Məhkəmə qərarları › İş №3(003)-371/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-371/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-371/2023 30.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəxs 05 avqust 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 30 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-3228/2021 saylı, 25 avqust 2021-ci il tarixli icra sənədinin və 25 saylı notariat ofisinin 04 mart 2021-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 göstərdi ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-3228/2021 saylı, 25 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 1187,5 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq Bank "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 02 noyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 11 may 2022-ci il tarixdə borclunun barəsində axtarış elan olunmuşdur. Bundan başqa 25 saylı notariat ofisinin 04 mart 2021ci il tarixli icra qeydinə əsasən Şəxs 1710 manat 34 qəpik borc və 20 manta dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi icra şöbəsinə daxil olduqdan sonra 12 mart 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra sənədi üzrə yaşadığı ünvana göndərilmişdir. Borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından həmçinin 09 yanvar 2023-cü il tarixdə borclunun barəsində axtarış elan olunmuşdur. Borclu hər iki icra sənədi üzrə tələbkara olan borcundan hal-hazıradək heç bir ödəniş etməmişdir. Öz hərəkətləri ilə Şəxs qeyd olunan icra sənədinin üzürsüz səbəbdən icrasından qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, heç bir yerdə işləmədiyindən ailəsini atası dolandırır. Özünün imkanı olduqca az da, olsa ödənişlər etmiş, lakin "xxxx" ASC-nə ödədiyi ödənişlərin qəbzlərini itirmişdir. Fevral ayından etibarən hər iki tələbkara olan borcundan ödəniş edəcəkdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən əlamətlər olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibi yaradır. İş materiallarına əlavə olunmuş 25 saylı notariat ofisinin 04 mart 2021-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 1710 manat 34 qəpik borc və 20 manta dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)- 3228/2021 saylı, 25 avqust 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs cəmi 1187,5 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq Bank "xxxx" ASC-nə ödənilməlidir. İş materiallarında olan 11 may 2022-ci il tarixli və 09 yanvar 2023-cü il tarixli qərarlardan görünür ki, borclu Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, borclu Şəxs işləmədiyi üçün tələbkara olan borcundan ödəniş edə bilməmişdir. O, icra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırmamışdır. Məhkəmə hesab edir ki, borclu Şəxs 25 saylı notariat ofisinin 04 mart 2021-ci il tarixli və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-3228/2021 saylı, 25 avqust 2021-ci il tarixli icra sənədlərinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır və onun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 115-ci, 117-ci, 128-ci və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar