Məhkəmə qərarları › İş №3(003)-380/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-380/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-380/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin 29 yanvar 2022ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 29 yanvar 2022ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 yanvar 2022-ci il tarixdə, saat 16:00 radələrində şikayətçinin idarə etdiyi “Opel Astra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayonu ərazisində, Aeroport- Mərdəkan yolunun Bolluq adlanan ərazidən keçən hissəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında şəhər istiqamətində hərəkətdə olarkən telefonunun üzərində olmadığının fərqinə varmış və avtomobilini yolun sağ tərəfində saxlayaraq qəza işıqlarını yandırmış, daha sonra isə yolun boş olduğunu görüb avtomobili arxaya vermişdir. Bu zaman arxadan Renault markalı avtomobilin sürətlə gəldiyini görüb öz avtomobilini yenidən irəliyə hərəkət etdirmiş və təxminən 5-10 metr irəli sürdükdən sonra, elə irəliyə doğru hərəkətdə olan zaman Renault markalı avtomobil arxadan onun idarə etdiyi avtomobilə dəyərək qəza törətmişdir. Qəza nəticəsində heç bir xəsarət alan olmamışdır. Hadisə yerinə gələn DYPİ-nin inspektoru Nicat Cəlilov şikayətçinin sənədlərini alaraq şikayətçini polis idarəsinə dəvət etmişdir. Polis idarəsində inspektor birtərəfli araşdırma apararaq heç bir günahı olmadığı halda şikayətçini İXM-nin 327.1 və 332.1-ci maddələri ilətəqsirli hesab edərək. onun barəsində 29 yanvar 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Araşdırma zamanı polis inspektoru yol-nəqliyyat hadisəsinin Aeroport-Mərdəkan yolunda işıq dirəklərində quraşdırılmış 117-118 saylı kameraların yaxınlığında baş verdiyini və şikayətçinin guya geriyə hərəkət edərək digər avtomobili vurduğunu bildirmişdir. Şikayətçi təkidlə qəzanın baş verməsində hər hansı təqsirinin olmadığını, qəza baş verən zaman onun irəliyə doğru hərəkətdə olduğunu bildirsə də və həmin ərazidə olan kamera görüntülərinə baxılmasını tələb etsə də polis əməkdaşı kamera görüntülərini ona göstərməmiş və qəzanın baş verməsində onun təqsirli olduğunu qəti şəkildə bildirmişdir. Şikayətçi protokolun bir surətinin ona verilməsini tələb etsə də, protokolun surəti ona verilməmişdir. Daha sonra 03.02.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək onun iştirakı ilə və kamera görüntülərinə baxılmaqla baş vermiş yol-nəqliyyat hadisəsinin düzgün araşdırılmasını xahiş etmişdir. Müraciəti ilə bağlı yenidən idarəyə dəvət olunsa da yenə də kamera görüntüləri ona göstərilməmiş və heç bir araşdırılma aparılmadan onun təqsirli olunduğu bildirilmişdir. Bu günədək onun müraciətinə heç bir rəsmi cavab verilməmişdir.Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin inzibati tənbeh vermə haqqında 29 yanvar 2022-ci il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X2 Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə verdiyi izhatdan görünür ki, V.Şahverdiyev 28 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətindən mərkəz istiqamətinə hərəkətdə olarkən yolun sağında avtomobilin qəza işıqlarını yandırıb arxaya 50 metr hərəkət etdikdən sonra avtomobili saxlamış, saxladıqdan sonra “Renault” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil gələrək onun avtomobilini arxadan vurmuşdur. İş materiallarına əlavə edilmiş X3 Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə verdiyi izhatdan görünür ki, B.Bağırov 28 yanvar 2022-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi Renault” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi istiqamətindən mərkəz istiqamətinə hərəkətdə olarkən yolun sağında arxaya hərəkətdə olan “Opel Astra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobil ilə toqquşmuş və nəticədə onun idarə etdiyi avtomobilə 3000 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin 29 yanvar 2022-ci il tarixli, TP ******* saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci madəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi onun tərəfindən ona istinad edilən inzibati xətaları törətmədiyini qeyd edərək adıçəkilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan hər iki şəxsin, həm hazırki iş üzrə X1 həm də X3 Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə verdikləri izahatlarda inzibati xətanın özlərinin deyil qarşı tərəfin törətdiyini qeyd etmişdirlər. Göründüyü kimi hər iki şəxsin izahatlarında ziddiyət mövcüddur. Lakin bu hala baxmayaraq araşdırma aparmış orqan yalnız şəxslərin izahatları ilə kifayətlənərək V.Şahverdiyevi inzibati xətanı törətməkdə təqsirli hesab etmişdir. Araşdırma aparmış orqan həmin ərazidə yerləşdirilmiş “Təhlükəsiz şəhər” videomüşahidə kameralarına baxış keçirmədən bu qənaətə gəlmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş inzibati tənbeh vermə haqqında 29 yanvar 2022-ci il tarixli, TP ******* saylı qərarda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin maddələr ilə 40 manat məbləğində cərimə edildiyi qeyd edilsə də, inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş inzibati tənbeh vermə haqqında 29 yanvar 2022-ci il tarixli, TP ******* saylı qərarda V.Şahverdiyevin yalnız İXM-nin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyi göstərilmişdir. Göründüyü kimi eyni inzibati xəta hadisəsi barədə eyni tarixli və eyni nömrə altında fərqli qərarlar mövcüddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə qəbul edilmiş 29 yanvar 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən yenidən araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin 29 yanvar 2022-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinə geri qaytarılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar