Məhkəmə qərarları › İş №3(003)-356/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-356/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-356/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Şəxs barəsində Bakı şəhəri BPİ X4 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Bakı şəhəri BPİ DYPİ-nin yol-patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən 08 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 dekabr 2020-ci il tarixdə “Toyota Corolla” minik markalı **-MA-*** qeydiyyat nişanlı avtomobili sərxoş halda avtomobili idarə etmişdir. Bakı şəhəri BPİ X4 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə tərtib edilmiş 08 dekabr 2020-ci il tarixli, İXP ******* saylı protokol baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. 12 aprel 2021-ci il tarixdə qeyd olunan qərardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X4 İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-356/2021 saylı, 06 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta törətmiş Şəxs və Bakı şəhəri BPİ X4 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs və Bakı şəhəri BPİ X4 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər və onlar işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Şəxs və Bakı şəhəri BPİ X4 İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, 08 dekabr 2020ci il tarixdə, saat 08:27-də idarə etdiyi “Toyota Corolla” minik markalı, **-MA-*** dövlət nömrə nişanlı avtomobillə Buzovna-Maştağa yolu ilə Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən YPX əməkdaşı onun idarə etdiyi avtomobili saxlamışdır. YPX əməkdaşı alkotesterlə onun sərxoşluq vəziyyətini yoxlamış və içkili olduğunu bildirmişdir. O, alkotesterlə razı olmadığını və axşam 150 qram araq içdiyini bildirdikdə, YPX əməkdaşı protokola 150 qram içdiyini, alkotesterin göstəricisi ilə razı olduğunu, bir daha bu halda avtomobili darə etməyəcəyini və həkimə getməyə ehtiyac olmadığını yazacağı təqdirdə ona protokol tərtib etməyəcəyini demişdir. O da YPX-nın əməkdaşının dediyi kimi protokola yazmışdır. Sonra YPX-nın əməkdaşı avtomobili cərimə meydançasına apardığı üçün, o, bununla razı olmamış və dərhal sonra özü Respublika Narkoloji Mərkəzinə yaxınlaşaraq sərxoşluq müayinəsi aparılmasını xahiş etmişdir. Həkim tərəfindən 08 dekabr 2021-ci il tarixdə saat 10:05 radələrində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə nəticəsində onun ayıq olması aşkar olunmuş və 1/5307 saylı, protokol ilə rəsmiləşdirilmişdir. Hesab edir ki, onun barəsində inzibati xəta haqqında protokol aldatma yolu ilə qərəzli şəkildə tərtib edilmişdir. Etiraf formada izahat yazdığı üçün səhv etmişdir, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarına olan 08 dekabr 2020-ci il tarixli Sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisindən görünür ki, Şəxs alkoqol sərxoşluğu 1,371 promil olması (saat 08:24) aşkar edilmişdir. İş materiallarına olan 08 dekabr 2021-ci il tarixli, 1/5307 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğu 0,00 promil və ayıq olması (saat 10:05) aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş “Respublika Narkoloji Mərkəzi” X2 16 avqust 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Şəxs 08.12.2020-ci il tarixdə, saat 10:05 radələrində yuxarıda adı göstərilən mərkəzdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinəsinin nəticəsi ilə 08.12.2020-ci il tarixdə, saat 08:24 radələrində xüsusi texniki vasitə ilə müəyyən edilmiş 1,371 promil alkoqolun konsentrasiyası ilə uyğun olmaması normal haldır. Nəzərə alsaq ki, orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarı orta hesabla 1 saata 0,20-0,40 promil təmizlənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 08 dekabr 2021-ci il tarixdə tarixdə “Toyota Corolla” minik markalı **-MA-*** qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Bağlar yolunda hərəkətdə olarkən saxlanılmış, onun içkili olub-olmamağını üçün “alkotester” adlanan aparatla yoxlanılmış, yoxlama zamanı sərxoş halda avtomobili idarə etməsi məlum olmuşdur. Bundan sonra, Şəxs protokola “150 qram araq içdiyini, alkotesterin göstəricisi ilə razı olduğunu, bir daha bu halda avtomobili darə etməyəcəyini və həkimə getməyə ehtiyac olmadığını” sözlərini qeyd etmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs sonradan saat 10:05-də Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi”nə müraciət edərək müayinədən keçmiş və ayıq olması aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində tərtib edimiş 08 dekabr 2021-ci il tarixli, İXP ******* saylı protokol əsaslıdır. Belə ki, sərxoşluğun müəyyən edilməsi üçün alkotester adlanan aparatın göstəricisində Şəxs sərxoş olması müəyyən edilmişdir. Eyni zamanda Niyaməddin Məhərrəmov özü içkili olduğunu etiraf edərək izahat yazmışdır. Qeyd edilən ziddiyyətli hallar isə hər iki müayinə arasında olan zaman kəsimi ilə bağlıdır. Belə ki, ilk müayinə 08:24-də, sonrakı müayinə isə 10:05-də keçirilmişdir. Sonuncu müayinə zamanı Şəxs alkoqolun aşkar edilməməsi hər saatda alkoqolun miqdarının 0,20-0,40 promil düşməsi ilə əlaqədardır. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə görə Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulur. Azərbaycan Respublikasının İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsulliyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. İnzibati xətanın sərxoş vəziyyətdə törədilməsi Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinin dispozisiyasında tövsifedici əlamət kimi nəzərdə tutulduğundan, Şəxs sərxoş halda inzibati xəta törətməsini məhkəmə məsuliyyəti ağırlaşdıran hal hesab etmir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1967-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Fövqəladə Hallar Nazirliyində müfəttiş vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar