Məhkəmə qərarları › İş №3(003)-377/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-377/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-377/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında 00100-0352/22 nömrəli, 24 fevral 2022-ci il tarixli protokola əsasən Şəxs MMC Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mallara dair həmin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından AX9818HB/AX2241XO nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********2573 sorğu nömrəli, 16 fevral 2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilərək Azərbaycan Respublikasının ərazisinə gətirilmişdir. Lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İnzibati xəta törətmiş Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta törətmiş Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs MMC Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş mala dair həmin mal gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsini verməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar