Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-34/2024 09.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2, 264.0.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı 1764327-344 nömrəli, 08 sentyabr 2023-cü il tarixli protokola əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Ağaəmi Rəhimov küçəsində yerləşən çirkab suların təmizlənməsi üçün nəzərdə tutulan təmizləyici qurğunun işlək vəziyyətdə olmaması, qurğunun istismar qaydasının pozulması, qurğuya daxil olan çirkab suların təmizlənmədən ətraf mühitə axıdılması müəyyən edilmişdir. Bununla da, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2, 264.0.1 və 266.2-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X4 bidirmişdir ki, vətəndaşlar tərəfindən davamlı şəkildə daxil olmuş müraciətlər əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Ağaəmi Rəhimov küçəsində yerləşən Şəxs Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilən qurğuya yerli baxış keçirilmiş və müəyyənləşdirilmişdir ki, qurğunun istismar qaydaları pozulmuş, nəticədə qurğu çirkab suyunu təmizləmədən ətraf mühitə axıtmışdır. Buna görə də Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində MN seriyalı 1764327-344 nömrəli, 08 sentyabr 2023-cü il tarixli protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 237.2, 264.0.1 və 266.2-ci maddələrində nəzərdə tutulan inzibatı xətaları törətməkdə təqsirli bilinib barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş MN seriyalı 1764327-344 nömrəli, 08 sentyabr 2023-cü il tarixli protokol əsassızdır. Belə ki, protokolda qurğunun istismar qaydalarının pozulması göstərilsə də, konkret olaraq hansı istismar qaydasının pozulması vurğulanmamışdır. Qeyd edilən qurğu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin balansından Şəxs Açıq Səhmdar Cəmiyyətinə 2013-cü ildə təhvil verilmişdir. Həmin qurğu onlar tərəfindən planlanmamış və inşa edilməmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi norma və qaydalarını, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarını pozmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İXM-nin 237.2 və 266.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş X6 Monitoring İdarəsi tərəfindən Xəzər rayonu, AZ 1046, Qala qəsəbəsi, Şamil Əzizbəyov d/yol stansiyası "xxxx" Əməliyyat Şirkətinin ərazisindəki qarışıq sulardan götürülmüş su nümunələri üzərində aparılmış təhlillərin nəticələrinə dair xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində X6 Monitoring İdarəsinin əməkdaşları tərəfindən Xəzər rayonu Az 1046, Qala qəsəbsi, Şamil Əzizbəyov d/yol stansiyası Tağıyev Əməliyyat Şirkətinin ərazisində monitorinqlər keçirilmiş və su nümunələri götürülmüşdür. Nümunələr üzərində kimyəvi, mikrobioloji və ekotoksikoloji təhlillər aparılmışdır. "xxxx" Əməliyyat Şirkətinin "Buzovna Məştağa" mədən ərazisindəki göldən götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az, X3 (OBS5)- 10,5; ammonium ionu-7,6 və X9 Maddələr (SSAM)-1,7 dəfə yol verilən qatılıq həddindən artıq, mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı-8 690 000 ədəd/litr, enterokokların miqdarı-650 000 ədəd/litr və şərti xəstəliktörədən bakteriyaların miqdarı-8 040 000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə zəhərli təsirə malik olmuşdur. "İqlim" çirkab sutəmizləyici qurğusunun çıxışından götürülmüş su nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə həll olmuş oksigenin miqdarı yol verilən qatılıq həddindən az, ammonium ionu-50,0; X3 (OBS5)- 36,2 və X9 Maddələr (SSAM)- 1,9 dəfə yol verilən qatılıq həddindən artıq, mikrobioloji təhlillərin nəticəsinə görə nümunə çirkli müəyyən edilmişdir. Bağırsaq çöpü bakteriya qrupunun miqdarı-9 020 000 ədəd/litr, enterokokların miqdarı-1 700 000 ǝdǝd/litr və şərti xəstəliktörədən bakteriyaların miqdarı-8 730 000 ədəd/litr təyin edilmişdir. Ekotoksikoloji təhlillərin nəticəsinə görə nümunə kəskin zəhərli təsirə malik olmuşdur. Məhkəmə tərəfindən yerli baxış keçirilərkən müəyyən olunmuşdur ki, həqiqətən həmin ərazidə qurğu istismar edilmir və ətraf mühitə, suya çirkab sular axıdılmışdır. İş materiallarında olan fotoşəkillərdən də görünür ki, ərazidə çirkab su gölməçələri mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qırşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 237.2-ci maddəsinə əsasən Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləlilklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Ağəmi Rəhimov küçəsində yerləşən çirkab suların təmizlənməsi üçün nəzərdə tutulan təmizləyici qurğunun işlək vəziyyətdə olmaması, qurğunun istismar qaydasının pozulması, qurğuya daxil olan çirkab suların təmizlənmədən ətraf mühitə axıdılması ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş müraciətlər əsasında idarənin əməkdaşları tərəfindən Ağəmi Rəhimov küçəsində yerləşən təmizləyici qurğuya və onun ətraf ərazilərinə baxış keçirilmişdir. Baxış zamanı qurğunun istifadəyə yarasız vəziyyətdə olması, onun istismar qaydalarının pozulması, qurğuya daxil olan çirkab suların təmizlənmədən ətraf mühitə axıdılması nəticəsində gölməçə və antisanitar vəziyyət yarandığı müəyyən olunmuşdur. Bununla bağlı fotoşəkillər tərtib olunmuşdur. Həmin sənədlə əsasında isə Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2, 264.0.1 və 266.2-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli, 08 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin eyni ərazidə, yəni Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, Ağəmi Rəhimov küçəsində yerləşən qurğuyla əlaqədar daha əvvəl də işlək vəziyyətdə olmaması, qurğuya daxil olan çirkab suların təmizlənmədən Buzovna-Maştağa yolunun kənarında çöllük əraziyə axıdılması aşkar olunduğu üçün «Azərsu>> Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 va 266.2-ci maddələrində göstərilən inzibati xətanı törətməsinə dair 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MN seriyalı 1494100/171 nömrəli, 11 oktyabr 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(003)-1124/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə "xxxx" ASC Azərbaycan Respublikasının İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2797/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-1124/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2 və 266.2-ci maddələri ilə təqsirli bilinməli, lakin eyni vaxtda öz hərəkətləri ilə iki inzibati xəta törətdiyindən və həmin xətalara baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3- cü maddəsinə əsasən barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddənin tərkib əlamətinə əsasən söhbət su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları olmayan müəssisələrin istismar edilməsindən gedir. Lakin inzibati xəta haqqında protokoldan görünür ki, həmçinin keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ərazidə Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan hər hansı müəssisə yoxdur və belə olan halda müəssisənin istismar olunmasından söhbət gedə bilməz. Beləliklə, bütün qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2 və 266.2-ci maddələri ilə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə 20000 (iyirmi min) manat məbləğində cərimə edilməli, Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görǝ həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2 və 266.2-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görǝ həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-34/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-34/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver