Məhkəmə qərarları › İş №3(003)-367/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-367/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-367/2022 04.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ-nin sahə sahə rəisi, polis mayoru X3, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1974-cü il tarixdə ermənistan SSR-nin stepanovan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Kəlbənd kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi 2 saylı yataqxanada yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 510-cu maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən (bundan sonra mətndə Bakı şəhəri Xəzər RPİ 2-ci PŞ) daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: 04 mart 2022-ci il tarixdə Xəzər RPİ 2-ci PŞ-nin sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Xəzər RPİ 2-ci PŞ-nin sahə rəisi, polis mayoru X4 izahatında göstərdi ki, Şəxs 03 mart 2022-ci il tarixdə sərxoş halda Gülnarə Həsənovanın yaşadığı evə gələrək onun ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 göstərdi ki, o, bir neçə ildir ki, Şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətindədir. Ötən illər ərzində Namik mütəmadi olaraq spirtli içki içib ona qarşı zorakılıq etmiş, lakin o, ailəsini qoruyub saxlamaq xətrinə ondan şikayət etməmişdir. 2004-cü ildə Namik qəsdən adam öldürdüyünə görə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Namik azadlığa çıxdıqdan sonra mütəmadi olaraq onu döyüb-söymüş, ləyaqətini alçaltmışdır. Onlar münaqişəli ailə kimi polisdə qeydiyyata gptürülmüşlər. Namikin barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəmədə cinayət işi olmuş, lakin o, Namik ilə barışdığına görə həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Lakin buna baxmayaraq, Namik ona qarşı zorakı hərəkətlərini davam etdirdiyinə və 26 fevral 2022-ci il tarixdə adəti üzrə onu yenə sərxoş halda döyüb-söydüyünə görə o, Namikdən ayrılmaq qərarına gəlmiş və bir daha onun evinə gəlməməsini deyərək onu evdən çıxarmışdır. 03 mart 2022-ci il tarixdə Namik yenə sərxoş halda onlara gələrək ona məxsus bəzi əşyaların və bir neçə taxtanın onlarda qalması bəhanəsilə evə girmək istəmiş, lakin o, buna imkan verməyərək evin qapı-pəncərəsini bağladığı üçün evə girə bilməyən Namik hardansa bir balta və bıçaq gətirərək evin ətrafında söyüş söyə-söyə dolaşmış, qapı və pəncərəyə müxtəlif zərbələr vurmuş, onu və ailəsini öldürməklə hədələmiş, bu mənzərəni növbəti dəfə görən qonşular narahat olmuşlar. O da məcbur qalaraq polisə şikayət etmişdir. Bütün bunların nəzərə alınaraq Namikə törətdiyi əməlinə görə ağır inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, Buzovna qəsəbəsi R.Axundov küçəsi 2 saylı yataqxanada 4 il müddətdir ki, Gülnarə Həsənovaya məxsus evdə onunla birlikdə qeyri rəsmi ər-arvad kimi yaşayır. Son vaxtlar aralarında tez-tez mübahisələr yaranır. 03 mart 2022-ci il tarixdə Gülnarənin ona “evə gəlmə” deməsindən sonra aralarında mübahisə yaranmış, daha sonra isə Gülnar ondan polisə şikayət etmişdir. Bir qədər sonra oraya gələn polis əməkdaşları onu Polis Şöbəsinə aparmış, orada o, baş verənlər barədə izahat verərək əməlini və sərxoş olmasını etiraf etmişdir. Polis əməkdaşları onun sərxoş olub-olmamasını yoxlamaqdan ötrü onu həkim müayinəsinə göndərmiş, həkimlər tərəfindən onun orta sərxoş halda olması müəyyən edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi izahata tənqidi yanaşaraq qeyd edir ki, onun izahatı, zərərçəkmiş şəxsin ifadəsi və iş materialları ilə təkzib edildiyindən, bu məzmunda izahat verməklə o, özünü müdafiə etmək, inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə Şəxs əməlini etiraf etməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, onun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarına olan 1/419 №-li, 04 mart 2022-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs sərxoşluğunun yüngül dərəcəli olması müəyyən edilmişdir. İş materiallarında olan 04 mart 2022-ci il tarixli AZA 016849 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs 04 mart 2022-ci il tarixdə saat 04:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli 04 mart 2022-ci il tarixdə saat 04:00dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxx 1974-cü il tarixdə ermənistan SSR-nin stepanovan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Kəlbənd kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.Axundov küçəsi 2 saylı yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 04 mart 2022-ci il tarixdən saat 04:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar