Məhkəmə qərarları › İş №3(003)-361/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-361/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-361/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 20 yanvar 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş 28 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli 2(003)-2959/2019 saylı icra vərəqəsinə əsasən Şəxs Qüdirət oğlundan iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 20000 manat və qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatı məzənnəsi ilə 10000 ABŞ dolları məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs Qüdirət oğluna göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, həmin icra sənədini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, 28 fevral 2022-ci il tarixdə borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu hal-hazırda maddi imkanı zəif olduğuı üçün tam ödəyə bilməyəcəyini, ona müvafiq şərait yaradılarsa, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Hazırkı məhkəmə iclasına qədər borclu tələbkara icra vərəqəsi üzrə 500 manat ödəniş etmiş, məhkəmənin gedişində isə daha 9000 manat ödəmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, məhkəmənin gedişində borclu icra vərəqəsi üzrə borcundan 9000 manat ödəniş etmiş, lakin o, həmin məbləği hesabdan çıxarmamışdır. Bildirir ki, icra vərəqəsində göstərilən məbləğdə pul vəsaitinin uzun müddətdən bəri onun ailə büdcəsindən yayındırılması nəticəsində onun onsuz da çətin olan maliyyə vəziyyəti daha da ağırlaşmışdır. Borclunun borc məbləğini hissə-hissə ödəməklə bağlı təklifi onu qane etmir. Ona görə də icra vərəqəsi üzrə borcun tamamilə ödənilməsinə köməklik göstərilməsini, əks halda halda borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Vəkil da oxşar, eyni məzmunlu izahat verərək icra vərəqəsi üzrə borcun tamamilə ödənilməsinə köməklik göstərilməsini, əks halda halda borclu barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, qanunlara həmişə hörmətlə yanaşır, dövlətin adından çıxarılaraq qanuni qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qətnaməsini icra etməyin onun vəzifəsi olduğunu bilir, icradan yayınmır, heç bir qərəzi yoxdur və ola da bilməz. Maddi vəziyyətində yaranmış müvəqqəti çətinlikləri ilə bağlı borcunu hələlik tam ödəyə bilməmişdir, lakin borcluya pul köçürülməsindən ötrü ona verilmiş depozit hesabına məhkəmə baxışına qədər 500 manat, məhkəmə baxışı zamanı isə 9000 manat ödəniş etmiş, qalan məbləğin də yaxın vaxtlarda hissə-hissə olmaqla tamamilə ödənilməsini təmin edəcəkdir. Onu da qeyd edir ki, borcun hər ay 2000 manat olmaqla hissə-hissə ödənilməsinə razılıq verməsini tələbkara dəfələrlə təklif etmiş, o cümlədən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə etdiyi müraciətin təmin olunması barədə qərardad çıxarılmış, lakin tələbkar real vəziyyəti nəzərə almayaraq onun təklifini qəbul etməmiş, adı çəkilən qərardaddan şikayət vermiş və apellyasiya instansiyası məhkəməsi həmin qərardadı ləgv etmişdir. Halbuki, həmin qərardad əsasında müntəzəm ödəmələr edəcəkdi və edəcəkdir də. İcra sənədinin icrası ilə bağlı atdığı real addımları, hazırkı maddi vəziyyətinin imkan verdiyi məbləğdə ödəniş etdiyini nəzərə almağı və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 14 mart 2022-ci il, 28 mart 2022-ci il və 12 may 2022ci il tarixli ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs hesabına məhkəmənin gedişində 9000 manat pul köçürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs maddi vəziyyətində olan çətinlikləri ilə bağlı borcunu tam ödəyə bilməmiş, lakin məhkəmənin gedişatında borcundan 9000 manat ödəniş etmiş, qalan məbləği də yaxın vaxtlarda ödəyəcini vəd etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Qüdirət oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qüdirət oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 20 yanvar 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar