Məhkəmə qərarları › İş №3(003)-338/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-338/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-338/2023 24.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 535.1-ci və 510-cu maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsindən (bundan sonra mətndə Bakı şəhəri Xəzər RPİ 3-cü PŞ) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: 24 yanvar 2023-cü il tarixdə Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PŞ-nin sahə inspektoru, polis mayoru X2 izahatında göstərdi ki, Şəxs 23 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu ərazisində oğurluq cinayəti ilə bağlı saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onları yüksək səslə nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bu səbəbdən Şəxs barəsində hazırda Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək onlara qarşı tabesizlik göstərmiş, yüksək səslə nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilən Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3cü Polis Şöbəsinin polis sahə rəisi X3 bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmət etdiyi inzibati ərazidə baş vermiş mənzil oğurluqları ilə əlaqədar Binə qəsəbəsi Südçülük Sovxozunda bir nəfər şəxsin yaşayış olmayan evlərdən birinə boylandığını görmüşlər. Xidmətdə olduğu polis əməkdaşları ilə birlikdə ona yaxınlaşan zaman Şəxs hündür hasardan yerə tullanaraq qaçmağa cəhd etmişdir. Buna baxmayaraq polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt Şəxs yüksək səslə nalayiq ifadələr işlədərək onları söymüşdür. Şəxs sakitləşdirərək polis bölməsinə dəvət etsələr də, o, polis əməkdaşlarının tələbinə məhəl qoymaraq yenidən qaçmağa cəhd etmişdir. Onlar Şəxs çətinliklə polis bölməsinə gətirmişlər. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cı maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) bir neçə inzibati xəta törətdiyindən, həmin xətalara dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, bu halda həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan 23 yanvar 2023-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 23 yanvar 2023-cü il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 23 yanvar 2023-cü il tarixdə saat 10:00-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 23 yanvar 2023-cü il tarixdə saat 10:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar