Məhkəmə qərarları › İş №3(003)-355/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-355/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-355/2021 08.02.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin (bundan sonra mətndə Xəzər RPİ 3-cü PB-nin) sahə inspektoru, polis mayoru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qaradağ RPİ-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx xxxxxx 2021-ci il tarixdə Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən, Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsində nömrəsiz fərdi evdə yaşayan X1 RPİ 3-cü PB-nə ərizə ilə müraciət edərək uzun müddətdir ki, dəfələrlə adını bilmədiyi şəxs tərəfindən müdir işlədiyi “Araz” marketdə müxtəlif məhsulların, o cümlədən yağların oğurlanması faktını video müşahidə kameralarınında aşkar etmişdir. xx xxxxxx 2021-ci il tarixdə Şəxs marketə gəlmiş və 80 (səksən) manat dəyərində “West-Gold” yağını oğurlayan zaman mühafizəçilər tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilmişdir. Bundan əlavə, xx xxxxxx 2021-ci il tarixdə Polis bölməsində Şəxs narkotik vasitə qəbul edib-etməməsinin müəyyən edilməsi üçün o, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş və alınmış xx xxxxxx 2021-ci il tarixli 378 №-li akta əsasən onun sidiyində OPİ(+), AMP(+) və MET (+) preparatları aşkar edilmişdir. Xəzər RPİ 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Nihad Mustafayev tərəfindən xx xxxxxx 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasında protokolları tərtib etmiş şəxs - Xəzər RPİ 3-cü PB-nin sahə inspektoru, polis mayoru X6 tərtib edilmiş protokolların məzmunlarına uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf edərək göstərdi ki, o, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Binə qəsəbəsində yerləşən böyük marketlərdən mütəmadi olaraq oğurluq edib, oğurladığı məhsulları sataraq narkotik vasitə əldə edirmişdir. Sonuncu dəfə xx xxxxxx 2021-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Araz” marketə daxil olub oradan yağ oğurlayıb gödəkçəsinin içində gizlədərək marketdən çıxan zaman market mühafizəçiləri tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilmiş, oğurladığı yağlar ondan alınaraq marketə qaytarılmışdır. Əməlindən peşmandır. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qaradağ RPİ-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 02 (iki) ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdə saat 17:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar