Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(003)-33/2022 07.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə "xxxx" ASC) nümayəndəsi X1 iştirakı ilə "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 482.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən (bundan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Protokola əsasən "xxxx" ASC tərəfindən göndərilən ixrac gömrük proseduru altında bəyan edilən yük nəzarətə götürülmüşdür. Yükün yoxlanılması zamanı mallar barəsində düzgün olmayan məlumatlar verilmişdir. Bununla bağlı "xxxx" ASC-nin barəsində Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X2 tərəfindən 13 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsi ilə 00800-0245/21 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 göstərdi ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla, habelə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilmədiyindən "xxxx" ASC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə materiallar həmin quruma geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsinə görə protokol ciddi hesabat sənədi olmaqla, forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2017-ci il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi” Qaydalarına əsasən protokol, qərar (qərardad) blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, protokol, qərar (qərardad) blanklarının istifadəsinin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qaydalara 1 nömrəli əlavədə protokol, qərar (qərardad) blanklarının spesifikasiyasının tələbləri konkret şəkildə göstərilmişdir. Belə ki, həmin əlavəyə görə inzibati xəta haqqında protokol blankları iki səhifədən və iki nüsxədən ibarət olmalıdır. Blankın birinci nüsxəsi ağ rəngdə olmaqla, kağızı yazını (diyircəkli) qələmlə yazılan zaman ikinci nüsxəyə keçirən (özükeçirən) olmalıdır. Blankın ikinci nüsxəsi rəngli olmaqla, kağızı yazı keçirən olmamalıdır; blank çoxçalarlı ofset üsulu ilə çap olunmalı, blankın bütün nüsxələrinin üzərindəki nömrələr qara mürəkkəblə çap edilməlidir; blankın üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikasının Dövlət gerbi göstərilir. Bundan başqa, Qaydalara 1-1 nömrəli əlavədə isə elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blanklarının spesifikasiyası göstərilmişdir. Bu əlavəyə görə elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blankları ciddi hesabat sənədinin seriyasını və nömrəsini özündə əks etdirməli, lakin üzərində sətir və göstəricilər olmadan boş hazırlanmalıdır; kağızın tərkibində olan müdafiə işarələrinin saxta olub-olmamasını xüsusi vasitələrlə yoxlamaq imkanı olmalıdır; blankın üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada yarımşəffaf şəkildə Azərbaycan Respublikasının Dövlət Gerbi göstərilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqına protokol ciddi hesabat sənədi olmaqla, onu hazırlayan, müvafiq uçotu aparan və sifariş üzrə aidiyyəti qurumları həmin sənədlərlə təmin edən məsul orqan kimi yalnız Maliyyə Nazirliyi müəyyən edilmişdir. Bundan başqa, bu ciddi hesabat sənədinin mütləq şəkildə cavab verməli olduğu tələblər də müəyyən edilmişdir ki, bu tələblərə cavab verilməməsi tərtib edilmiş protokolun ciddi hesabat sənədi olmasını istisna edir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə materialların protokolu tərtib edən orqana geri qaytarılması xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2017-ci il tarixli, 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”na görə: protokol, qərar (qərardad) blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, protokol, qərar (qərardad) blanklarının istifadəsinin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir (1.2-ci bənd); aidiyyəti orqanlar növbəti ilin tələbatına uyğun proqnozlaşdırılan protokol, qərar (qərardad) blanklarının miqdarı barədə hər il iyulun 1-dək Nazirliyə rəsmi müraciət edirlər (2.1-ci bənd); elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blankları bu Qaydaların 1-1 nömrəli əlavəsi ilə müəyyən edilmiş spesifikasiyaya uyğun hazırlanır (2-1.1-ci bənd); elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blanklarının hazırlanması, təqdim edilməsi, onların istifadəsinin uçotunun və hesabatının aparılması bu Qaydaların 2-ci (2.2-ci bəndi istisna olmaqla) və 3-cü hissələri ilə tənzimlənir (2-1.2-ci bənd); növbəti il üçün tələb olunan protokol, qərar (qərardad) blanklarının ümumi miqdarı müəyyən edildikdən sonra onların təsdiq edilmiş formalara uyğun hazırlanması (sifarişi) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlik tərəfindən həyata keçirilir. Protokol, qərar (qərardad) blankları bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən olunmuş spesifikasiyaya uyğun hazırlanır (2.2-ci bənd); nazirlik tərəfindən verilmiş protokol, qərar (qərardad) blanklarının uçotu “Qeydiyyat kitabı”nda aparılır. Kitabın hər səhifəsi nömrələnməklə qaytanlanır, Nazirliyin vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir (2.6-cı bənd). Məhkəmə "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında protokol Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydalara uyğun ciddi hesabat sənədi olan blankda tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İXM-nin 482.3-cü maddəsi ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-33/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №3(003)-33/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver