Məhkəmə qərarları › İş №3(003)-35/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-35/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-35/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkbərov Tərlan Xanəli oğlu, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1989-cu il tarixdə Lerik rayonu Bibiyanı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, Lerik rayonu Bibiyanı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 333.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şəxs 19 noyabr 2020-ci il tarixdə “Opel Astra” minik markalı “**-RS-***” dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində sərxoş vəziyyətdə idarə etmişdir. Hadisə ilə bağlı Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti baş inspektoru polis leytenantı X1 tərəfindən 19 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 19 noyabr 2020-ci il tarixdə avtomobili Qala qəsəbəsi ərazisində sərxoş vəziyyətdə idarə edərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı içkili olduğu məlum olmuşdur. Bu səbəbdən barəsində protokol tərtib edilmişdir. Əməlindən peşmandır, idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaqla ailəsinin maddi ehtiyaclarını qarşılayır və nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılacağı onun ailəsinin maddi durumuna mənfi təsir göstərəcəkdir. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan 18 noyabr 2021-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 1,488 promil olması (saat 07:58) aşkar edilmişdir. İş materiallarına olan 1/2987 №-li, 19 noyabr 2020-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,00 promil olması aşkar edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs həmin protokolda “söz verirəm ki, bir daha spirtli içkinin təsiri altında maşın sürməyəcəm, alkotesterin nəticəsini gördüm, həkimə getməyə ehtiyac yoxdur” sözlərini yazaraq avtomobili sərxoş vəziyyətdə idarə etməsini etiraf etmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs həmin hissədə əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X3 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olduğu iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta üzrə işə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından, həmin hissədə onun əməlinə qiymət verilməsi üçün material Bakı şəhər BPİ X3 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar