Baş Polis İdarəsi Yol Polisi İdarəsi tərəfindən verilmiş TP ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarın ləğvinə dair verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətini müdafiə edərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə o, ağır xəstə olan qızını özünə məxsus “Renault” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə doğum evinə apararkən səhər saat 09:14-də Bakı şəhəri Heydər Əliyev prospektində YPX inspektoru tərəfindən saxlanılmış, yoxlama zamanı inspektor ona dair zəruri məlumatların həmin saatda “icazə.e.gov.az” portalında mövcud olmadığını bildirərək onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək onu 200 manat məbləğində cərimə etmişdir. O, maşında qızının faktiki durumunu görən YPX əməkdaşına qəfildən hamilə qızının həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandığını izah edib onun təxirəsalınmaz tibbi yardıma çatdırılması zərurəti yarandığına görə həmin anda bir ata olaraq nəyin bahasına olursa-olsun qızının həyatını xilas etməyi düşündüyü üçün son zərurət vəziyyətində icazə almadan yola təcili çıxdığını, həm də yaşlı, həyəcanlı, çox fikirli olduğu üçün icazə almağı sadəcə unutduğunu etiraf etmiş, kasıb ailəsinin maddi vəziyyətinin çox pis olduğunu, qızının müalicəsinə müəyyən məbləğdə pul lazım olacağını, belə vəziyyətdə qanunun da vətəndaşa humanist yanaşmasını izah edib bir insan kimi bunu üzrlü hal hesab etməsini və ona güzəşt edib cərimə yazmamasını xahiş etsə də, bunun heç bir faydası olmamış, əksinə, ona köməklik etmək əvəzinə, onunla kobud rəftar edilmiş və o, yalan danışmaqda günahlandırılmış, daha sonra Bakı şəhər BPİ YPİ-nə müraciət etməsi bildirilmişdir. Həmin anda maşında ağır vəziyyətdə ağrılardan inildəyən qızının və həyat yoldaşının yanında mənəvi əzab çəkmişdir. Oradan aralandıqdan sonra qızını birtəhər xəstəxanaya çatdıraraq müvafiq müayinələrdən keçirmiş, analizlər verdirmiş və sözün əsil mənasında onun həyatını xilas etmişdir. Hesab edir ki, son zərurət vəziyyətində qızını həmin vaxt xəstəxanaya çatdırmasaydı, bəlkə də ağır nəticələr baş verə bilərdi və o, buna görə bir valideyn olaraq ömür boyu mənəvi əzab çəkərdi, övladının üzünə baxa bilməzdi. Bundan sonra o, Bakı şəhər BPİ YPİ-nə 13 dəfə gedərək, hətta yazılı ərizə ilə müraciət edərək hər hansı bir səlahiyyətli şəxslə görüşmək, vəziyyətini izah etmək və ona güzəşt edilməsini xahiş etmək istəmiş, lakin buna nail ola bilməmiş, ünvanına başdansovdu cavab məktubu göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə baş vermiş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş TP ******* nömrəli protokolu aldıqdan sonra məhkəməyə müraciət etməyi qərara almışdır. Hazırda heç bir yerdə işləmir, ağır xəstə olan qızı da iki uşağı ilə bərabər onun himayəsindədir. Hesab edir ki, hətta günahı da varsa belə, ailə vəziyyəti nəzərə alınmalı və ona yazılmış cəriməni ödəməkdən azad edilməlidir. Bütün bunların, həmçinin son zərurət vəziyyətində hərəkət etdiyinin nəzərə alınaraq Bakı şəhər Baş Polis İdarəsi Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh etmə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Qərarından şikayət verilən orqana - Bakı şəhər Baş Polis İdarəsi Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin həmin orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şikayət ərizəsini araşdırıb, şikayətçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Renault” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Heydər Əliyev prospektində YPX inspektoru tərəfindən saxlanılaraq epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla əlaqədar Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.3-cü maddəsinə əsasən şəxs son zərurət vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 211.1-ci maddəsinəəsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görəfiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli, 488 nömrəli qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarının 2.3-cü bəndinə əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində yeni növ koronavirus (COVİD- 19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejimi xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək uzadılmış, eyni zamanda əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. Müəyyən edilmişdir ki, insanların fərdi evlərdən və mənzillərdən çıxışı təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür. Həmçinin, iş materiallarına əlavə edilmiş sənədlər və X2 izahatı ilə müəyyən edildi ki, xx xxxxxx 2020-ci il tarixdə o, ağır xəstə olan qızını özünə məxsus “Renault” markalı **- RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə doğum evinə apararkən səhər saat 09:14-də Bakı şəhəri Heydər Əliyev prospektində YPX inspektoru tərəfindən saxlanılmış, yoxlama zamanı inspektor ona dair zəruri məlumatların həmin saatda “icazə.e.gov.az” portalında mövcud olmadığını bildirərək onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək onu 200 manat məbləğində cərimə etmişdir. Kərəm Həbiyev xx xxxxxx 2020-ci il tarixdə qəfildən hamilə qızının həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yarandığına görə onun təxirəsalınmaz tibbi yardıma çatdırılması zərurətindən son zərurət vəziyyətində hərəkət edərək icazə almadan yola təcili çıxmış, həmin anda icazə almağı sadəcə unutduğunu etiraf etmiş, bunu üzrlü hal hesab edərək ona güzəşt edib cərimə yazılmamasını xahiş etmişdir. Həmin anda onun idarə etdiyi maşında ağır vəziyyətdə olan hamilə qızı və həyat yoldaşı olmuşdur. Kərəm Həbiyev son zərurət vəziyyətində qızını xəstəxanaya çatdıraraq müvafiq müayinələrdən keçirmiş, analizlər verdirmiş və onun həyatını xilas etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olsa da, həmin vaxt o, son zərurət vəziyyətində hərəkət etdiyinə görə onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.3, 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər X11 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru X5 tərəfindən tərtib edilmiş TP ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs son zərurət vəziyyətində hərəkət etdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar